Jurnalist Əfqan Muxtarlı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib
Səbail Rayon Məhkəməsinin qərarı ilə jurnalist Əfqan Muxtarlı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib, BBC Azərbaycancanın müxbiri Günel Səfərova məhkəmədən xəbər verir.
Jurnalistin vəkili Elçin Sadıqov deyib ki, Əfqan Muxtarlıya qarşı yeni ittiham irəli sürülüb:
"Yeni ittiham Cinayət Məcəlləsinin 315.2 bəndidir, guya sərhəd xidməti əməkdaşının həyat və sağlamlığına zor tətbiq edib", vəkil əlavə edib.
Bundan əvvəl, çərşənbə günü mətbuata verdiyi bəyanatında Gürcüstanın Prezidenti Georgi Marqvelaşvili Əfqan Muxtarlının Gürcüstandan çıxarılmasına dair iddiaların araşdırılmasını tələb edib.
O, deyib ki, "bir şəxsin Gürcüstan ərazisindən yox olması... bizim suverenliyimiz və dövlətçiliyimizə qarşı ciddi çağırışdır".
Prezident Gürcüstanın regionada media və insan haqlarının qorunmasında lider olduğunu xatırladaraq, bu sahədə yüksək standartlara sahib olmağın Gürcüstan dövlətçiliyi üçün mühüm olduğunu vurğulayıb.

İttihamlar nədir?
Baş prokurorluq cənab Muxtarlının "mayın 29-da saat 22.40-da Azərbaycan dövlət sərhədini qanunsuz keçəndən sonra saxlanıldığını" deyib.
Baş prokurorluğun sözçüsü Eldar Sultanovun BBC Azərbaycancaya təsdiqlədiyi məlumatda deyilir ki, "jurnalist Balakən rayonu ərazisində saxlanılarkən sərhədçilərə müqavimət göstərib".
"Axtarış zamanı onun üzərindən xarici valyuta ilə iri məbləğdə pul tapılıb", qurumun məlumatında bildirilir.
Vəkil Elçin Sadıqovun sözlərinə görə, jurnalist sərhədi qanunsuz olaraq keçməkdə və qaçaqmalçılıqda ittiham edilir.
Gürcüstanın paytaxtı Tbilisidə yaşayan jurnalist Əfqan Muxtarlı bazar ertəsi axşam saatlarında yoxa çıxıb. Daha sonradan onun vəkili deyib ki, cənab Muxtarlı Dövlət Sərhəd Xidməti tərəfindən saxlanılıb və Bakıya gətirilib.
Azərbaycan Dövlət Sərhəd Xidmətindən şərh almaq mümkün olmayıb.


Şəklin mənbəyi, Elmir Mirzoyev
HRW: "Muxtarlının pis rəftara məruz qalması təhlükəsi var"
"Gürcüstan hakimiyyəti jurnalist Əfqan Muxtarlının oğurlanmasını qısa vaxt ərzində araşdırmalı və Azərbaycan hakimiyyəti dərhal onu azad etməli və ona qarşı irəli sürülən bütün ittihamlar düşməlidir", Human Rights Watch Təşkilatının Cənubi Qafqaz üzrə direktoru Georgi Gogia bildirib.
HRW bildirib ki, 46 yaşlı Muxtarlı və onun araşdırmaçı həyat yoldaşı Leyla Mustafayeva 2015-ci ildən, Azərbaycan hökumətinin tənqidçilərə qarşı qərəzli münasibətindən qaçdıqdan sonra Gürcüstanda yaşayır.
Muxtarlının həbsdə pis rəftara məruz qalması təhlükəsi var, məlumatda deyilir.
"Muxtarlı təhlükəsizlik axtarışı ilə Gürcüstana gedib, amma görünür o, Azərbaycan hökumətinin əlindən kifayət qədər uzaq deyildi."
"Gürcüstan hökuməti də onun taleyi üçün məsuliyyəti bölüşür və onun qanunsuz saxlanma və qaytarılmasında öz rolu haqqında təmiz məlumat verməlidir."
"Bu adam oğurluğu yöndəmsiz və qorxaqdır," cənab Gogia bildirib.
"Bir dəqiqə də olan kimsə inanmaz ki, Muxtarlı öz istəyilə Azərbaycana, təqibdən canını qurtarmaq üçün qaçdığı yerə daxil olmaq istəyib... Əgər Azərbaycan hakimiyyətinin onun qanun pozması ilə bağlı faktları varsa, onlar ekstradisiya vasitəsilə onun qaytarılmasını təşkil edə bilərdilər. Əvəzinə, o, filmlərdəki kimi quldurlar tərəfindən oğurlanıb", bəyanatda qeyd edilib.

Çərşənbə günü Tbilisidə bir qrup azərbaycanlı və gürcü vətəndaş cəmiyyətinin nümayəndələri, fəal və jurnalistlər Gürcüstan hökümət binasının qarşısında etiraz nümayişi keçirib.




Amnesty International jurnalisti "vicdan məhbusu" adlandırıb
Amnesty International (Aİ) təşkilatı Tbilisidə yaşayan, "Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən" saxlanılmış və sərhədi qanunsuz olaraq keçməkdə və qaçaqmalçılıqda ittiham edilən jurnalist Əfqan Muxtarlını "vicdan məhbusu" adlandırıb.
"Əfqan Muxtarlı dərhal və qeyd-şərtsiz azad olunmalı və işgəncə və digər qəddar rəftardan qorunmalıdır", Aİ təşkilatının Cənubi Qafqaz üzrə nümayəndəsi Levan Asatiani deyib.
Cənab Asatiani hadisəni "uzun müddətdir jurnalistlər və hüquq müdafiəçilərinə təzyiqlə tanınan ölkə üçün dərin kədərli hal" adlandırıb.
O, həmçinin ehtimal edib ki, "Əfqan Muxtarlının oğurlanmasında və məcburi Azərbaycana qayıtarılmasında Gürcüstan hakimiyyətinin də əli olub".
"Gürcüstan nə baş verdiyini operativ və qərəzsiz araşdırmalı və bu dəhşətli əməliyyatda iştirak edənləri məsuliyyətə cəlb etməlidir," Levan Asatiani deyib.
Gürcüstanın Daxili işlər Nazirliyi (GDİN) bildirib ki, jurnalistin "oğurlanması" ilə bağlı Cinayət Məcəlləsinin 143-cü -azadlığın qanunsuz məhdudlaşdırılması maddəsi ilə araşdırma aparılır. GDİN jurnalistin Bakıya gətirilib-gətirilməməsi ilə bağlı əlavə şərh verməyib.







