Dövlət Agentliyinin təmir etdiyi yol 8 ay sonra niyə çökdü?

    • Müəllif, İlkin Həsənov
    • Vəzifə, BBC Azərbaycanca, Bakı

Video açılmırsa, YouTube-dan izləyin.

Bakının Bibiheybət adlanan ərazisində avtomobil yolunun yenicə çökmüş hissəsində təmir-bərpa işləri başlayıb.

Avtomobil Yolları Dövlət Agentliyinin (AYDA) nümayəndəsi Xəlil Göyüşov deyib ki, təmir işləri üçün təxminən 2 ay lazımdır.

Onun sözlərinə görə, yolun sürüşən hissəsi 100 metr məsafəni əhatə edir.

AYDA-nın saytında yerləşdirilmiş məlumata görə, bu yolun 350 metrlik hissəsi yeddi ay əvvəl təmir-bərpa olunub.

Həmin məlumatda göstərilir ki, təmir-bərpa işlərinə yolun hərəkət hissəsində deformasiya və çatlar səbəb olub.

Yeddi ay əvvəl aparılan təmir zamanı "350 metrlik hissədə yararsız qrunt qazılaraq çıxarılıb, əks dolğu işləri görülərək kipləşdirilib. Torpaq işləri bitəndən sonra yola yeni asfalt-beton örtüyü döşənib".

Dövlət agentliyinin rəsmisi Xəlil Göyüşov indi çökmüş yolun səkkiz il əvvəl salındığını deyir və əlavə edir ki, hər il asfalt işləri yenilənir.

Bibiheybət məscidindən şəhərə tərəf istiqamətdə yolun bir hissəsi bazar günü intensiv yağışlardan sonra çöküb.

Yolun bir hissəsi asfalt örtüyü və istinad divarı ilə birgə sürüşərək 25 metr aşağı çöküb.

Yolun bir hissəsinin çökməsi nəticəsində istinad divarı aşıb və dağıntılar altında bir avtomobil qalıb.

AYDA-nin nümayəndəsi Xəlil Göyüşov yolun sürüşməsini təbii fəlakətlə, yağış suları ilə əlaqələndirib.

Hidrometeorologiya Departamentinin məlumatına görə, noyabrın 23-ü Bakıya aylıq normanın 21 faizi həcmində yağıntı düşüb.

Bəzi iqtisadçı tənqidçilər hesab edirlər ki, yol tikintisi normativlərə uyğun aparılmayıb.

Amma Xəlil Göyüşov bununla razılaşmır, tikintidə normalara əməl olunduğunu deyir.

Hadisə yerində olan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədov BBC News Azərbaycancanın suallarına cavab verməkdən imtina edib.

Həmçinin bax:

Bibiheybət yolu
Şəklin alt yazısı, Bakının Bibiheybət adlanan ərazisində avtomobil yolunun yenicə çökmüş hissəsində təmir-bərpa işləri başlayıb.