"Azərbaycan, xüsusilə də Mehman Hüseynov məsələsi": Avropa Parlamentində müzakirələr

Bu gün Avropa Parlamentində Azərbaycanda həbsdə olan bloqçu Mehman Hüseynovun məsələsi müzakirə olunub və Azərbaycan hökumətindən onun dərhal azad olunmasını tələb edən qətnamə qəbul olunub.

Qətnaməyə görə, Avropa parlamenti Azərbaycan hökumətindən Mehman Hüseynovun dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edir. Qətnamədə həmçinin Azərbaycan hökumətindən bloqçuya qarşı bütün ittihamların ləğvi tələb olunur.

Qətnamədə deyilir ki, Avropa Parlamenti Mehman Hüseynovun səhhətinin vəziyyətindən narahatdır.

"...hakimiyyət bütün lazımi professional tibbi yardımla təmin etməli və onun ailəsi və imtiyazlı hüquq məsləhətçisinin onunla əlaqəsinə icazə verməlidir", qətnamədə deyilir.

"Azərbaycan, xüsusilə də Mehman Hüseynov məsələsi" adlı müzakirə Avropa Parlamentinin bu gün səhərki sessiyasında aparılıb.

Qətnamədə Azərbaycana Avropa İnsan Haqları Konvensiyasınan irəli gələn öhdəlikləri xatırladılıb. Avropa Parlamenti "Azərbaycan hakimiyyətini Avropa İnsan Haqları Məhkəməsinin qərarlarına hörmət etməyə və onlara əməl etməyə" çağırır, qətnamədə deyilir.

Azərbaycanda iqtidar partiyasının səlahiyyətli nümayəndəsi isə tövsiyyə edir ki, Avropa Parlamentinin deputatları "özlərini öz səlahiyyətləri çərçivəsində" aparsınlar.

"Bilmək istəyirəm, Avropa Parlamentinin deputatlarına müstəqil bir ölkənin hakimiyyət orqanlarından kiminsə dərhal azadlığa buraxılmasını tələb etmək hüququ varmı? Əgər belə bir hüquq varsa, qoy göstərsinlər, biz də ona əməl edək. Yox, yoxdursa, onda mən istərdim ki, Avropa Parlamentinin deputatları özlərini öz səlahiyyətləri çərçivəsində aparsınlar", YAP təmsilçisi Aydın Mirzəzadə deyib.

"Rüşvət, hücum, döyülmə"

Cümə axşamı günü keçirilən plenar iclasda qətnamə layihəsinin müəlliflərindən biri, Rebecca Harms bloqçunun yeni ittihamlara etiraz olaraq dekabrdan bəri aclıq aksiyası keçirdiyini bildirib.

"Mehman Hüseynov korrupsiyanı araşdırırdı" deyən xanım Harms Azərbaycan hökümətini onun "şərtsiz azad edilməsinə" çağırıb.

Layihənin müəlliflərindən biri, İtaliyadan deputat Ignazio Carrao deyib ki, Mehman Hüseynova qarşı olan ittihamlar "siyasi" xarakterlidir.

"Rüşvət, hücum, döyülmə və şantaja boyun əyməyən müstəqil jurnalistlərin və bloqçuların həbs edildiyi bir ölkədən nə gözləyirsiniz", deyə o çıxışında sual edib.

"Avropa İttifaqı Azərbaycanla indi qanunçuluq, insan haqları, yaxşı idarəçilik və demokratik islahatlara əsaslanmalı olan yeni tərəfdaşlıq sənədi üzərində danışıqlar aparır. Ümid edirəm ki, bunlar təkcə kağız üzərində qalmayacaq və Parlamentin belə akt üzrə razılaşması, vəziyyət radikal dəyişməyənədək mümkün olmaz".

Müəlliflərdən biri, Britaniyadan deputat Charles Tannock isə əlavə olaraq bildirib ki, Azərbaycanda həbs müddətinin bitməsinə az qalmış yeni ittihamlarla qarşılaşmış başqa beş hal da baş verib.

İspaniyadan olan deputat Miguel Urban Crespo cənab Hüseynovun elit hakim sinfin lüks həyatını tənqid etdiyini bildirib.

O, həmçinin Kürü diplomatiyası hesabatını xatırladaraq, istefa vermiş Avropa Şurası Parlament Assambleyasının sabiq prezidenti Pedro Agramunt-un ünvanına səslənmiş korrupsiya ittihamlarını xatırladıb.

İddialara görə, ispaniyalı Pedro Agramunt 2016-ci ildən bəri Azərbaycanın iştirakı ilə bağlı korrupsiya və lobbiçilik hallarının araşdırılmasına müqavimət göstərib və hətta onların qarşısını alıb.

O əlavə edib ki, ifadə və toplaşma azadlığı və insan haqlarına hörmət olmadığı üçün Azərbaycanla assosiasiya danışıqları "dayandırılmalıdır".

Qətnamədə, həmçinin Azərbaycanda bir neçə insan haqları fəalı, jurnalist və müxalifət nümayəndəsinin son bir neçə il ərzində azad olunması yüksək qiymətləndirilib. Bununla yanaşı, Avropa Parlamenti İlqar Məmmədov, İntiqam Əliyev, Xədicə İsmayılova və digər keçmiş məhbuslara azad hərəkət imkanı və sərbəst işləmə hüququnun təmin edilməsini tələb edib, sənəddə göstərilir.

"Üzücüdür"

"Üzücüdür ki, bir daha burada prezident İlham Əliyev və vitse-prezident həyat yoldaşının rəhbərliyi altında insan haqları vəziyyətinin pisləşməsini müzakirə edirik", deyə Niderlanddan deputat Marietje Schaake çıxışına belə başlayıb.

Əvvəlki həmkarları kimi, Sərhədsiz Reportyorlar Təşkilatının 2018-ci il üzrə İfadə Azadlığı hesabatına istinadən Azərbaycanın 180 ölkə arasında 163-cü yeri tutduğunu deyən deputat bunu "şokedici aşağı sıra" adlandırıb.

O əlavə olaraq, 10 jurnalistin həbsdə olduğunu, bir neçə saytların bloklandığını və özünə və ailəsinə təhlükə hiss edən işıqlı insanların ölkədən getdiklərini xatırladıb.

Marietje Schaake Aİ Komissarlığından və komissiyanın vitse-prezidenti və İttifaqın Xarici Əlaqəlar və Təhlükəsizlik siyasəti üzrə yüksək nümayəndəsi Federica Mogherini-dən insan haqları müdafiəçilərinin mütəmadi hücuma məruz qaldıqları üçün mümkün olan ən güclü qınaq səsləndirməsini istəyib.

Qətnamə layihəsinin başqa bir müəllifi, Portuqaliyadan olan deputat Ana Gomes ticarət üzrə komissar Cecilia Malmström, komissiyanın vitse-prezidenti və İttifaqın Xarici Əlaqəlar və Təhlükəsizlik siyasəti üzrə yüksək nümayəndəsi Federica Mogherini xitabən deyib ki, bizim danışdıqlarımız ritorika deyil, sizin bu mesajları həqiqətən ötürməyiniz və nəticə olması üçündür.

"Azərbaycanda baş verənlər qalmaqaldır" deyən deputat, Mehman Hüseynovun aclıq aksiyası, Xədicə İsmayıl, İlqar Məmmədov və Gürcüstandan "oğurlanaraq" Azərbaycana gətirilən Əfqan Muxtarlını xatırladıb.

"Bu adamlar Azərbaycanda rejimin əsaslandığı korrupsiyanı ifşa edirlər".

Ana Gomes komissarlara əlavə edib ki, "biz sizin vəziyyəti [onlara] deməyinizi istəyirik. Vəziyyət isə həmkarlarımın dediyi kimidir."

"Bu həftə həmkarlarımdan biri bizə Mehman Hüseynovun adından məcburi yazılmış məktubu paylaşdı. Bu məktubun təzyiq altında yazdırıldığı aydındır, çünki mənim ölkəmdəki ... diktator rejimin etdiklərini xatırladır. Onlar da hər şeyin yaxşı olduğunu iddia etmək, bugün qəbul edəcəyimiz qətnamənin qəbulundan bizi yayındırmaq üçün belə edirdilər."

Britaniyadan olan deputat Julie Ward isə bildirib ki, Azərbaycanda vətəndaş cəmiyyəti ədavət şəraitində fəaliyyət göstərir, qeyri-hökümət təşkilatları bağlanır.

"Aİ insan haqları öhdəliklərini pozan bütün ölkələri, iqtisadi əlaqələrin vəziyyətindən asılı olmayaraq, adını çəkərək qınaq obyektinə çevirməlidir. Həmçinin Aİ-ni təkcə prezidentə deyil, eyni zamanda, indiyədək hədəfdə olmayan nazirlərə də sanksiya tətbiq etməyə çağırıram".

Sonda çıxış edən ticarət üzrə komissar Cecilia Malmström bildirib ki, Mehman Hüseynov və digər aclıq aksiyası keçirənləri də yaxından izləyirlər.

O, narahatlıqların dialoq yolu ilə bildirilməsinə inandıqlarını da qeyd edib.

Komissar bildirib ki, bu dialoq fevralın 5-də planlaşdırılan görüşündə davam etdiriləcək.