Vergi yoxlamaları və nəzarət tədbirləri barədə nəyi bilmək lazımdır: 4 suala cavabda

Mikayıl Cabbarov

Şəklin mənbəyi, Vergilər Nazirliyi

Şəklin alt yazısı, Ötən ilin sonunda vergilər naziri təyin edilən Mikayıl Cabbarov sahibkarlara "yeni, müasir, innovativ, açıq və şəffaf vergi xidməti" vəd etmişdi.

Vergilər Nazirliyi öz strukturunda Vergi auditi departamentinin yaradıldığını elan edib. Bu idarə yoxlayıcı funksiyaları və vergi nəzarətini bir mərkəzdən əlaqələndirməlidir.

BBC News Azərbaycanca yeni təşəbbüsün hədəfi, prinsipləri və qaydaları barədə məlumatları bir araya gətirib.

1. Yoxlamaları kim və necə idarə edəcək?

İndiyədək səyyar vergi yoxlamaları və operativ nəzarət tədbirləri Vergi Nazirliyinin ayrı-ayrı strukturlarının səlahiyyətlərinə daxil olub.

Nazirlik bildirir ki, yeni yaradılmış departamentdə yoxlamalar və nəzarət tədbirləri vahid mərkəzdən idarə olunacaq.

Səyyar vergi yoxlamaları və operativ vergi nəzarəti tədbirləri "koordinasiyalı formada" həyata keçiriləcək.

Departamentin tərkibində səyyar vergi yoxlamalarına nəzarət, operativ vergi nəzarəti və vergi nəzarəti tədbirlərinin təşkili və təhlili şöbələri yaradılıb.

2. Ödəyicilərin risk qrupları niyə yaradılır?

Vergi auditi departamenti vergidən yayınan şəxslərin aşkar edilməsi və nəzarət tədbirlərinin keçirilməsi üçün ödəyicilərin risk qruplarına bölünəcəyini bildirir.

Bu qruplara düşməyən ödəyicilər rahat şəkildə fəaliyyət göstərəcək, audit departamentinin baş direktorunun müavini Fateh Mustafayev bildirib.

Risk qruplarına düşməyən, yəni vergi öhdəliyini vaxtlı-vaxtında və tam həcmdə yerinə yetirən vergi ödəyiciləri rahat şəkildə fəaliyyət göstərəcək.

Riskli vergi ödəyiciləri, yəni dövriyyəsini azaldan, vergidən yayınan şəxslər isə riskin səviyyəsindən asılı olaraq, səyyar vergi yoxlaması və ya operativ nəzarət tədbirlərilə üzləşə bilər.

3. Vergi yığımı yerinə könüllü ödənişə keçid prinsipi nədir?

Nazirlik istəyir ki, vergilərin yığılması əvəzinə onların könüllü ödənilməsini təmin etsin.

Bunun üçün vergi ödəyənlərdən, o cümlədən ikili mühasibatlıqdan imtina, sahibkarlıq subyektlərində uçot və hesabatlılığın qaydaya salınması gözlənir.

Nazirlik öz növbəsində səyyar yoxlamaların daha çevik təşkili, elektron auditin genişləndirilməsi, şəffaflığın təmin edilməsi və korrupsiya əlamətlərinin sıfıra endirilməsini əsas hədəflərindən hesab edir.

Vergilər Nazirliyi bildirir ki, əsas məqsəd vergilərin yığılmasından uzaqlaşıb onların könüllü ödənilməsinə keçidin təmin edilməsidir.

4. Vergi ödəyiciləri Vergi Nazirliyinə partnyor olacaqmı?

Fevral ayında Vergilər Nazirliyi yeni siyasətini elan edərək vergi ödəyicilərinin "qurban" yox "partnyor" olduğunu bəyan etmişdi. O zaman iqtisadçılar liberallaşmanı müsbət hal kimi alqışladılar.

İqtisadiyyat məsələləri üzrə ekspert Natiq Cəfərli hesab edir ki, sahibkarlar arasında vergi orqanlarına qarşı mövcud olan qorxu hissi yalnız iş prinsiplərinin dəyişdirilməsindən sonra aradan qalxa bilər.

"Nazirlik sahibkarların dostuna çevrilmək istəyir. Bunu bacarsalar, əla olardi", deyə Natiq Cəfərli hesab edir ki, buna nail olmaq üçün vergi üzrə plan yığışdırılmalıdır: "Planın doldurulması qüvvədə qalarsa, işlər köhnə qaydada davam edəcək."

Sahibkarları birləşdirən qurumlar VergilərNazirliyinin son təşəbbüsünə reaksiya verməyiblər.