Unibank hesablarından müştərilərin pulu niyə yoxa çıxıb?

Unibank bazar ertəsi axşamı müştərilərin hesablarında yaranmış problemlə bağlı heç kəsə maddi təzminat ödəməyəcək, bankdan bildirilib.

Bəzi müştərilər kartda yetərli pul olmadığından zəruri pul köçürmə əməliyyatını apara bilmədiklərindən şikayətçi olub.

Yanvarın 6-da bəzi müştərilər hesablarından pul silindiyini deyiblər.

Bankın müştərisi olan Haldun Novruzzadə BBC News Azərbaycancaya deyib ki, o, futbol matçına mərc ödənişi yatırmaq istəyərkən hesabından 349 manatın çəkildiyini görüb:

"Yarış mərc oyununda qoyacağım hesabla bitdi və mən 388 manat qazancdan məhrum oldum. Halbuki hesabımda pul olsaydı, mən bu mərci qazanacaqdım. Ona görə də bankdan kompensasiya istəyirəm".

Haldun Novruzzadə hesabından çəkilən məbləğin sonradan geriyə qaytarıldığını əlavə edib.

Unibank nə deyir?

Unibank-dan BBC News Azərbaycancaya bildirilib ki, bayram günlərində aparılan profilaktik işlərlə bağlı müəyyən texniki problemlər yaranıb. Nəticədə 100-dən artıq müştərinin bank kartının balansında dəyişiklər olub.

"Bəzi kartlardan silinmələrlə yanaşı, bir sıra müştərilərin kartlarına əlavə vəsait yüklənib. Qısa zaman ərzində məsələ həll olunub və kartların balansı bərpa edilib", bankın ictimaiyyətlə əlaqələr şöbəsindən deyilib.

Unibank-ın açıqlamasına görə, bu proses zamanı nə banka, nə də müştərilərə maddi zərər dəyib: "Maddi zərər olmadığından kompensasiyaların ödənişi nəzərdə tutulmur".

Bank serverə hər hansı haker hücumunu istisna edir və deyir ki, bu, sadəcə, qısamüddətli texniki problem idi və buna görə müştərilərindən üzr istəyib.