AXCP-yə pul yardımı etməkdə təqsirləndirilən Saleh Rüstəmov kimdir?

Saleh Rüstəmov

Şəklin mənbəyi, Saleh Rüstəmov

Şəklin alt yazısı, Saleh Rüstəmov
    • Müəllif, Məhərrəm Zeynalov
    • Vəzifə, BBC Rusca Xidməti, Azərbaycan

Fevralın 27-sində Bakı Ağır Cinayətlər Məhkəməsi Rusiya vətəndaşı Saleh Rüstəmovun 7 il 3 ay azadlıqdan məhrum edilməsi haqqında qərar çıxarıb. O, Rusiyada qanunsuz sahibkarlıqla məşğul olmaqda və AXCP-ni maliyyələşdirmək yoluyla çirkli pulları yumaqda ittiham edilib.

Bu cinayət işi üzrə həbs olunan digər şəxslər - AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmov 4 il, partiyanın Nərimanov rayon şöbəsinin sədr əvəzi Babək Həsənovsa 3 il azadlıqdan məhrum ediliblər. AXCP Gənclər Komitəsinin Məclis sədri Ruslan Nəsirov və Vidadi Rüstəmov şərti azadlığa buraxılıblar.

Rusiya vətəndaşı Saleh Rüstəmov Moskvada kiçik ticarətlə məşğul olur, mağazalar üçün ucuz ayaqqabılar tapıb alırdı. Keçən il may ayının 5-ində yaxın qohumunun dəfn mərasimi üçün Azərbaycanın Gədəbəy rayonuna qayıtmış, üç gün sonra hava limanına gedərkən yolda polis tərəfindən saxlanılmış, elə həmin gün də narkotik maddələri saxlamasında ittiham olunaraq həbs edilmişdi.

Sonra cinayət işinə başqa ittihamlar da əlavə edilib: istintaqın versiyasına görə, Saleh Rüstəmov Rusiyada qeyri-qanuni sahibkarlıqla məşğul olub, gəlirlərini dövlətdən gizlədib və qanunsuz yollarla əldə etdiyi qazancını prokurorluğun "Ədliyyə Nazirliyində qeydiyyatdan keçməmiş qurum" kimi göstərdiyi Azərbaycan Xalq Cəbhəsi Partiyasına (AXCP) göndərib - 2016-cı ilin martından etibarən ümumilikdə 30 min dollar.

Rüstəmovun vəkilləri və müstəqil hüquqşünaslar bu cinayət işində iki təəccüblü məqama diqqət çəkirlər: birincisi, Rusiya vətəndaşı Rusiyada törədilmiş cinayətə görə Azərbaycan qanunlarıyla mühakimə olunur; ikincisi, AXCP Ədliyyə Nazirliyində 1995-ci ildə qeydə alınıb və adı Mərkəzi Seçki Komissiyasının internet saytındakı siyahıda qalmaqdadır.

"Siyasi məhbuslara" yardım

Saleh Rüstəmov 1992-1993-cü illərdə Gədəbəy rayonunun icra başçısı vəzifəsində çalışıb. O zaman hakimiyyətdə olan Xalq Cəbhəsi sonradan iki siyasi təşkilata bölündü - AXCP və Müsavat Partiyası. 15 iyun 1993-cü ildə Heydər Əliyev hakimiyyətə gələndən sonra hər iki partiya müxalifətə keçdi. Həmin gün hazırda Milli Qurtuluş Günü adlanır və dövlət səviyyəsində bayram edilir.

Hazırda AXCP-nin 15 üzvü həbsdədir və hüquq müdafiəçiləri onların hamısını "siyasi məhbus" hesab edirlər. Saleh Rüstəmovun vəkili Bəhruz Bayramov qeyd edir ki, müvəkkili həmin şəxslərin ailələrinə yardım məqsədilə pul göndərib - 5-6 min dollar civarında.

Şahid qismində məhkəməyə cəlb edilmiş AXCP üzvü Ramiz Kamalın sözlərinə görə, müxtəlif şəxslərdən toplanan vəsaitlərlə məhkumlara ərzaq, o cümlədən corab və üzqırxan kimi ilkin ehtiyac əşyaları alınır.

Həbsdə olan AXCP üzvlərindən birinin atası Zəfər Əhmədov: "İnsanlar bizə həm maddi, həm də mənəvi dəstək göstərirlər. Administrativ həbs cəzası altında olan məhkumlar da var - hamısına vəkil lazımdır, bunun üçünsə pul tələb olunur. Məhbusların həm özlərinin, həm də ailə üzvlərinin səhhətində problemlər yaranır - bu da böyük maliyyə məsrəfi deməkdir".

"Nə desələr, boynuma alardım"

Müttəhimlər kürsüsündə beş nəfər əyləşirdi: Saleh Rüstəmov, onun istintaqın iddiasına görə pulu cəbhəçilərə çatdırmış qardaşı oğlu Vidadi Rüstəmov və maliyyə toplamaqla məşğul olan daha üç AXCP üzvü. Vidadi Rüstəmova və cəbhəçilərdən birinə prokurorluq 3,5 il şərti cəza verilməsini istəmiş, digər iki cəbhəçiyə yeddi və altı il, Saleh Rüstəmova isə 8 il cəza tələb etmişdi.

Vəkil Bəhruz Bayramovun sözlərinə görə, Saleh Rüstəmovun Rusiyada qanunsuz sahibkarlıqla məşğul olması faktı doğru olsaydı, buna görə ona Rusiyada cinayət işi açılmalıydı: "Bəli, mən bunu məhkəmədə demişəm. Amma nə məhkəmə buna reaksiya verdi, nə prokurorluq".

Bəhruz Bayramov müvəkkilinin bizneslə leqal şəkildə məşğul olduğunu və vergiləri müntəzəm şəkildə ödədiyini bildirib. O, narkotik ticarətiylə bağlı ittihamı da rədd edib.

Prokurorluğun açıqlamasında göstərilib ki, müttəhimlərə qarşı sübutlar onların öz ifadələriylə də təsdiqlənib. Amma məhkəmə prosesində müttəhimlər o ifadələri işgəncə altında verdikərini bildiriblər.

Onlardan ikisi iddia edib ki, onların əllərinin baş barmaqlarına naqil bağlanıb və bədənlərinə elektrik cərəyanı verilib.

Saleh və Vidadi Rüstəmovlar məhkəmə zalındakı qohumlarına görə işgəncələr haqqında detallı danımaq istəmədikərini söyləyiblər. Vidadi Rüstəmov işgəncələrlə bağlı suala cavabında həm də bunları deyib: "Məni elə döyürdülər ki, istənilən cinayəti boynuma alardım, hətta Amerika prezidentini öldürdüyümü də".

Bakı Ağır Cinayətlər üzrə Məhkəmənin binası, proses bu binada gedirdi
Şəklin alt yazısı, Bakı Ağır Cinayətlər üzrə Məhkəmənin binası, proses bu binada gedirdi

Vəkillərdən birinin sözlərinə görə, prokurorluq araşdırma aparıb və təqsirləndirilən şəxslərə işgəncə verilmədiyi qənaətinə gəlib. İsgəncələrlə bağlı vəsatəti Azərbaycandakı məhkəmə instansiyaları da təmin etməyiblər, 2018-ci ilin noyabr ayında bununla bağlı şikayət Avropa İnsan Haqları Məhkəməsinə göndərilib.

Təqsirləndirilənlərdən biriylə bağlı daha bir ərizə yazılıb, Rüstəmov və onun qardaşı oğlusa öz ərizələrini geri götürüblər. Vəkil bunun səbəbini onlara olan təzyiqlə izah edib.

Daxili İşlər Nazirliyi işgəncə ittihamlarını "fantaziya" adlandıraraq polis məmurlarına böhtan atılması kimi qiymətləndirib. DİN-in Mətbuat Xidmətinin rəhbəri Ehsan Zahidov deyib ki, "Onların işgəncələrlə bağlı dedikləri doğru deyil. Həmin şəxslər özlərinə haqq qazandırmaq üçün işgəncə bəhanəsi uydurublar".

Baş Prokurorluqsa işgəncələr haqqında iddiaları şərh etməkdən boyun qaçırıb.

Siyasi, yoxsa siyasiləşdirilmiş iş?

Təqsirləndirilənlərin iqtisadi cinayətlərə görə məhkum edilməsinə baxmayaraq, prokurorluq diqqəti pulların məhz AXCP-yə verildiyinə yönəldib, partiyanın fəaliyyətini "dövlətə, dövlətçiliyə və milli maraqlara zidd" olaraq qiymətləndirib.

Siyasi məhbusların siyahısını hazırlayan hüquq müdafiəçilərindən ibarət işçi qrupun üzvü Rəsul Cəfərov: "Biz Rüstəmova açılmış cinayət işini birmənalı olaraq siyasi hesab edirik. Bunu sübut edən əsas faktlardan biri işgəncələrlə bağlı şikayətlərin araşdırılmamasıdır.

Əsas məqsəd AXCP-nin maliyyələşdirilməsinə imkan verməməkdir. Həmçinin bu proses digər partiyalara və onlara maliyyə yardımı göstərmək istəyənlərə də mesajdır".

Azərbaycan mətbuatı müxalifətə sponsorluq məsələsini bir qayda olaraq neqativ və qeyri-qanuni bir şey kimi təqdim edib. "Baş Prokurorluq Əli Kərimlinin sponsorlarını ifşa etdi", "Azərbaycan müxalifətini yüksək çinli məmurlarından hansı maliyyələşdirir?" - hakimiyyətyönlü haqqin.az saytı mövzuyla bağlı yazıları bu başlıqlarla dərc edib.

Millət vəkili və prezidentliyə keçmiş namizəd Zahid Oruc hesab edir ki, müxalif qüvvələrin maliyyələşdirilməsində heç bir kriminal yoxdur və Saleh Rüstəmovun işini nahaq siyasiləşdirirlər.

Onun sözlərinə görə, AXCP özünü kasıbların bir partiyası kimi qələmə verməkdə davam edir, halbuki həmişə Qərbin qeyri-hökumət təşkilatlarından maliyyə dəstəyi alır.

Cəbhəçilər bu iddianı təkzib edirlər. AXCP İdarə Heyətinin üzvü İradə Nəriman bildirib ki, partiyanın heç qərargahı da yoxdur, çünki heç kim öz mənzilini təşkilata icarəyə vermək istəmir.

MSK-nın saytında partiyaların öz gəlirləri haqqında hesabatları yerləşdirilib; AXCP-nin 2017-ci ilin martında təqdim etdiyi sənəddə heç bir bənd üzrə gəlirin olmadığı göstərilib.

Cəbhəçilər yığıncaq keçirmək üçün bir-birlərinin mənzillərinə yığışdıqlarını söyləyirlər, qeyd edirlər ki, partiyanın gəliri üzvlük haqları hesabına tolanan kiçik maliyyə vəsaitidir, amma bu, müntəzəm gəlir deyil. AXCP sədri Əli Kərimli BBC-nin Rusiya xidmətinə açıqlamasında deyib ki, təqiblərə görə insanlar rəsmi üzvlük haqqı ödəməkdən qorxurlar, ona görə də hesabat sənədlərinin içi boş olur.

O, konkret layihələr üçün yerli səviyyədə pul yığıldığını qeyd edib. Həm AXCP, həm də Müsavat üzvləri bildiriblər ki, hüquq-mühafizə orqanları mütəmadi olaraq onları çağırır və gəlir mənbələri barədə sorğu-sual edirlər.

AXCP tək deyil

Maliyyələ problemi yalnız müxalifət partiyalarına aid deyil. AXCP-yə yaxın "Azadlig" qəzetinin və "Turan" informasya agentliyinin saytlarından görünür ki, hər ikisinin reklam cəlb edə bilməmək problemi var.

2000-ci illərin əvvəllərində "Turan" agentliyi ölkənin ən böyük media qurumlarından biri olub, orda 40 nəfər çalışıb. Maliyyə çatışmazlığı ucbatından indi 15 işçi qalıb.

Agentliyin rəhbəri Mehman Əliyevin sözlərinə görə, bir dəfə şirkətlərdən biri "Turan"la reklam müqaviləsi bağlayıb, üç ayın pulunu da əvvəlcədən ödəyib, amma bir neçə gündən sonra şirkətin nümayəndəsi zəng vurub, pulu qaytarmaq tələbini qaldırmadan reklam bannerinin saytdan götürülməsini xahiş edib.

BBC-nin bununla bağlı sualına şirkətdən təsdiqləyici cavab verilib, amma qeyd edilib ki, əməkdaşlıqdan siyasi motivlərə görə yox, fərqli auditoriyalara xitab etdikləri üçün imtina olunub.

Keçmiş səhiyyə naziri Əli İnsanov və iqtisadi inkişaf naziri Fərhad Əliyev üzərində qurulmuş məhkəmələri müxalifətin maliyyələşdirilməsiylə bağlı ən hay-küylü proseslər hesab etmək olar. Onlar 2005-ci ilin parlament seçkiləri ərəfəsində dövlət çevrilişi ittihamıyla həbs ediliblər.

Hüquq-mühafizə orqanlarının birgə bəyanatında bildirilib ki, hər iki nazir AXCP və Müsavatla eyni blokda təmsil olunan Azərbaycan Demokrat Partiyasına maliyyə yardımı edib.

Əli İnsanovun cinayət işi sonradan korrupsiya ittihamına fokuslanıb, ona 11 il həbs cəzası verilib. Fərhad Əliyev ondan bir il az cəza alıb, hər iki nazir Avropa İnsan Haqları Məhkəməsinə şikayət edib və işi udub - AİHM nazirlərin ədalətli araşdırma hüququndan məhrum edildiyi haqda qərar çıxarıb.

2013-cü ildə prezident İlham Əliyev Fərhad Əliyev əfv edilib. Əli İnsanovun həbs müddətinin bitməsinə bir neçə ay qalmış onunla bağlı narkotik maddə saxlama və hakimiyyət nümayəndəsinə müqavimət ittihamıyla yeni cinayət işi açılıb, bu dəfə on 7 illik həbs cəzası verilib. Hüquq müdafiəçiləri onu siyasi məhbus hesab edirlər.

"Bizlik deyil"

Moskvada Saleh Rüstəmovun həyat yoldaşı və üç uşağı qalıb. Rusiyanın Bakıdakı səfirliyindən bildiriblər ki, hadisələrin gedişini izləyir və Rüstəmova Rusiya vətəndaşı kimi yardım göstərirlər. Mətbuat katibi Mariya Osipova Rüstəmovun işgəncələr haqqında bəyanatının səfirliyə məlum olub-olmamasıyla bağlı suala cavab olaraq deyib ki, onda bu haqda məlumat yoxdur.

Vidadi Rüstəmovun həyat yoldaşı Nərgiz: "Mayın 8-ində əmini tutanda həyat yoldaşım səfirliyə getmişdi, iş günü olmadığını deyib geri qaytarmışdılar. Əminin öz oğlu Moskvadan gələndə əvvəlcə səfirlikdə onu arxayın etdilər ki, narahat olmayın, biz həll edəcəyik. Amma sonra yaxalarını kənara çəkdilər, dedilər, bizlik deyil, sizin atanız qadağan olunmuş təşkilatı maliyyələşdirib".

AXCP üzvləri müttəhimləri dəstəkləmək üçün məhkəmə prosesinə gəlirdilər
Şəklin alt yazısı, AXCP üzvləri müttəhimləri dəstəkləmək üçün məhkəmə prosesinə gəlirdilər

15 yanvarda - məhkəmənin ilk günündə Bakı Ağır Cinayətlər Məhkəməsinin önünə təqsirləndirilənlərin qohumları və partiya yoldaşları gəliblər.

Proses başlayandan sonra bir neçə AXCP üzvünü həbs edib və polisə müqavimət ittihamıyla onlara 15-30 sutka həbs cəzası kəsilib.

Həbslər sonrakı məhkəmə günlərində də davam edib, nəticədə ayın sonunda məhkəmənin önünə artıq xeyli az adam gəlməyə başlayıb. Yanvar ayı ərzində 28 AXCP üzvü həbs olunub, partiyadan deyiblər.