"Azəriqaz": "Əhalinin 85 faizi güzəştli tarifdən istifadə edə biləcək"

Şəklin mənbəyi, Azertac
"Azəriqaz" İB-nin sözçüsü İbrahim Kərbəlayev deyib ki, bu qərarla əhalinin 85 faizi güzəştli tarifdən istifadə edə biləcək.
Tarif Şurası çərşənbə axşamı təbii qazın güzəştli məbləğlə istifadəsində tətbiq olunan illik limiti 500 kub metr artırıb. Yəni, güzəştli istifadədə illik limit artıq 2200 kub metrdir.
Bu o deməkdir ki, əhali 2200 kub metrə qədər istifadə etdiyi qazın hər kub metrinə 10 qəpik, limiti keçəndən sonra 20 qəpik ödəyəcək.
İndiyə qədər 10 qəpik ödənilən limit 1700 kub metr idi.
Tarif Şurasının bu qərarı mayın 1-dən qüvvədədir, yəni bu ilin əvvəlindən başlayan 1700 kub metrlik limitə mayın 1-dən 500 kub metr qaz əlavə olunacaq və sərfiyyat yeni limitlə hesablanacaq.
İbrahim Kərbəlayev bildirib ki, 1,5 milyondan çox abonent təbii qazı yalnız aşağı tariflərlə istifadə edir.
Yeni qərara əsasən, əlavə olaraq daha 300 minədək əhali kateqoriyasına aid abonent təbii qazı yalnız aşağı tariflərlə istifadə edəcək, o əlavə edib.
İqtisadi təhlilçi Rövşən Ağayevin fikrincə, limitin artırılması onu göstərir ki, əhalinin 70 faizi ödəmə qabiliyyəti yüksək olmayan kəsimdir.
Onun sözlərinə görə, yeni limit yoxsul ev təsərrüfatları üçün kifayət edəcək: "Bu yaxınlarda 150-dək ev təsərrüfatı arasında apardığımız sorğuların nəticəsi göstərdi ki, ümumi sahəsi 80-90 kvadratmetrədək olan kombi ilə təchiz edilmiş mənzillər üçün 2.2 min kubmetr qaz bəs etməlidir".
Rövşən Ağayev limit həddinin qaldırılmasının qiymət artımına təsirini hələlik istisna edir.
"Hökumət ölkədə 5 faiz əhalinin yoxsul olduğunu deyir, amma məlum oldu ki, ölkədə qazın 1700 kub metrdən yuxarı hissənin qiymətini ödəmək əhaliyə xeyli dərəcədə problem yaradır. Bu halda qazın limitdən yuxarı hissəsində yeni qiymət artımını real görmürəm", - o bildirib.
Tarif Şurası təbii qazın limitini son dəfə 2016-cı ildə artırmışdı. Həmin vaxt müstəqil iqtisadçılar qaz limitinin daha da artırılmasını məsləhət görmüşdülər. Təbii qazın güzəştli məbləğlə istifadəsində tətbiq olunan illik limitin artırılmasının səbəbi əhalinin 70 faizinin bu güzəştdən yararlanmasıdır.








