Lady Gaga zorlanmadan sonra stressdən "əziyyət çəkib"

Lady Gaga, 19 yaşında təcavüzə məruz qaldığı üçün PTSD (Post-travmatik stress pozuqluğu) olduğunu deyib

ABŞ pop ulduzu Lady Gaga, 19 yaşında təcavüzə məruz qaldıqdan bəri post-travmatik stress pozuqluğudan (PTSD) əziyyət çəkdiyini deyib.

O, bu əqli sindrom haqqında ötən ay baş çəkdiyi gənc LGBT insanlar sığınacağında danışıb.

Görüşdən sonra verdiyi televiziya müsahibəsində o bilidirib: "Mən əqli xəstəlikdən - PTSD-dən əziyyət çəkirəm. Bunu əvvəl heç kimə deməmişdim."

30 yaşlı Lady Gaga, təcavüz haqqında ictimaiyyətə ilk dəfə iki il qabaq danışıb.

"Ən gizli sirrlər"

New York-da Ali Forney Mərkəzinə ziyarəti zamanı o, evsiz lezbian, gey, biseksual və transgender yeniyetmələrə bu travmanın ona, başqalarını başa düşməkdə kömək etdiyini söyləyib.

Lady Gaga Twitter hesabında bunları paylaşıb: "Bu gün mən, ən gizli sirlərimi dünyaya bəyan etdim. Sirlər insanı xəcalət hissi ilə yaşadır."

Mərkəzdə yaşayan gənclərdən biri deyib: "Lady Gaga-nın bu gün etdiyi xeyirxahlıq hələ də sevginin yaşadığına işarədir və o sevgidən mənə də pay düşür."