Azərbaycan "insanların ən az mənfi təcrübə" yaşadığı ölkədir

ABŞ-da mərkəzləşən Gallup araşdırma şirkətinin 2019-cu il Qlobal Xoşbəxtlik Araşdırmasına görə, Azərbaycan "insanların ən az mənfi təcrübə" yaşadığı ölkə sayılıb. Bu siyahıda Azərbaycanla yanaşı Qırğızıstan, Latviya, İsveç, Türkmənistan və Qazaxıstanın da adı çəkilir.
Araşdırmaya görə, vətəndaşlarının "ən az müsbət məqam yaşadığı" ölkə Əfqanıstan olub.
Praqvay isə 2015-ci ildən bəri olduğu kimi siyahıya "müsbət məqamların ən çox yaşandığı ölkə" olaraq başçılıq edir.
Araşdırmada insanların öz həyatlarını necə gördükləri və necə yaşadıqları əsas götürülüb.
2019 Qlobal Emosiya hesabatında "Gallup"-un 2018-ci ildə 140 ölkədə 151 min yetkin insan arasında keçirdiyi sorğu əsas götürülüb.
Araşdırmada xallar müsbət və mənfi məqamlara aid suallara verilən cavablar əsasında hesablanıb.
İnsanlara "müsbət məqamlar" haqda bu suallar verilib:
Dünən özünüzü yaxşı dincəlmiş hiss etdinizmi?
Dünən bütün gün sizə hörmətlə yanaşılıbmı?
Dünən çox gülümsəmiş və ya qəhqəhə atmısınızmı?
Dünən maraqlı nəsə öyrənmiş və ya etmisinizmi?
"Mənfi məqamlar" hissəsində isə insanlardan fiziki ağrı, narahatlıq, qəm, stress və ya qəzəb yaşayıb-yaşamadıqları soruşulub.
"Müsbət məqamlar"da ilk onluğa düşənlərin çoxu Latın Amerikası ölkələri olub. Siyahıda son onluğu isə Misir, Şimali Kipr, Türkiyə, Belarus və Əfqanıstan kimi ölkələr tamamlayıb.
Araşdırmanın "ən yüksək mənfi təcrübə" kateqoriyasındakı ölkələr indeksində birinci yerləri Çad, İran, İraq, Mərakeş kimi ölkələr paylaşır.
Araşdırmada o da vurğulanır ki, bu ölkələrdə insanların sorğuya cavab vermə tərzləri onların mədəniyyət xüsusiyyətlərindən irəli gələrək qeyri-obyektiv ola bilər.
"Bir öncəki gün çox hirsləndiyini deyən" ölkələr arasında Mərakeş, Fələstin, İran, İraq və Ermənistan var. Bu ölkələrdə hər 10 nəfərdən dördü çox hirsləndiyini deyib.
"Ən çox və ən az emosional ölkələr" siyahısı da hazırlanıb.
Azərbaycan digər post-Sovet ölkələri kimi "ən az emosional ölkələr" sırasında yer alıb.








