You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Xədicə İsmayıl: "İlham Əliyev elə təəssürat yaratmağa çalışır ki..."
Azərbaycan hakimiyyətində iqtidarın həyata keçirmək istədiyi islahatlara qarşı çıxanlar var. Bunu prezident İlham Əliyev keçirdiyi müşavirədə deyib.
Hakimiyyət tənqidçiləri isə hesab edirlər ki, ölkədə iqtisadi və siyasi islahatların paralel və köklü şəkildə aparılmasına, o cümlədən fundamental azadlıqların müdafiə edilməsinə, ədalətli məhkəmə sisteminin fəaliyyətinə, yerli özünüidarəetmə orqanlarının gücləndirilməsinə ehtiyac var.
"Bu islahatlar onların şəxsi maraqlarına toxunur"
Çərşənbə günü keçirdiyi iqtisadi müşavirədə İlham Əliyev bildirib ki, iqtidarda "olan bəziləri də islahatlara" qarşı çıxırlar:
"Bu islahatlar onların şəxsi maraqlarına toxunur. Onlar hər vəchlə bizim işimizə əngəl törətmək istəyirlər. İslahatlara meyilli olan, yeni təfəkkürə malik kadrları qaralayırlar, o cümlədən mətbuatda. Mətbuat bir növ daxili mübarizə növünə çevrilib. Bu, dözülməzdir. Mən indi dərinə getmək istəmirəm.
Amma bildirməliyəm: bu, dözülməzdir, bir hökumətin bəzi üzvləri digər üzvləri tərəfindən şantaj edilir. Onlar ləkələnir. Prezidentin tapşırığı ilə onların apardığı islahatların üzərinə kölgə salınır. Dözülməz vəziyyətdir. Əgər kimsə hesab edir ki, biz bununla barışmalıyıq, səhv edir. Çünki islahatlara alternativ yoxdur. Kim bu yolun yolçusudursa, əlbəttə, işləyəcək. Amma kim buna qarşı çıxır və altdan-altdan bizim işimizə mane olmaq istəyir, əlbəttə ki, biz belə adamlarla bir yolun yolçusu ola bilmərik.
Ona görə bir də demək istəyirəm ki, əhali də bilsin və hər kəs mənim sözümü eşitsin. Çox güclü siyasi iradə ortaya qoyulub. Biz Azərbaycanı müasir, sürətlə inkişaf edən, şəffaflığı öz siyasətində bayraq edən ölkə kimi görmək istəyirik və buna nail olacağıq. Heç kim bu işdə bizə mane ola bilməz", prezident.az saytı yazıb.
Yeni Baş nazirin əsas vəzifəsi
Bu ilin 9 ayının iqtisadi yekunlarına həsr olunmuş müşavirədə prezident bu müddətin sosial-iqtisadi göstəricilərini müsbət qiymətləndirib, "qeyri-neft sektorunun inkişafı ilə bağlı atılan addımların öz bəhrəsini" verdiyini" deyib.
Onun sözlərinə görə, ölkədə inflyasiya 2 faizdən bir qədər artıqdır: "Nəzərə almalıyıq ki, bu il çox ciddi və böyük sosial paket reallaşdı - 4 milyon 200 mindən çox insanın maddi vəziyyəti yaxşılaşdı, pensiyalar, əməkhaqları, müavinətlər artırıldı. Yəni, bu məqsədlər üçün milyardlarla manat vəsait xərclənib və bu vəsait sosialyönümlü istiqamətə nəzərdə tutulurdu.
Buna baxmayaraq, inflyasiya çox aşağı səviyyədədir. Bu, çox yaxşı göstəricidir. Əhalinin gəlirləri yenə də inflyasiyanı əhəmiyyətli dərəcədə üstələyir".
Prezident yenicə təyin etdiyi Baş nazir Əli Əsədovun uzun illər onun köməkçisi olduğunu vurğulayıb və əlavə edib ki, Əli Əsədovun qarşısında qoyulan əsas vəzifə iqtisadi artımı "daha da yüksək rəqəmlərə qaldırmaq" və islahatları davam etdirməkdir.
"Onun qarşısına vəzifə qoydum ki, islahatlar aparılmalıdır, o cümlədən kadr islahatları. Müasir dünyagörüşlü, müasir iqtisadiyyatı bilən, savadlı gənc kadrlar işə cəlb edilməlidir. Biz XXI əsrdə yaşayırıq, köhnə təfəkkürlə, köhnə biliklərlə gələcəyə necə gedə bilərik? Nə qədər biz təbii resurslara arxalanaraq, necə deyərlər, belə ətalət yolu ilə gedə bilərik?", dövlət başçısı vurğulayıb.
"Qara mühasibatlığı olanlar var"
İlham Əliyev deyib ki, hələ də bir çox şirkətlər vergiləri tam ödəmirlər. "Onların qara mühasibatlığı var. Bəzi şirkətlərdə işləyənlər orada qeydiyyata alınmır. Düzdür, son müddət ərzində on minlərlə iş yeri rəsmiləşdirildi və beləliklə, qara bölgədən ağ bölgəyə transfer olundu. Amma bu, kütləvi xarakter daşımalıdır. Bir çox özəl şirkətlər vergiləri hələ də tam həcmdə ödəmir və ikili mühasibat saxlayır".
Prezident bildirib ki, vergi orqanları, digər hüquq-mühafizə orqanları bu tipli "dırnaqarası sahibkarlara" qarşı çox ciddi tədbirlər görməlidirlər:
"Bir çox hallarda eşidirik ki, bizdə standartlar, meyarlar Avropa standartlarına uyğun olmalıdır. Avropa ölkələrində vergisini ödəməyənə hansı cəza verilirsə, biz də onlardan nümunə götürməliyik. Ona görə vergidən yayınmaq çox ciddi nəticələrə gətirib çıxarmalıdır".
"Büdcədə şişirdilmiş rəqəmlər"
İlham Əliyev deyib ki, hər ilin sonunda büdcə müzakirə olunarkən, dövlət qurumlarından sifarişlər göndərilir: "Özü də orada şişirdilmiş rəqəmlər öz əksini tapır, havadan götürülmüş rəqəmlər. Onlardan soruşanda ki, misal üçün bənd tikmək, yol çəkmək, kabel çəkmək bu qədər vəsait barədə rəqəmi haradan götürürsən!? Havadan.
Sonra araşdırma aparılır, görünür ki, şişirdiblər. Nəyə görə şişirdiblər? Aydın məsələdir nəyə görə. Buna da son qoyulmalıdır. Ona görə Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, - bunu təkcə onların boynuna atmaq olmaz, - hökumət də nəzarətçi kimi şişirdilmiş bütün o rəqəmləri təhlil etsinlər və real rəqəmləri müəyyənləşdirsinlər.
O rəqəmləri verənlər gərək məsuliyyət daşısınlar. Əgər bu dəfə bizim dövlət qurumlarımız, şirkətlərimiz yenə də şişirdilmiş rəqəmlər versələr, artıq özlərini ifşa etmiş olacaqlar. Hökumət əlbəttə ki, onların bütün təkliflərinə baxacaq. Amma onlar əgər şişirdilmiş rəqəmləri versələr, öz cəzalarını alacaqlar. Ona görə zəhmət çəkib normal işləsinlər və pis vərdişlərdən əl çəksinlər. Beləliklə, biz büdcəyə böyük qənaət edərik, maaşların, pensiyaların artırılmasına imkan yaradarıq və şəffaflığı təmin edə bilərik".
"İlham Əliyev elə təəssürat yaratmağa çalışır ki..."
Müstəqil iqtisadçılar, hakimiyyət tənqidçiləri yerli mətbuata açıqlamalarında dəfələrlə vurğulayıblar ki, Azərbaycanda son illərdə iqtidarın təklif etdiyi iqtisadi-sosial islahatlar cəmiyyətdə sosial rifahın yüksəldilməsinə təsir edə bilmir, bu islahatlar daha çox "imitasiya xarakteri" daşıyır.
Hakimiyyət tənqidçiləri hesab edirlər ki, ölkədə iqtisadi və siyasi islahatların paralel və köklü şəkildə aparılmasına, o cümlədən fundamental azadlıqların müdafiə edilməsinə, ədalətli məhkəmə sisteminin fəaliyyətinə, yerli özünüidarəetmə orqanlarının gücləndirilməsinə ehtiyac var.
Araşdırmaçı jurnalist Xədicə İsmayıl deyir ki, "İlham Əliyev elə təəssürat yaratmağa çalışır ki, ətrafındakı məmurlar onun yaxşı niyyətlərini puça çıxarırlar".
Jurnalist hesab edir ki, əgər məmurlar öhdələrinə qoyulan işləri yerinə yetirmirsə, onları vəzifəsindən azad etmək bir prezident kimi İlham Əliyevin səlahiyyətindədir.
"Prezident İlham Əliyevin dediyi o mifik islahatlar, siyasi iradələrlə bağlı özü nümunə göstərsin, əmlak və gəlir deklarasiyasını versin. Əgər ölkədə şəffaflıq olarsa, əmlak və gəlir deklarasiyası verilərsə, kommersiya şirkətlərinin reyestri ictimaiyyət üçün açıq olarsa, büdcə xərcləri ilə bağlı müfəssər məlumatlar ictimaiyyətə çatdırılarsa, onda heç bir nazir başqası haqqında mətbuata kompromat verə bilməz", o deyir.
Xədicə İsmayıl əlavə edir ki, illərlə jurnalistlər büdcə araşdırmaları apararaq bəzi dövlət layihələrində xərclərin şişirdilməsini göstəriblər, amma o vaxt bu araşdırmalar cavabsız qalırdı. "Əgər vaxtında cavab verilsəydi, ölçü götürülsəydi, bu, bəlkə başqa məmurlar üçün görk olardı", araşdırmaşı jurnalsit bildirir.
"İslahat Prezident Administrasiyasından başlanmalıdır"
Keçmiş millət vəkili Nazim Bəydəmirli düşünür ki, bəzi dövlət qurumlarında struktur islahatları zəruridir. O deyir ki, Prezident Administrasiyası kiçildilərək dəftərxana səviyyəsində saxlanmalı, Gömrük Komitəsi ləğv edilərək funksiyaları Vergilər Nazirliyinə ötürülməlidir.
"Zənnimcə, ölkə başçısı bu siqnalları ona görə verir ki, həqiqətən də islahatlar aparılması ilə bağlı əhalidə də bir ümid yaransın".
İqtisadi təhlilçi Nazim Bəydəmirliyə görə, tenderlərin şəffaflığı çox vaxt şübhə altında olub və üstəlik, dövlət idarəçiliyində "qohumbazlığa, dostbazlığa geniş yer verilib". Onun fikrincə, belə olan halda "mübarizə aparmaq mümkün deyil".
Keçmiş deputat deyir ki, hesabatın aparılması üçün, ilk növbədə "kadrlar təmiz olmalıdır".
"Məmur sistemində mütləq əksəriyyət dövlət resurslarına öz şəxsi resursları kimi baxır və təyin olunduğu vəzifəni özəlləşdirmiş kimi görürlər. Şəxsi obyektləri kimi davranırlar və ora tələbə yoldaşlarını, qohumunu, həyat yoldaşının qohumlarını vəzifəyə təyin edirlər və onlara şərait yaradırlar. Belə olan şəraitdə nəyi müzakirə edirik? İlk növbədə münasibətlər sistemini dəyişmək lazımdır", cənab Bəydəmirli qeyd edib.