Mədəniyyət işçiləri İlham Əliyevdən nə istədi?

İlham Əliyev, Mehriban Əliyeva

Şəklin mənbəyi, President.az

Prezident İlham Əliyev ötən həftə bir qrup mədəniyyət işçisi ilə görüş keçirib. O, mədəniyyət xadimlərindən onları narahat edən problemlərdən danışmaqlarını istəyib. Çıxış edənlər prezidentdən bunları xahiş ediblər:

Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Rzayev:

Cəlil Məmmədquluzadə ilində onun məzarı da səliqəyə salınsın və Bakıda heykəli ucaldılsın.

Şabran rayonunda bəstəkarlar, rəssamlar, yazıçılar üçün tikiləcək şəhərcik "ulu öndərimizin şərəfinə" Heydərabad adlansın.

Anar Rzayev

Şəklin mənbəyi, President.az

"Ədəbiyyatımızın xaricdə təbliği üçün" Füzuli Mərkəzi yaradılsın.

"Mehriban xanımın (birinci vitse-prezident Mehriban Əliyeva nəzərdə tutulur-red.) yanında ziyalıların Məşvərət Şurasını yaradaq ki, ara-sıra biz orada toplaşaq, ictimai-siyasi, mədəni hadisələr haqqında söhbətlər edək".

Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə:

90 yaşında bəstəkar Yaşar İmanova ev verilsin.

Yeni tikilən evlərdə gənc bəstəkarlara 5-6 mənzil verilsin.

Televiziya kanallarında bədii şuralar bərpa olunsun.

Bəstəkarlar İttifaqına məxsus əsərlər alınsın.

Bəstəkarlar İttifaqının Şəki festivalı, "İpək Yolu" festivallarına dəstək verilsin.

Zeynəb Xanlarova

Şəklin mənbəyi, President.az

Xalq artisti, professor Arif Babayev:

Uşaqlara xalq və bəstəkar mahnılarını balaca vaxtlarından öyrətmək lazımdır. "Onların not bilmələri daha yaxşıdır".

Azərbaycanın və keçmiş SSRİ-nin xalq artisti, Milli Məclisin deputatı Zeynəb Xanlarova:

"Görürəm ki, bəzi çıxışlar xahişlərdən ibarətdir. Mənim xahişim yoxdur".

Fərhad Bədəlbəyli

Şəklin mənbəyi, President.az

Xalq artisti, Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini Hacı İsmayılov:

"Mən istəyirəm onu bir şəkili Mustafa ("Həm ziyarət, həm ticarət" filminin baş qəhrəmanı-red.) kimi deyim: Sa qurban olum ay Allah, noolar, elə et bizim möhtərəm Prezidentimiz bir dəfə bizim Akademik Milli Dram Teatrına təşrif gətirsin, biz o günü bayram edək".

"Dövlət tərəfindən maliyyələşən ittifaqlar və təşkilatlar var. Onlar da 18 faiz vergi ödəyir. Amma dövlət tərəfindən maliyyələşməyən Teatr Xadimləri İttifaqı da 18 faiz vergi ödəyir. Burada qəribə uyğunsuzluq var, yəqin ki, bunu düzəltmək olsaydı, bizim daha çox imkanlarımız olardı".

Bəhran Bağırzadə

Şəklin mənbəyi, President.az

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli:

"Rayonlarımızda musiqi məktəbləri çox vacibdir. Ona görə çox xahiş edirəm, biz nəbadə onlara toxunaq".

"...ölkəmizdə klassik musiqi alətləri kolleksiyasının yaradılmasının vaxtı gəlib çatıb. Yəni, bunu biz investisiya şəklində ala bilərik".

Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadə:

Bakının tarixi mərkəzi əsasında xüsusi ərazi vahidi yaransın.

Yaradıcılıq ittifaqlarının fəaliyyəti "Yaradıcılıq birlikləri haqqında" Qanunla tənzimlənsin. "Belə bir qanunun qəbul olunması həm yaradıcılıq ittifaqlarının statusunu qaldırar, həm onlardan olan fayda başqa ictimai təşkilatlardan fərqlənər və bunu hamı görər ki, yaradıcı kimdir, dağıdıcı kimdir".

XX əsrdə Bakının "memarlıq simasının formalaşmasının baniləri" - Sadıq Dadaşov və Mikayıl Hüseynova abidə qoyulsun.

Afaq Bəşirqızı

Şəklin mənbəyi, President.az

Xalq artisti Afaq Bəşirqızı:

Teatr Xadimləri İttifaqının inkişafı ilə bağlı yeni konsepsiya hazırlansın.

"Canım Prezidentim, çox xahiş edirəm, imkansız aktyorların maaşı və bir də evlə təmin olunması məsələsinə diqqət yetirilsin".

Xalq artisti Mehriban Zəki:

"...təəssüf edirəm ki, son iki ildə dövlət sektorunda filmlərimizin inkişafı, çəkilməsi nədənsə avazıyıb. Kinostudiyamızın divarları soyuyub. Ona görə, cənab Prezident, mənim o uşaqlıq arzum olan kinostudiyada coşqun həyat, sənət eşqi davam etsin, diqqətinizi bir daha oraya yönəltmək istərdim".

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova:

Respublika Kinematoqrafçılar İttifaqına bina verilsin.

Azərbaycan Dövlət Rus Dram Teatrının baş rejissoru, xalq artisti Aleksandr Şarovski:

-Rus Dram Teatrı akademik olsun. Çox istərdik ki, biz də bu qürurverici adı daşıyaq və Sizinlə birlikdə sevinək.

bəstəkar

Şəklin mənbəyi, President.az

Əməkdar artist Tahir İmanov:

"Teatrımızın aparıcı aktyorları Bəhram Bağırzadə və Cabir İmanov üçün fəxri ad xahiş edirəm".

"Babam, bəstəkar Süleyman Ələsgərovun " adı bir küçəyə verilsin.

Əməkdar artist Bəhram Bağırzadə:

Bakı şəhərində Hacı Zeynalabdin Tağıyevin heykəli ucaldılsın.

Xalq artisti Xuraman Qasımova:

" Mən sizdən bütün xahişlərdən bir az qeyri-adi bir xahiş etmək istəyirəm. Mən istəyirəm ki, Siz nə vaxtsa ailənizlə birgə bizim qonağımız olasınız".

İlham Əliyev, Mehriban Əliyeva, Zeynəb Xanlarova, Fərhad Bədəlbəyli, Bəhram Bağırzadə

Şəklin mənbəyi, President.az