“Formula 1”ə görə Bakının bəzi məktəblərində dərslər təxirə salınıb

Grand Prix

Şəklin mənbəyi, KIRILL KUDRYAVTSEV/ GETTY

Şəklin alt yazısı, Grand Prix

Formula-1 Azərbaycan Qran Pri yarışı ilə bağlı Bakı şəhərinin mərkəzində yerləşən məktəblərdə ibtidai siniflərin yaz tətili və 5-11-ci siniflərin dərs günlərində dəyişiklik edilib.

Bunu Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov Facebook hesabında paylaşıb.

O bildirib ki, yarışların hərəkət sxeminə aid olan və Bakı şəhərinin mərkəzi ərazisində yerləşən Tofiq İsmayılov adına 6 nömrəli məktəb-lisey, 132-134 nömrəli təhsil kompleksi və 23 nömrəli tam orta məktəbin ibtidai sinifləri üzrə 1-5 may tarixli yaz tətili 24-30 aprel tarixinə keçirilib: "5-11-ci sinif şagirdlərinin buraxılmış dərs günlərinin növbəti həftələrdə şənbə günləri ilə əvəz olunması qərara alınıb", - Cəsarət Valehov deyib.

Formula 1
Şəklin alt yazısı, Nazirlik sözçüsü bunu Formula 1 yarışları ilə əlaqədar olaraq bir sıra istiqamətlərdə hərəkətin məhdudlaşdırılması ilə izah edib.

Nazirlik sözçüsü bunu Formula 1 yarışları ilə əlaqədar olaraq bir sıra istiqamətlərdə hərəkətin məhdudlaşdırılması ilə izah edib.

Üçüncü "2018 Formula-1" Azərbaycan Qran-prisi aprelin 27-29-da keçiriləcək.