Yeni cəza növləri təklifi nəyi dəyişə bilər?

İlham Aliyev

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Azərbaycan prezidentinin təklifləri qanunvericilikdə böyük dəyişiklərə səbəb ola bilər

Prezident İlham Əliyev parlamentə azadlığın məhdudlaşdırılması ilə bağlı yeni cəza növünün tətbiqi, narkomaniya xəstəliyinə görə cinayət məsuliyyətindən azadetmə və ömürlük azadlqıdan məhrum etmə cəzası alanlarla bağlı güzəştlər tətbiq edilməsi kimi təkliflər göndərib.

Hüquqşünaslar Cinayət Məcəlləsinə edilən bu təklifləri mövcud cəzalar sistemində köklü dəyişiklik yarada biləcəyini deyirlər.

Millət vəkillərinin fikrincə, cəzaların bu cür tənzimlənməsinə çoxdan ehtiyac vardı.

Dəyişikliklər layihəsinin yaxın günlərdə ictimai dinləmələrdən sonra Milli Məclisdə müzakirəyə çıxarılacağı gözlənilir.

line

Həmçinin oxuyun:

line

2016-cı ilin rəsmi statistikasına görə, Azərbaycanda 14 minə yaxın məhkum olunan var, ancaq onların 8 minə yaxını müəyyən müddətə azadlıqdan məhrum ediliblər.

Ötən ilin məlumatına görə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 2300-dən çox adam azadlıqdan məhrum olub. Onların əksəriyyəti (1600-dən çoxu) iki ilə qədər həbs cəzası alıb, Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

Cinayət Məcəlləsinə əlavəsi təklif edilən yeni 52.1 maddəsində göstərilir ki, azadlığın məhdudlaşdırılması cəzasının tətbiqi zamanı məhkum cəmiyyətdən tam təcrid olunmur və yaşayış yeri üzrə nəzarət altında saxlanır.

Bu nəzarət məhbusun elektron nəzarət vasitəsini gəzdirmək, yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtında tərk etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını pozmamaq və sair tələbləri əhatə edir, təkliflərdə göstərilir.

Həmin maddədə qeyd olunur ki, azadlığı bu cəza növündə məhdudlaşdırılan şəxsin kütləvi və digər tədbirlər təşkil etmək və ya belə tədbirlərə qatılmaq hüququ yoxdur.

Ehtiyac varsa, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçməlidilər.

prison door

Şəklin mənbəyi, Getty Images

Azadlığın məhdudlaşdırılması cəzası 6 aydan 5 ilədək hesablanacaq, ictimaiyyətə açıqlanan təkliflərdə deyilir.

Prezidentin təkliflərində Azərbaycanda ömürlük azadlıqdan məhrum etmə cəzası alanlarla bağlı güzəştlər tətbiq edilməsi də nəzərdə tutulub.

Cinayət Məcəlləsinin 76-cı maddəsinin təklif edilən yeni 4-1 bəndində görə, azadlıqdan ömürlük məhrum edilmiş şəxs, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi zamanı onun cəza çəkdiyi dövrün son beş ili ərzində cəzanın çəkilməsi qaydalarına əməl edilməsi halları nəzərə alınır.

Narkotik asılılığı olan şəxslər isə məhkəmə qərarı ilə məcburi tibbi tədbirlərə cəlb ediləcək və əgər sağalarsa, şəxsi cinayət məsuliyyyətindən azad ediləcək.

Təklif edilən yeni 74.1 maddəsində görə, əməlində başqa cinayət tərkibi olmayan və narkomaniya xəstəliyinə düçar olmuş şəxs barəsində məhkəmə tərəfindən bu xəstəliklə əlaqədar stasionar qaydada tibbi xarakterli məcburi tədbirlər tətbiq edilir.

Təklifə görə, məhkum edilmiş şəxsin cinayət məsuliyyətindən yalnız tam sağaldığından sonra azad edilməsi nəzərdə tutulub.

"Bu, çoxdan gözlənirdi"

"Belə bir məsələ çoxdan hər kəsi düşündürürdü və tənzimlənməyə, cəzanı yüngülləşdirməyə ehtiyac vardı", millət vəkili Fazil Mustafa BBC Azərbaycancaya deyir.

Cənab Mustafa qeyd edir ki, narkotika istifadəçiləri üçün məcburi müalicə yüngülləşdirici hal kimi nəzərdə tutulur:

"Narkotika alüdəçiliyi artıq bir xəstəlik kimi qəbul edilir və bunun da qarşınının alınması üçün başqa yollar da var".

Fazil Mustafa təxminən ev dustaqlığına bənzər azadlığın məhdudlaşdırılması cəzasının işləməyəcəyini ehtimalını düşünmür, ancaq hesab edir ki, bu cəza növünün verilməsi üçün şəxsi keyfiyyətlər də nəzərə alınmalıdır.

Bundan bir neçə gün əvvəl Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmmərizəçisi Stefan Schennach BBC Azərbaycancaya Azərbaycan rəsmilərilə görüşlərdə cəzaların humanistləşdirilməsi barədə söhbətləri olduğunu deyib.

"Biz müxtəlif qanunların dekriminalizasiyasını nəzərdə tutan humanistləşdirmə layihəsini müsbət qarşılayırıq. Eyni zamanda biz "siyasi məhbuslar" da daxil olmaqla həddindən artıq insanın həbsdə olduğuna görə narahatıq", cənab Schennach deyib.

O, "həbs hər şeyin çarəsi ola bilməz, gərək alternativlər olsun" dediyini və rəsmilərin onu dinlədiklərini bildirib.

"Qanun qəbul edilsə, bir çox məhbus işinə yenidən baxılmasını istəyəcək"

"Cəzaçəkmə müəssisələrində məhbusların sayı çoxdur və yəqin ki, bunun qarşısını almaq üçün azadlığın məhdudlaşdırılması ilə bağlı cəza növü yenidən bərpa edilir", hüquqşünas Fariz Namazlı BBC Azərbaycancaya müsahibəsində cənab Əliyevin təkliflərini belə qiymətləndirir.

Onun fikrincə, dövlət büdcə gəlirlərinin azalması həbsxana xərclərini də məhdudlaşdırmağa məcbur edir.

Fariz Namazlı güman edir ki, azadlığın məhdudlaşdırılması cəzası az təhlükəli cinayət törənlərə şamil ediləcək:

"Narkotik vasitələrdən şəxsi istehlakı üçün istifadə edənlər iki ilə qədər azadlıqdan məhrum edilirdilər. Bunun qarşısını almaq üçün həmin şəxslərin məcburi tibbi müalicəyə cəlb olunması təklif olunur".

Fariz Namazlı əlavə edir ki, yüngülləşdirici hallar olduqda qanun geriyə şamil olunur və bu təkliflər qanuni qüvvəyə minərsə, bir çox məhbus məhkəməyə yenidən müraciət edib cəzasına yenidən baxılmasını istəyə biləcək.