Vəkil: "Mehman Hüseynov səhhətinə görə süd məhsulları qəbul edir"

Mehman Hüseynov

"Mehman Hüseynov aclıq aksiyasını davam etdirir. Hazırda süd və süd məhsulları qəbul edir".

Həbsdə olan bloqçu Mehman Hüseynovun vəkili Şəhla Hümbətova BBC News Azərbaycancaya deyib ki, o, bazar ertəsi günü bloqçu ilə görüşüb.

"Mehman Hüseynov yemək yemir. Onun qardaşı xaricdəki həkimlərlə məsləhətləşib və onlar deyib ki, Mehman səhhəti ilə əlaqədar mütləq süd məhsulları qəbul etməlidir".

Şəhla Hümbətova deyir ki, bloqçunun vəziyyəti əvvəlkinə nisbətən daha yaxşıdır.

"Sonuncu dəfə ilə müqayisədə özünü daha yaxşı hiss edir. Bu vəziyyətdə nə qədər normal olmaq olarsa, o qədər normaldır. Yıxılmır, normal hərəkət edə bilir".

Vəkil bildirib ki, Mehman Hüseynov müalicə müəssəsinə köçürülməyib.

Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu YouTube

Avropa Şurasının İnsan Haqları Komissarı Dunja Mijatović Azərbaycan hökumətindən Mehman Hüseynova qarşı yeni ittihamların ləğv edilməsini istəyib.

O, bazar ertəsi günü Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev ilə telefonla danışıb.

"Mən nazir müavininə dedim ki, hökumət cənab Hüseynova qarşı 26 dekabrda qaldırılmış ittihamları ləğv etməlidir, çünki ittihamlar etibarlı deyil."

Məlumatda deyilir ki, xanım Mijatović telefon danışığında "hökumətə vəziyyəti son dərəcə narahatverici olan cənab Hüseynovun lazımi tibbi qayğ ilə təmin edilməsi öhdəliyi olduğunu da vurğuladım" deyib.

"Buna görə də, lazımi tibbi qayğı almaq üçün o, mülki xəstəxanaya köçürülməlidir. Ümid edirəm ki, Azərbaycan hökuməti insan haqları öhdəliklərinə əməl edəcək", məlumatda deyilir.

İnsan Haqları Komissarı yaxın aylarda hökumət və vətəndaş cəmiyyəti ilə konstruktiv dialoq məqsədilə Azərbaycana səfər edəcəyini də bildirib.

Bundan əvvəl Ombudsman Aparatı Mehman Hüseynov qida qəbul etdiyini deyib.

Vəkilləri və yaxınları həbsdə olan video bloqçu Mehman Hüseynovun hələ də aclıq aksiyası keçirdiyini və vəziyyətinin pisləşdiyini deyirlər.

Penitensiar Xidmət isə bu iddiaları təkzib edir və bildirir ki, Mehman Hüseynov aclıq aksiyasını "çoxdan dayandırıb" və onun səhhətində heç bir ciddi problem yoxdur.

Freedom House təşkilatının Avropa və Avrasiya Proqramlarının direktoru Marc Behrendt BBC-yə deyib ki, "siyasi məhbuslara cəza müddətinin başa çatmasına az müddət qalmış yeni ittihamların verilməsi Azərbaycan hakimiyyətinin əlində yeni və insafsız bir alətdir".

Hüquq müdafiəçiləri "hər şeyi öz gözləri ilə görmək üçün" Mehman Hüseynovla görüş tələb edirlər.

Video bloqçunun aclıq aksiyasına dəstək vermək üçün bir neçə siyasi fəal da aclıq aksiyasına başladığını bəyan edib.

Azadlığa buraxılmasına iki ay qalmış Mehman Hüseynov həbsxana işçisinə xəsarət yetirməkdə təqsirləndirilib, onun özü isə vəkilləri vasitəsilə bu ittihamı "böhtan" adlandıraraq, aclıq aksiyasına başladığını elan edib.

Ombudsman: "Mehman Hüseynov qida qəbul edir"

Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri Mehman Hüseynova baş çəkib, insan haqları müvəkkilin ofisindən yayılan bəyanatda deyilir.

Ombudsman Aparatının saytında verilən rəsmi məlumata görə, görüşdə MPQ-nin rəhbəri və həkim üzvü də iştirak edib və Mehman Hüseynovun vəziyyəti araşdırılıb.

"Müşahidə nəticəsində məlum olub ki, Mehman Hüseynov qida qəbul edir, sovqat alır, gündəlik həkim nəzarətindədir və sağlamlıq durumu normaldır",- Ombudsman Aparatı bildirib.

Məlumatda o da göstərilib ki, görüş zamanı Mehman Hüseynovun Ombudsmana ünvanladığı yazılı müraciət Baş Prokurorluğa göndərilib.

Freedom House: "Mehman Hüseynov azadlığa buraxılmalıdır"

Freedom House nümayəndəsi Marc Behrendt BBC-yə bildirib ki, qanunvericilikdə diffamasiyanın cinayət məsuliyyəti yaratması tənqidi mediaların bağlanmasına, tərəfsiz internet saytlarının bloklanmasına səbəb olub və ondan fərdi tənqidçilərə qarşı cinayət məsuliyyəti yaratmaq üçün alət kimi istifadə edilir:

"Bununla da Azərbaycan jurnalistlər üçün ən repressiv mühitlərdən birinə çevrilməkdədir və onların hüquqi yolla müdafiə olunması getdikcə çətinləşir", Marc Behrendt vurğulayıb.

Freedom House təmsilçisi hesab edir ki, Azərbaycan höküməti bölgədəki "ən avtoritar hakimiyyətlərin getdikcə daha çox istifadə etdiyi bu üsullardan əl çəkməli və dərhal Mehman Hüseynovu və digər siyasi məhbusları azadlığa buraxmalıdır.

Marc Behrendt-in fikrincə, "siyasi məhbuslara cəza müddətinin başa çatmasına az müddət qalmış yeni ittihamların verilməsi Azərbaycan hakimiyyətinin əlində yeni və insafsız bir alətdir".

"Mehman aclığı çoxdan dayandırıb"

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Mehman Hüseynovun səhhətində hər hansı problem olduğunu, onun aclıq aksiyası keçirdiyini təkzib edir.

Qurumun sözçüsü Mehman Sadıqov BBC News Azərbaycancaya deyib ki, Mehman Hüseynov "çoxdan aclığı dayandırıb", hətta bununla bağlı "akta da imza atıb".

"Ona nə olub ki, müalicə müəssisəsinə göndərilsin", deyə cənab Sadıqov Mehman Hüseynovun vəziyyəti pisləşdiyindən xəstəxanaya aparılması ilə bağlı yayılan xəbərləri də təkzib edib:

"Yemək yeyir, su içir, ona vəkilləri ilə görüşməyə, telefonla yaxınlarına zəng etməsinə şərait yaradılıb", sözçü əlavə edib.

"Hərə bir söz deyir..."

"Biz ədliyyə naziri Fikrət Məmmədova müraciət ünvanlayacagıq, istəyirik ki, Mehman Hüseynovla görüşək, hüquq müdafiəçisi Səidə Qocamanlı bildirib.

O, BBC News Azərbaycancaya deyib ki, Mehman Hüseynov haqqında bir-birinə zidd məlumatlar yayılır: "Vəkilləri deyirlər ki, o, aclığı davam etdirir, rəsmilər aksiyanı dayandırğını bildirir".

"Buna görə də biz özümüz onun vəziyyətini öyrənməliyik", hüquq müdafiəçisi söyləyib.

Səidə Qocamanlının sözlərinə görə, "həqiqəti öz gözləri ilə görmələri üçün" onların Mehman Hüseynovla görüşmələrinə şərait yaradılması üçün nazirdən izacə istəyirlər.

"Bundan sonra növbəti addlmları planlaşdıracağıq", hüquq müdafiəçisi əlavə edib.

"İkinci şərləmə" dayandırılmalıdır"

Müsavat üzvü Tofiq Yaqublu partiyanın qərargahında aclıq aksiyasına başladıqlarını deyir.

Siyasi fəal BBC News Azərbaycancaya deyib ki, onunla bərabər artıq 5 nəfər Mehman Hüseynovla həmrəylik nümayiş etdirir.

"Tələbimiz odur ki, Mehman Hüseynova qarşı "ikinci şərləmə" dayandırılsın. O, birinci ittiham olunduğu iş üzrə cəza müddəti bitəndə azadlığa buraxılmalıdır. Qərarımız qətidir, mümkün qədər dirənib çalışacağıq ki, bu aclıq aksiyasının real nəticələri olsun",- Tofiq Yaqublu əlavə edib.

Həbs müddətinin bitməsinə bir neçə ay qalmış Mehman Hüseynova cəzaçəkmə müəssisəsinin işçisinə zor tətbiq etməklə bağlı yeni cinayət işi açılıb.

Həbsdə olan Mehman Hüseynovun bu ittihama etiraz olaraq dekabrın 26-dan aclıq aksiyası keçirdiyi bildirilib.

Video və foto bloqçu kimi məşhur olan Mehman Hüseynov 2017-ci ilin martın 3-də iki il müddətinə həbs edilib.

O, Daxili İşlər Nazirliyinin şikayəti əsasında polisə "ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma" maddəsilə ittiham olunub.

Bloqçu bu ittihamları qəbul etməyib.

Onun qardaşı, Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) rəhbəri Emin Hüseynov isə hazırda siyasi mühacirətdədir.

2014-cü ildə RATİ-nin yerləşdiyi ofis "qanun pozuntuları faktlarına" dair, "vəzifə saxtakarlığı" və "vəzifə səlahiyyətlərindən sui-istifadə" maddələri ilə Baş Prokurorluğun başladığı cinayət işinin gedişində möhürlənmiş, Emin Hüseynovun ölkədən çıxışına qadağa qoyulmuşdu.

Bundan sonra Emin Hüseynov 10 ay İsveçrənin Bakıdakı səfirliyinə sığınmalı olmuşdu. O, İsveçrə rəsmiləri ilə Azərbaycan hakimiyyətinin razılaşmasından sonra 2015-ci ildə ölkəni tərk etmişdi.