Donald Tusk: "İlham Əliyevlə görüşdə insan haqları ilə bağlı açıq danışdım"

Şəklin mənbəyi, Azertag
Azərbaycanda rəsmi səfərdə olan Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk prezident İlham Əliyevlə görüşündə insan haqları ilə bağlı müzakirə aparıb, Donald Tusk BBC News Azərbaycancaya eksklüziv açıqlamasında deyib.
Cənab Tusk-un sözlərinə görə, Azərbaycan və Aİ arasında imzalanması gözlənən sazişdə insan haqları prioritetlərdən biridir:
"Şübhə yoxdur ki, insan haqları mənim diqqətimdədir. Mən prezident İlham Əliyevlə görüşdə bu mövzuda çox açıq idim. İnsan haqları bizim təklifimizin və gələcək müqaviləmizin əsas prioritetlərindən biridir. İnsan hüquqları ən yüksək prioritetimizdir".
Amma Donald Tusk Avropa İttifaqı ilə Azərbaycan arasında yeni sazişin nə zaman imzalanacağı ilə bağlı suala cavab verə bilməyəcəyini deyib. O əlavə edib ki, Azərbaycanda bir neçə qeyrı-hökumət təşkilatı təmsilçiləri ilə də görüşüb.
Donald Tusk çərşənbə axşamı prezident İlham Əliyevlə keçirdiyi görüşdən sonra verdiyi bəyanatda bildirib ki, prezidentlə apardığı müzakirələrdə Azərbaycanla əməkdaşlığı daha da dərinləşdirmək üçün Avropa İttifaqının hazır olduğunu bir daha təsdiq edib:
"Eyni zamanda, bizim qanunun aliliyi, insan hüquqları və əsas azadlıqlara nə qədər böyük önəm verdiyimizi vurğuladım. Avropa İttifaqı hesab edir ki, həqiqətən açıq olan cəmiyyət uzunmüddətli sabitliyin və bütün vətəndaşlar üçün yaxşı həyatın ən gözəl təminatıdır", Azərtac cənab Tusk-dan sitat gətirib.
İlham Əliyev də öz bəyanatında bildirib ki, Avropa İttifaqı ilə Azərbaycan arasında danışıqlar uğurla davam edir: "Bir çox məsələlər artıq öz həllini tapıb. Hazırda biz yaxşı tərəfdaşlıq ruhunda digər məsələlər üzərində iş aparırıq".
İlham Əliyev bildirib ki, Avropa İttifaqı ilə bağlı "bütün planlarının həyata keçiriləcəyinə ümidvardır".






