1919-cu ildə Avropaya viza gözləyən Azərbaycan nümayəndə heyəti

konfrans

Şəklin mənbəyi, Milli arxiv

Şəklin alt yazısı, Paris Sülh Konfransında iştirak edən Azərbaycan nümayəndə heyəti
    • Müəllif, Dr. Harun Yılmaz
    • Vəzifə, Tarixçi-alim, Britanya Akademiyasının müxbir üzvü

Məşhur Paris Sülh Konfransı I Dünya Müharibəsindən dərhal sonra 1919-cu ildə təşkil edilib.

Qalib dövlətlərin liderləri - ABŞ prezidenti, Britaniyanın, Fransa və İtaliyanın baş nazirləri müxtəlif məsələləri müzakirə edirlər.

Altı ay ərzində onlar 145 dəfə görüşüb, əhəmiyyətli məsələlərlə bağlı vacib qərarlar qəbul ediblər və Almaniya ilə sülh müqaviləsi imzalayaraq Parisi tərk ediblər. Kiçik məsələlər isə diplomatların öhdəsinə buraxılıb.

Azərbaycanlılar isə Parisə konfransın sonuncu həftəsində yetişirlər, böyük qüvvələrin liderlərləri oranı tərk etdikdən sonra. Onlar yalnız ABŞ prezidenti Wilson-la qısa görüş keçirə bilirlər. Vəssalam.

Bəs bu gecikmənin səbəbi nə idi?

Dünya Müharibəsi 1918-ci ilin noyabrında başa çatır. Müharibənin qalib ölkələri Britaniya, Birləşmiş Ştatlar, Fransa, İtaliya və Yaponiya 1919-cu ilin yanvarında Parisdə sülh konfransı təşkil edəcəklərini bildirirlər.

Onlar məğlublardan mümkün qədər çox şey əldə etmək istəyirdilər. Konfrans açıq elan olunduqdan sonra, 27 ölkədən olan diplomat və mütəxəssislər mindən artıq sessiyada görüşüb, yüzlərlə məsələləri müzakirə edirlər.

Konfransın altı ay çəkən müddəti çərçivəsində saysız-hesabsız görüş və müzakirələr baş tutur. Yeni sərhədlər cızılır və yeni dövlətlər qurulur.

Konfransda öz dövləti olmayan kiçik xalqlar da iştirak edirdi. Onlar Parisə müdafiəçi tapmaq və dövlətlərini qurmaq üçün gəlmişdilər.

Bəziləri müstəqilliklərini keçən bir neçə ay ərzində elan etsələr də, onların dövlət və sərhədlərini tanıyan yox idi.

Çexlər, polyaklar, xorvatlar, koreyalılar, ərəblər, yəhudilər, gürcülər, ermənilər, ukraynalılar, litvalılar və bir çox başqaları ölkələrinin sərhədlərini göstərən xəritələr gətirmişdilər.

Eləcə də onlar tarixi, coğrafi, iqtisadi və etnik olaraq ərazi iddialarını dəstəkləyən sənədlər və iddianamələr hazırlamışdılar. Onlar hegemonları öz müstəqil dövlətləri olduğuna inandırmaq üçün bu məqamı haqlı olaraq tarixi imkan kimi qiymətləndirirdilər.

Xəritə və sənədləri əllərində onlar britaniyalı, fransız və amerikalı diplomatların arxasınca düşürdülər. Onlar Parisin hotellərində görüşürdülər.

Bağlı qapılar arxasında lobbiçilik apararaq ərazi və demoqrafik problemləri müzakirə edirdilər.

Müstəqil dövlət kimi tanınmaq üçün bu nümayəndələrin bəziləri Britaniya, Fransa, Birləşmiş Ştatlar və İtaliya təmsilçilərinə iqtisadi vədlər də verirdilər. Qalibləri inandırmaq üçün onların bir neçə ayı var idi.

Bakıda Azərbaycan Cümhuriyyətinin liderləri də bu mühüm hadisədən xəbərdar idilər.

1918-ci il dekabrın 28-də baş nazir Fətəli xan Xoyski Azərbaycan xalqını Parisdə təmsil etmək üçün nümayəndə heyəti təsis edir.

Heyət 1919-cu il yanvarın 7-si mandatını alır və Batumiyə yola düşür. Buradan isə onlar gəmi vasitəsilə İstanbula gedirlər. Plan isə Fransaya qədər dənizləri üzmək idi.

Nümayəndə heyətinin rəhbəri təcrübəli siyasətçi və cümhuriyyətin qurucularından biri olan Əlimərdan bəy Topçubaşov idi

Şəklin mənbəyi, Milli arxiv

Şəklin alt yazısı, Nümayəndə heyətinin rəhbəri təcrübəli siyasətçi və cümhuriyyətin qurucularından biri olan Əlimərdan bəy Topçubaşov idi

Nümayəndə heyətinin rəhbəri təcrübəli siyasətçi və cümhuriyyətin qurucularından biri olan Əlimərdan bəy Topçubaşov idi. O, həmçinin, Azərbaycanın Osmanlı paytaxtında səlahiyyətli nümayəndəsi idi.

Heyətin digər üzvləri də mühüm simalar idi. Əhməd bəy Ağaoğlu tanınmış intellektual, ideoloq və parlamentin üzvü idi. O, Sankt Peterburq və Parisdə təhsil almış və türkçülük ideologiyasının banisi sayılırdı.

Ağaoğlu Enver paşa və 1908-1918-ci illərdə Osmanlı imperiyasını idarə edən İttihad və Tərəqqi partiyaları ilə yaxın olub.

Müsavat partiyasından Məmmədhəsən Hacınski parlament üzvü və iqtisadiyyat naziri idi. O, Petroqradda mühəndislik üzrə təhsil almış və neft sənayesində işləyirdi.

Nümayəndə heyətinin Əkbər ağa Şeyxülislamov kimi gənc üzvləri də var idi. O, parlament və sosial demokrat Hümmət partiyasının üzvü idi.

Şeyxülislamov birinci kabinetin kənd təsərrüfatı və əmək naziri olub. O, ali təhsilini Petroqradda (Sankt Peterburq) yerləşən Nəqliyyat Mühəndisliyi İnstitutunda almışdı.

Başqa bir gənc nümayəndə Mir Yaqub Mehdiyev idi. O isə mühafizəkar fikirli İttihad partiyasının üzvü idi. O da ali təhsilini müharibədən qabaq Petroqradda (Sankt Peterburq) almışdı.

Heyətin digər gənc nümayəndəsi Ceyhun Hacıbəyli idi. O, milli hökumətin rəsmi qəzeti sayılan Azərbaycanın naşiri idi. Eyni zamanda Azərbaycanın məşhur bəstəkarı Üzeyir Hacıbəylinin qardaşı idi.

Peşəsi hüquqşünas olan Hacibəyli fransızca səlis danışırdı. Xalqı təmsil etmək üçün Parisə yollanan zaman Şeyxülislamov, Mehdiyev və Hacıbəylinin cəmi 28 yaşı olub.

Paris Konfransı 1919-cu il yanvarın 18-i başlayır. Yanvarın 20-i azərbaycanlı, gürcü və dağıstanlı nümayəndələr İstanbula çatırlar. Onların hamısı birbaşa Parisə getmək istəyirdilər.

Lakin iki ay əvvəl, 1918-ci ili noyabrında İstanbulu ələ keçirən Britaniya və Fransa qüvvələri səyahətlərini davam etdirmək üçün nümayəndələrin hamısına icazə vermir.

Qərarlar kəşfiyyat xidmətlərindən verilən məruzələr və xarici işlər nazirlikləri tərəfindən alınan əmrlər əsasında verilmişdi.

Həmin vaxt Britaniya və Fransa hökumətləri Rusiya Vətəndaş Müharibəsində Bolşeviklərə qarşı vuruşan Ağ qüvvələri dəstəkləyirdilər. Bu Ağ Rusiya liderlərinin heç biri Transqafqaz ölkələrinin Rusiyadan ayrılmasına imkan verməzdi.

London və Paris bu respublikaları tanıyaraq rusları qarşı hərəkət etməzdi. Buna görə də Fransa və Britaniya hökumətləri İstanbuldakı hərbi komandirlərinə Gürcüstan, Azərbaycan, Kuban və Dağıstan nümayəndələrinə viza verməməyi tapşırır.

Bu əraziləri Parisdəki Ağ rusiyalılar heyəti də təmsil edə bilərdi.

Britaniya və Fransanın İstanbuldakı hərbi nümayəndələrinin əlində hər bir üzv üçün kəşfiyyat məlumatı var idi və onlar Rusiyada bolşeviklər və Türkiyədə İttihad və Tərəqqi partiyaları ilə əlaqəsi olanlara viza vermədi.

İstanbuldakı müttəfiq işğalçı qüvvələr Azərbaycan nümayəndə heyətinin üzvü olan Əhməd bəy Ağaoğlunu müharibə zamanı İttihad və Tərəqqi partiyası ilə yaxınlığına görə xoş qarşılamır.

Topçubaşova görə, məsələ Ağaoğluda deyildi. Əsl səbəb London və Parisin rusiyalı olmayan nümayəndələri qəbul etməklə, admiral Kolçak və Ağ qüvvələrin başqa liderlərini qəzəbləndirmək istəməməsi idi.

1919-cu ildə ağlar bolşeviklər tərəfindən məğlub vəziyyətdə idi. Topçubaşov və Azərbaycan nümayəndələri Fransa və Britaniya təmsilçiləri ilə danışıqlara davam edir və Paris və Londona icazə üçün məktublar göndərirlər.

Çoxsaylı yazışmalar və görüşlərdən sonra Azərbaycan nümayəndə heyəti üzvləri vizalarını yalnız 1919-cu ilin aprelin 22-si alır və dərhal İstanbuldan "Bolqarıstan" paroxodu ilə yola düşürlər.

Gəmi Selanik və Pireydə dayanır, Messinaya baş çəkir və sonra İtaliyanın Neapol şəhərinə yan alır. Neapoldan Parisə gedən azərbaycanlılar Parisə 1919-cu il mayın 7-si çatırlar.

Nümayəndələr şəhərin mərkəzi qatar vağzallarından biri olan St.Lazare stansiyası binası üzərində yerləşən mehmanxanada qalırlar.

Azərbaycan nümayəndə heyəti ilə dağıstanlıların 1919-cu il mayın 28-də Amerika prezidenti Woddrow Wilson ilə qısa və soyuq bir görüşü baş tutur.

Növbəti ay isə Wilson və digər əsas liderlər Almaniya ilə sülh sazişi imzalayır və Parisi tərk edirlər.