"EuroHome" tikinti bazarında yanğın: azı 9 nəfər xəsarət alıb

Video açılmırsa, YouTube kanalımızda izləyin.

Çərşənbə axşamı günü səhər saatlarında Bakının Binəqədi rayonunda "EuroHome" tikinti materialları bazarının ərazisində baş vermiş yanğın "artıq məhdudlaşdırılıb".

Hadisə yerində olan müxbirimizin sözlərinə görə, alov söndürülüb, amma mağazaların içərisində kiçik ocaqlar qalmaqdadır. Ətrafa güclü qara tüstü yayılır.

Səhiyyə Nazirliyi hadisə nəticəsində azı 9 nəfərin xəsarət aldığını bildirir.

100-dən çox mağazanın yanmasına səbəb olmuş yanğının səbəbləri hələlik bəlli deyil.

Yanğın təxminən 3 saat yarım davam edib.

"EuroHome" Azərbaycanın ən böyük tikinti malları satılan bazar mərkəzlərindən biridir.

Səhiyyə Nazirliyi yanğın ərazisində tüstüdən zəhərlənmiş iki nəfərin Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, bir nəfərin isə əlin kəsilmiş yarası diqnozu ilə Travmatologiya və Ortopediya İnstitutuna aparıldığını deyir.

"Ümumilikdə 6 nəfərə yerində tibbi yardım göstərilib", qurumdan BBC News Azərbaycancaya bildirilib.

Fövqəladə Hallar Nazirliyinin açıqladığı rəqəmlərə görə, 17500 kvadrat metr ərazi yanıb, 24700 kvadrat metr ərazi isə yanğından mühafizə olunub.

"İlkin vaxtlarda su çatışmazlığı var idi. Onun da qarşısını almaq üçün biz havaya üç helikopter və bir təyyarə qaldırdıq. İndiyədək 150 tona yaxın su həmin təyyarə və helikopterlər vasitəsilə yanğın yerinə tökülüb", Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev BBC News Azərbaycancaya deyib.

Etibar Mirzəyevin sözlərinə görə, 250-dən artıq canlı qüvvə hadisə yerində işləyib və yanğın yerinə 40-dan artıq yanğın texnikası, üç helikopter və bir təyyarə cəlb olunub.

Etibar Mirzəyev yanğının səbəblərinin araşdırıldığını deyib.

İnşaat Malları bazarının ərazisində 96 kvadrat metrlik ərazidə divar kağızları satan mağazanın sahibəsi Yeganə Cabbarova deyir ki, yanğından səhər 8:30-da xəbər tutub.

"Qonşu mağazadan zəng vurdular ki, mağaza yanır. Bizim mağazaya yanğın keçməmişdi. Yanğınsöndürən burda dayanmışdı, imkan vermirdilər ki, keçsin bu tərəfə. Helikopter göydən gəlir, elə bil su damızdırır. Özüdə işlədiyim firmalar bəllidir, ən bahalı mallar məndə idi bu bazarda. Malın dəyəri yoxdur. Arxası anbardır, yarısı da dükandır".

Yanan mağazanın sığortası olmayıb. Yeganə Cabbarova iddia edir ki, "bazarın yeni rəhbərliyi bazarda sığorta işini təşkil etməyib".

BBC News Azərbaycanca EuroHome rəhbərliyindən bu barədə şərh ala bilməyib.

Yanğınla əlaqədar Bakı-Sumqayıt yolunda Bakı Avtovağzalının qarşısından başlayaraq Xırdalan dairəsinə qədər avtomobillərin hərəkətində sıxlıq müşahidə olunur.

"Ekologiya postu kimi tanınan ərazidə tikinti materialları bazarına çağırışın saat 08:18-də daxil olub. Hadisə yerinə 5 Təcili Tibbi Yardım briqadası yollanıb", - Səhiyyə Nazirliyindən BBC News Azərbaycancaya bildiriblər.