Vüsalə Mahirqızı: "APA öz fəaliyyətini tamamilə dayandırıb"

APA informasiya agentliyinin rəhbəri Vüsalə Mahirqızı

Şəklin mənbəyi, APA

Şəklin alt yazısı, APA informasiya agentliyinin rəhbəri Vüsalə Mahirqızı

"APA Holding" MMC fəaliyyətini tamamilə dayandırıb", bunu qurumun rəhbəri Vusalə Mahirqızı BBC News Azərbaycancaya təsdiqləyib.

Bundan bir neçə gün əvvəlki statusunda isə Vüsalə Mahirqızı APA ətrafında "oyunlar qurulduğunu" yazmış və bildirmişdi ki, "bu oyunu quranların bu qədər açıq müstəvidə və iyrəncliklə oynayacaqlarını təsəvvür" eləməyib".

Holdinqin rəhbəri düşünür ki, prezident İlham Əliyevin çıxışında APA-nın "səhvə, hətta kobud hesab ediləcək səhvə yol verməsi bu şirkət üzərində oyunlar oynayanlara fürsət" verib.

Cümə axşamı günü APA-nın rəhbəri holdinqin fəaliyyətini dayandırdığını bəyan edib və bundan başqa heç bir açıqlama vermək istəmədiyini deyib.

Avqustun 1-i axşam saatlarından APA Holdinqə daxil olan APA, Lent.az və APA Sport saytlarına girişdə məhdudiyyət yaranıb.

Məhdudiyyət yaranmazdan əvvəl APA agentliyi bir təkzib yaymışdı.

Təkzibdə deyilirdi ki, Prezident İlham Əliyevin avqustun 1-də müharibə əlillərinə ev, maşın verilməsi mərasimindəki çıxışının mətnində yanlışlığa yol verilib.

Holdinqin məlumatında bildirilirdi ki, agentlik İlham Əliyevin sözlərini təhrif edib.

"Ermənistan rəhbərliyi bundan sonra da işğalın uzadılmasına davam etdirəcəksə, biz də təcrid siyasətimizi davam etdirib Ermənistanı çökdürəcəyik", APA-nın saytındakı və Haqqin.az və digər saytların istinad etdiyi xəbərdə belə deyilirdi.

Əslində isə Prezidentin çıxışında həmin cümləni bu şəkildə dediyi məlum olub: "Əgər Ermənistan rəhbərliyi bundan sonra da danışıqların uzadılması ilə məşğul olacaqsa, biz öz təcrid siyasətimizi davam etdirəcəyik, bütün vasitələrdən istifadə edib Ermənistanı daha da sarsıdacağıq".

APA 2004-cü ildə Ədliyyə Nazirliyindən qeydiyyatdan keçib.

Əsasən xəbər agentliyi kimi fəaliyyət göstərən APA sonrakı illərdə nəzdində Lent.az, Kulis.az, Apa Sport kimi ayrıca saytlar, online APA TV yaratmışdı.