Azərbaycan: yaşayış minimumunun həddi 36 manat artıb

Şəklin mənbəyi, Getty Images
Azərbaycanda yaşayış minimumunun həddi artaraq gələn il üçün 246 manat səviyyəsində müəyyən edilib. Ötən il bu rəqəm 210 manat idi.
Artım üzrə göstəricilər cümə günü parlamentdə üçüncü və yekun oxunuşda qəbul edilən qanunda əks olunub.
Yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Burada qeyd olunan istehlak səbəti insanın sağlamlığının minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur.
Cümə günü parlamentdə "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında" adlı sənəd müzakirə edilib. Sənəddə həmçinin pensiyaçılar (199 manat) və uşaqlar üçün də (220 manat) yaşayış minimumu müəyyən edilib.
Əmək qabiliyyətli əhali üçün bu rəqəm 261 manatdır. Bundan əlavə, Milli Məclis "ehtiyac meyarını" 200 manatdan 246 manat səviyyəsinə qaldırıb. Beləliklə, gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi 246 manat götürüləcək.
Milli Məclisin dəstəyini qazanan sənədlər Prezidentin təsdiqinin ardınca, yanvarın 1-dən qüvvəyə minməlidir.

Şəklin mənbəyi, Aziz Karimov/Getty Images
Milli Məclisin iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri müavini bunun "müsbət hal" olduğunu deyib. Əli Məsimlinin sözlərinə görə, yaşayış minimumu ilə ehtiyac meyarı bərabərləşibsə, iki qanun sənədində uyğunlaşdırmaların aparılması mühümdür.
"Aztəminatlı ailələrin də yaşayış minimumundan çıxış etməklə ölçülməsi üçün hüquqi baza yaratmış olarıq".
Milli Məclisdə elan olunan rəqəmlər illik inflyasiya səviyyəsinin yüksəlməsinə və ərzaq məhsullarının bahalaşması barədə xəbərlərə təsadüf edir.
Sentyabr ayına aid üzrə rəsmi statistikaya görə, aylıq inflyasiya 3.1 faiz olmaqla son 80 ayın ən yüksək səviyyəsinə çatıb.
Bəzi iqtisadçılar yaşayış minimumu və ehtiyac meyarına aid son artımın ərzaq məhsullarının bahalaşma templəri ilə ayaqlaşmadığını deyirlər. Onlardan biri iqtisadi məsələlər üzrə şərhçi Natiq Cəfərlidir:
"Əhali gəlirlərinin 56 faizdən çoxunu ərzaqa xərcləyir. Bu deməkdir ki, ərzaq inflyasiyası daha çox təsir göstərir vətəndaşlara".
Natiq Cəfərliyə görə, hazırda ən doğru addım rəsmi rəqəmlərdən "daha yüksək olan" həqiqi inflyasiya göstəricilərini nəzərə alan indeksasiya ola bilərdi.
"Bizdə gündəlik tələbat malları indeksi yoxdur. Bir çox ölkədə 30 adda gündəlik tələbat indeksi var. Biz bunu hesablasaq, onda daha yuxarı inflyasiya göstəricilər alınacaq", Natiq Cəfərli deyir.
Mərkəzi Banka əsasən, sentyabr ayında aparılan sorğulara görə ev təsərrüfatlarının 20 faizi növbəti 12 ayda inflyasiya tempinin yüksələcəyini gözləyir.








