Odessaya hücuma rəğmən Ukraynadan taxılın ixracı üzrə hazırlıq “işləri davam etdirilir”

Yanğın söndürənlər

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Şənbə günü Odessa limanına hava zərbələri endirilib

Kiyev bildirir ki, Odessa limanına raket zərbələrinə baxmayaraq, taxılın ixracı üzrə hazırlıq işləri davam etdirilir.

Ötən gün Ukrayna ordusunun "Cənub" komandanlığı Odessaya iki “Kalibr” raketinin atıldığını bildirib.

Hava zərbələri Ukraynadan taxılın ixracı üzrə razılaşmanın əldə olunmasından bir neçə saat sonra endirilib. Bu, razılaşmanın icrasına dair təhlükəsizliklə bağlı suallar yaradıb.

Ukrayna Prezidenti Volodimir Zelenski Odessaya raket hücumundan sonra Rusiyanı “barbarlıqda” ittiham edib.

Bazar günü Rusiya Müdafiə Nazirliyi hücumu təsdiqləyib. Hərbi idarə iddia edir ki, zərbə nəticəsində Ukraynaya məxsus hərbi gəmi və ABŞ-ın Kiyevə verdiyi “Harpun” raketlərinin anbarı məhv edilib.

Bundan əvvəl Rusiya rəsmiləri Türkiyənin müdafiə nazirinə hücuma görə məsuliyyət daşımadığını deyiblər.

"Ruslar bizə qəti şəkildə bildiriblər ki, onların bu hücumla heç bir əlaqəsi yoxdur və məsələ çox diqqətlə və hərtərəfli araşdırılır", - Türkiyənin müdafiə naziri Hulusi Akar şənbə günü bildirib.

Kiyev və Moskva nümayəndələri Ukraynadan milyonlarla ton taxılın ixracına imkan verən razılaşmaya cümə günü imza atıblar.

Sənədin şərtlərinə əsasən, taxılın daşındığı müddətdə limanlar hədəfə alınmamalıdır.

ABŞ dövlət katibi Antony Blinken Rusiyanı qlobal ərzaq böhranını dərinləşdirməkdə günahlandırıb və bildirib ki, bu hücum Rusiyanın razılaşma ilə bağlı öhdəliyinin mötəbərliyinə “ciddi şübhələr yaradır”.

Hazırda Ukrayna limanlarında təxminən 20 milyon ton taxıl qalıb. Bu, adətən taxılı Ukrayna və Rusiyadan alan Afrika ölkələrində ərzaq qıtlığına və qiymət artımına səbəb olub.

Taxıl üzrə razılaşmanın icrası ilə bağlı BMT, Türkiyə, Rusiya və Ukrayna rəsmilərindən ibarət koordinasiya və monitorinq mərkəzi yaradılacaq.