Xəzər dənizində gəmidə xəsarət alan 14 nəfər xəstəxanaya yerləşdirilib

Şəklin mənbəyi, MarineTraffic
Xəzərdə "İsrafil Hüseynov" adına gəmidə xəsarət alan 14 nəfər xəstəxanaya yerləşdirilib, Səhiyyə Nazirliyindən BBC News Azərbaycancaya deyilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib ki, "xəsarət alanların yeddisi reanimasiyada, yeddisi isə adi palatalarda müalicə alır".
Onun sözlərinə görə, yanıq xəsarətləri ilə Mərkəzi Neftçilər xəstəxanasına yerləşdirilən və reanimasiyada olan üç nəfərin vəziyyəti ağırdır.
Azərtacın məlumatına görə, mayın 8-də axşam saatlarında baş vermiş yanğın nəticəsində Xəzər dənizində "İsrafil Hüseynov" adına borudüzən gəmidə 14 nəfər xəsarət alıb.
Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin "texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarının pozulması" maddəsi ilə cinayət işi başlanıb.
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"-ə məxsus olan gəminin borudüzmə zonasında texnoloji avadanlıqların birində qəza baş veriyi bildirilir.
Məlumatda o da bildirilib ki, gəminin heyət üzvləri arasında xəsarət alan olmayıb.
Gəmi "Saipem" şirkəti tərəfindən icarəyə götürülüb və qəza baş verən ərazidə "Saipem" şirkətinin nümayəndələri çalışıb.






