İlham Əliyev: "Azərbaycan ali, Ermənistan isə üçüncü liqadadır"

Son zamanlar Ermənistanın Baş naziri ölkəsini tez-tez Azərbaycanla müqayisə edir və Ermənistanın Azərbaycanı bir çox parametrlər üzrə qabaqladığını söyləyir, amma bu fərziyyənin heç bir əsası yoxdur, prezident İlham Əliyev deyib.

"İdman dili ilə desək, Azərbaycan ali, Ermənistan isə üçüncü liqadadır və getdikcə bu fərq daha da böyüyəcək" - Prezident İlham Əliyev bunu yanvarın 13-də keçirdiyi 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə söyləyib.

İlham Əliyev deyib ki, əksinə, Azərbaycan Ermənistanı ordu, ÜDM, valyuta ehtiyatları, xarici ticarət dövriyyəsi, sərmayə qoyuluşu, əməkhaqları və pensiyalar, məhkəmə azadlığı və digər göstəricilərə görə üstələyir.

"Bilirsiniz, əvvəllər mən Azərbaycanı heç bir ölkə ilə heç vaxt müqayisə etməmişəm. Biz işimizi kimisə qabaqlamaq üçün görmürük. Biz işimizi Azərbaycan xalqı, dövləti naminə görürük, sadəcə olaraq, məcbur olub Ermənistanın növbəti yalanlarını ifşa etmək üçün bu müqayisəli təhlili sizə və Azərbaycan xalqına təqdim etdim".

"Sürpriz olmasın"

İlham Əliyev deyib ki, banklara 2 milyard manat resurs verilməsinə baxmayaraq, biznes kreditlərinin yox, istehlak kreditlərinin üstünlük təşkil etməsi "təhlükəli tendensiya ola bilər".

O söyləyib ki, "bank sektorunda heç bir sürpriz" olmamalıdır:

"Bu il onların fəaliyyətinə, kreditlərin verilməsinə çox güclü nəzarət olmalıdır. O cümlədən şübhəli kreditlərin verilməsi ilə bağlı mexanizm olmalıdır ki, biz artıq hadisə baş verəndən sonra yox, bəri başdan bunun qarşısını ala bilək".

Prezident qeyd edib ki, manatın məzənnəsinin üç ildən çoxdur ki, sabit qalması, iqtisadiyyatın möhkəmlənməsi, tədiyə balansının saldosunun 6 milyard dollar olması göstərir ki, "heç bir təhlükə yoxdur".

"Nəzarət elə olmalıdır ki, sürpriz olmasın və Mərkəzi Banka verilmiş yeni səlahiyyətlər hesab edirəm ki, bu məsələnin həllinə köməklik göstərə bilər".

"Məcbur qaldıq..."

İlham Əliyev deyib ki, o, dövlətin investisiya xərcləri kəskin aşağı düşdüyü zaman işsizliyin qarşısının alınması üçün ictimai ödənişli iş yerləri ilə bağlı təşəbbüs irəli sürüb və bu, məcburiyyət qarşısında edilib.

Buna səbəb isə neftin qiymətinin dəfələrlə aşağı düşməsi, dövlət gəlirlərinin azalması, büdcə və investisiya proqramındakı ixtisarlar olub.

Prezident bu proqramın icrasında "çox böyük pozuntulara" rast gəldiyindən təəssüflənib.

"Xüsusilə yerli icra orqanları tərəfindən vicdansızcasına bu vəsaitin talanması və ödəniş kartlarının yığılması, ondan sonra oradan pulun çəkilməsi, yaxud da öz yaxın adamlarının, bu işlərlə qohumlarının təmin edilməsi, əlbəttə ki, dözülməz faktdır və buna görə artıq bu pozuntulara yol verən şəxslər cəzalandırıldı və bu işlər davam etdiriləcək. Bu, hər kəsə dərs olmalıdır".

İlham Əliyev söyləyib ki, bu proqramda pozuntulara "ümumiyyətlə imkan olmayan" mexanizmin yaradılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırıq verib.

"Əmlak sığortası sahəsində böyük boşluqlar var"

İlham Əliyev deyib ki, Azərbaycanda mülkiyyətin sığortalanması prosesi ilə bağlı çox böyük maarifləndirmə işləri aparılmalıdır. Onun fikrincə, "vətəndaşlar bilməlidirlər ki, evlər, əmlak sığortalanmalıdır".

"Nəzərə alsaq ki, Azərbaycanda bu sahədə böyük boşluqlar var, dövlət bütün maliyyə yükünü öz üzərinə götürübdür. Əlbəttə, bu, böyük vəsait tələb edirdi, ancaq yenə də deyirəm, vətəndaşların rahatlığı, onların rifahı, normal yaşayışı bizim üçün əsas məsələdir. Ancaq hesab edirəm ki, bu il və bundan sonrakı illərdə əmlakın sığortalanması, o cümlədən maarifləndirmə ilə bağlı çox ciddi addımlar atılmalıdır".

Prezident əlavə edib ki, əmlak sığortası ilə bağlı atılacaq addımlar haqqında vətəndaşlara ətraflı məlumat verilməlidir.

"Kobudluq və hörmətsizlik"dən şikayət

İlham Əliyev gömrük keçid məntəqələrində insanların "kobudluq və hörmətsizlik"dən şikayətləndiyini bildirib.

"Bəzi vətəndaşlar şikayət edirlər, həm yerli vətəndaşlar, həm xarici vətəndaşlar ki, kobudluq, hörmətsizlik göstərilir. Bu hallara yol vermək olmaz. Azərbaycan vətəndaşları da çox rahat keçməlidirlər və xarici qonaqlar da. Bizim sərhədlərimiz cinayətkarlar üçün, qaçaqmalçılar üçün bağlı olmalıdır, ancaq dostlarımız üçün açıq olmalıdır".

Belə halların qarşısının alınması üçün prezident yeni avadanlığın quraşdırılmasını, işçilər və vətəndaşlar arasında maarifləndirmə işlərinin aparılmasının zəruriliyini vurğulayıb.

Hakimiyyət tənqidçiləri hesab edirlər ki, hökumətin apardığı sosial-iqtisadi islahatlar ölkədə köklü dəyişikliyə gətirib çıxarmayacaq, cünki bazarda rəqabətliliyin qorunması, süni inhisarçılığın aradan qaldırılması, təhsil səviyyəsinin yüksəldilməsi, məhkəmə-hüquq sistemində ciddi islahtlara ehtiyac var.

Hakimiyyət tənqdiçilərinin fikrincə, Azərbaycan neft ölkəsi olduğundan iqtisadi imkanlarına görə Ermənistanı qabaqlaması mümkündür, amma qonşu ölkə siyasi və mətbuat azadlığına görə reytinq cədvəllərində Azərbaycanı geridə qoyur.

Freedom House təşkilatı siyasi hüquqlar və mülki azadlıqlara həsr olunan 2019-cu il hesabatında Azərbaycanı Cənubi Qafqazda yeganə "azad olmayan" ölkə kimi qiymətləndirilib.

2019-cu il Dünya İqtisadi Forumun hesabatına görə, mətbuat azadlığı indeksində 141 ölkə arasında Azərbaycan 133-cü, Ermənistan 49-cu yerdə qərar tutub.

Elə həmin hesabatda korrupsiya halları indeksində Azərbaycan 127, Ermənistan 91-ci yerdə olub. Bu siyahıya isə Danimarka liderlik edib.