Hüquq müdafiəçisi: "Mehman Hüseynov deyib ki, mən həmişə intizamlı olmuşam"

Şəklin mənbəyi, Sahib Məmmədov
"Mehman Hüseynov duru yeməklər, şorba, yoqurt, kəsmik qəbul edir", Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvü Sahib Məmmədov deyib.
Çərşənbə axşamı o, həbsdə olan bloqçu Mehman Hüseynovla görüşüb.
Həbsdə olan video bloqçu Mehman Hüseynov azadlığa çıxmağına az qalmış yeni ittihamla üzləşib: o, həbsxana işçisinə xəsarət yetirməkdə ittiham olunur.
Mehman Hüseynov bu ittihama etiraz edib və aclıq aksiyasına başlayıb, vəkilləri bildiriblər. Vəkilləri onu da deyiblər ki, video bloqçu mədəsindəki ağrılara görə süd və süd məhsulları qəbul edir, ancaq aksiyasını dayandırmayıb.
Sahib Məmmədov Mehman Hüseynovla "saat yarım söhbət" etdiyini deyib.
BBC News Azərbaycancaya danışan cənab Məmmədov bildirib ki, bloqçu aclığı dayandırıb və bu barədə akta qol çəkib.
"Mehman Hüseynovla saat yarım çay süfrəsi arxasında müzakirə apardıq. Duru yeməklər, şorba, yoqurt, kəsmik qəbul edir. Deyir ki, mədəmi qıcıqlandırmaq istəmirəm, ona görə yeməkləri elə seçirəm ki, qıcıq verməsin. Aclığı dayandırması ilə bağlı imza atdığı aktı da gördüm".
Bloqçunun vəkili Şəhla Hümbətova eyni gün BBC News Azərbaycancaya demişdi ki, "Mehman Hüseynov aclıq aksiyasını davam etdirir. Hazırda səhhətinə görə süd və süd məhsulları qəbul edir".
Sahib Məmmədov deyir ki, "Mehman Hüseynov özünü təqsirsiz sayır və hesab edir ki, o, azadlığa çıxmalıdır".
O, Mehman Hüseynovdan təcridxanada hər hansı pis rəftarla üzləşib-üzləşmədiyini soruşub və "yox" cavabı alıb, Sahib Məmmədov BBC News Azərbaycancaya söyləyib.
"Dedi, mən həmişə intizamlı olmuşam, hamı ilə yola getmişəm. Bircə problemim odur ki, mən özümü təqsirsiz hesab edirəm".
Hüquq müdafiəçisi deyib ki, bloqçuya səhhəti ilə əlaqədar əlavə müalicələr də təklif olunub.
"Ayağındakı problemlə bağlı ona təklif olunub ki, Penitensiar Xidmətin hospitalında müayinə olunsun, lazım gəlsə əməliyyat edilsin, o razılaşmayıb. Deyir, mən gözlədim ki, martın 2-də çıxacam, ondan sonra əməliyyat etdirəcəm".
Mehman Hüseynov kimdir?
Həbs müddətinin bitməsinə bir neçə ay qalmış Mehman Hüseynova cəzaçəkmə müəssisəsinin işçisinə zor tətbiq etməklə bağlı yeni cinayət işi açılıb.
Həbsdə olan Mehman Hüseynovun bu ittihama etiraz olaraq dekabrın 26-dan aclıq aksiyası keçirdiyi bildirilib.
Video və foto bloqçu kimi məşhur olan Mehman Hüseynov 2017-ci ilin martın 3-də iki il müddətinə həbs edilib.
O, Daxili İşlər Nazirliyinin şikayəti əsasında polisə "ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma" maddəsilə ittiham olunub.
Bloqçu bu ittihamları qəbul etməyib.
Onun qardaşı, Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) rəhbəri Emin Hüseynov isə hazırda siyasi mühacirətdədir.
2014-cü ildə RATİ-nin yerləşdiyi ofis "qanun pozuntuları faktlarına" dair, "vəzifə saxtakarlığı" və "vəzifə səlahiyyətlərindən sui-istifadə" maddələri ilə Baş Prokurorluğun başladığı cinayət işinin gedişində möhürlənmiş, Emin Hüseynovun ölkədən çıxışına qadağa qoyulmuşdu.
Bundan sonra Emin Hüseynov 10 ay İsveçrənin Bakıdakı səfirliyinə sığınmalı olmuşdu. O, İsveçrə rəsmiləri ilə Azərbaycan hakimiyyətinin razılaşmasından sonra 2015-ci ildə ölkəni tərk etmişdi.







