Bakı: Lavrovla görüşdə Əliyev Azərbaycanın Qarabağ münaqişəsini tezliklə həll etmək istədiyini bildirib

Lavrov və Əliyev

Şəklin mənbəyi, PREZIDENT.AZ

Şəklin alt yazısı, Prezident Əliyev Rusiya Xarici işlər nazirini Bakıda qəbul edib.

Prezident İlham Əliyev Azərbaycanın, Qarabağ münaqişəsinin tezliklə həll edilməsində maraqlı olduğunu bildirib.

O, bunu Bakıda bazar günü Rusiyanın Xarici işlər naziri Sergey Lavrovla görüşündə deyib.

"Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər haqqında danışacağıq, Azərbaycan bu məsələnin tezliklə həllində olduqca maraqlıdır", - prezident Əliyev deyib, Rusiyanın Tass agentliyi xəbər verib.

Sergey Lavrov Moskvanın, Minsk Qrupunun həmsədri kimi, Dağlıq Qarabağ "düyününün açılması yollarının axtarışı və münaqişənin həllinə doğru hərəkət etməyə yardım göstərməkdə maraqlı" olduğunu bildirib.

Prezident İlham Əliyev noyabrın 19-da Bakıya gəlmiş Rusiyanın Xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini bazar günü "Zuğulba" prezident iqamətgahında qəbul edib

Görüşün əvvəlində Sergey Lavrov prezident İlham Əliyevə Vladimir Putinin salamlarını çatdırıb.

Lavrov bu yaxınlarda, noyabrın 1-də Tehranda Rusiya, Azərbaycan və İran arasında üçtərəfli sammit çərçivəsində Putin və Əliyev arasında danışıqların keçirildiyini xatırladıb.

Lavrov, Putinin, Əliyevlə keçirdiyi təmaslarını məmnuniyyətlə xatırladığını qeyd edib: "O, sizə ən səmimi salamlarını göndərir".

Rusiyanın Tass agentliyinin bildirdiyinə görə, Lavrov, cari ilin 9 ayı ərzində Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin 60 faizdən çox artdığını da qeyd edib.

Bundan əlavə, Sergey Lavrov bu il Stavropolda regionlararası forumun uğurla keçirildiyinə də diqqəti çəkib.

Nazirin sözlərinə görə, Rusiya Azərbaycanla bağlanmış bütün müqavilələrin yerinə yetirilməsi məqsədinə sadiqdir.

Prezident Əliyevin sözlərinə görə, Sergey Lavrovla görüş eləcə də Azərbaycan-Rusiya münasibətlərinin gələcək inkişafı ilə bağlı məsələləri müzakirə etmək imkanıdır.

O, qeyd edib ki, Azərbaycan, bütün sahələri əhatə edən və yaxşı dinamizmə malik olan ikitərəfli münasibətlərin inkişafından razıdır: "Əlaqələr yüksək səviyyədədir. Biz çoxdandır ki, bu münasibətləri partnyolararası əlaqələr kimi səciyyələndiririk, və əminik ki, gələcəkdə biz bu əməkdaşlığın potensialını artıracağıq".

Rusiyanın Xarici işlər naziri Bakıya səfəri zamanı Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarovla da görüş keçirəcək.

Lavrov Azərbaycana səfərini başa vurandan sonra Ermənistana yollanmalıdır.