Novruz Məmmədov baş nazir təyin edilib

Novruz Məmmədov

Şəklin mənbəyi, Azertag

Şəklin alt yazısı, Novruz Məmmədov 2017-2018-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri olub

Bu gün Milli Məclisin iclasında İlham Əliyevin təqdimatına əsasən Novruz Məmmədovun Baş nazir vəzifəsinə təyin edilməsinə razılıq verilməsi barədə məsələ müzakirə edilib.

Milli Məclis Konstitusiyanın 118-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən bu barədə qərar qəbul edib.

Novruz Məmmədov təyinatdan sonrakı çıxışında Heydər Əliyev siyasətini davam etdirəcəyini bildirib.

O deyib ki, sabitliyin və inkişafın davam etdirilməsi əsas vəzifələr arasındadır.

Novruz Məmmədov 2017- ildən Azərbaycan Respublikası Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi və şöbə müdiridir.

Bundan əvvəl İlham Əliyev Baş nazir Artur Rasi-zadənin həm sovetlər dövründə, həm də müstəqillik illərində Azərbaycanın inkişafı yolunda uğurla çalışdığını qeyd edib.

Artur Rasi-zadə baş nazir vəzifəsində fasiləsiz olaraq 2003-cü ilin noyabr ayından işləyib.

Turan agentliyinə əsasən millət vəkilləri qarşısında çıxış edən Məmmədov bildirib ki, indi daha çox işləyəcək.

"Biz birlikdə daha böyük əminliklə bu dövlətə xidmət edəcəyik. Biz daha böyük əminliklə ümummili lider Heydər Əliyevin başladığı yoldan gedəcəyik".