Lütfi Zadə dəfn edilib

Qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadə I Fəxri xiyabanda dəfn olunub.

Bundan əvvəl Azərbaycan Milli Elmlər Akademiyasında onunla iki saatlıq vida mərasimi keçirilib. Vida mərasimində prezident İlham Əliyev iştirak edib, Azərtac xəbər verir.

Dəfn mərasimində Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, ADA Universitetinin rektoru Hafiz Paşayev, AMEA prezidenti Akif Əlizadə, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli, MSK sədri Məzahir Pənahov və digər şəxslərin iştirak etdiyi deyilir.

Lütfi Zadənin cənazəsi 29 sentyabr 03.00 radələrində Heydər Əliyev Beynəlxalq Hava Limanından Heydər məscidinə aparılıb.

Məsciddə cənazə namazı qılınıb və Lütfi Zadənin ruhuna dualar oxunub, məlumatlarda deyilir.

Dünya şöhrətli alim sentyabrın 6-da 96 yaşında ABŞ-ın Kaliforniya ştatında vəfat edib.