Azərbaycan öz qazını daha çox Avropa ölkəsinə satacaq

Qaz memorandumu - Sofiya

Şəklin mənbəyi, Azertag

Çərşənbə axşamı Azərbaycan Bolqarıstanın paytaxtı Sofiyada Avropaya əlavə qazın tədarükü üçün ötürücü sistem operatoru ilə razılaşma memorondumu imzalayıb.

“Həmrəylik halqası” adlandırılan əlavə qaz tədarükü Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistemləri vasitəsilə həyata keçiriləcək, Azərtac yazıb.

Enerji məsələləri üzrə təhlilçi İlham Şaban hesab edir ki, bu razılaşma Azərbaycana təbii qaz satışında müxtəlif bazarlar əldə etmək imkanı yaradır və o cümlədən, Bolqarıstanda imzalanmış bu sənəd ötən il Bakı ilə Avropa İttifaqı arasında imzalanmış enerji memorandumundan irəli gələn addımlardan biridir.

Ötən il Bakıda Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen və Prezident İlham Əliyev Azərbaycan ilə Aİ arasında enerji memorandumu imzalamışdılar.

Azərbaycan Avropada “təbii qaz bazarını genişləndirir”

Bolqarıstanda imzalanma mərasimində iştirak etmiş İlham Əliyev bildirib ki, Azərbaycan təkcə energetika və enerji sahələrində deyil, digər sahələrdə də Avropa üçün etibarlı tərəfdaşdır, İctimai TV xəbər verir.

O, çıxışında deyib ki, Azərbaycanın qaz nəql etdiyi Avropa ölkələrinin sayı ilin sonunda 10-a çatacaq.

İlham Əliyev əlavə edib ki, 2021-ci ildə Azərbaycandan Avropaya 8 mlrd kub metr qaz ixrac olunurdusa, ilin sonuna kimi bu, 12 mlrd kub metrə çatacaq, İctimai TV xəbər verib.

Azərbaycan Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu "sübuta yetirdi", Avropa İttifaqının (Aİ) energetika məsələləri üzrə komissarı Kadri Simson deyib, Azərtac yazıb.

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

İmzalanma mərasimində video müraciət edən Kadri Simson-un sözlərinə görə, bu qış enerji təchizatının təhlükəsizliyini təmin etmək üçün Azərbaycan tərəfindən təchiz olunan enerji təchizatı “həlledici olub”.

Enerji məsələləri üzrə təhlilçi İlham Şaban BBC News Azərbaycancaya deyib ki, bu gün Bolqarıstanda qaz infrastrukturunun genişləndirilməsi və Azərbaycandan Avropaya qaz həcmlərinin artırılması ilə bağlı tərəflər arasında əməkdaşlıq memorandumunun imzalanması Azərbaycanla həmin ölkələr arasında “qazın satışına dair müqavilələrin bağlanmasına” yol açıb.

O qeyd edib ki, bu günkü hadisənin əsas mahiyyəti Azərbaycanın Avropada qaz bazarının diversifikasiyası, genişlənməsidir.

Azərbaycan büdcəsində neftin satışından əldə edilən gəlirlərin payı hələlik böyük olsa da, getdikcə qaz ixracatından əldə edilən gəlirin həcmi və dövlət büdcəsində payı artacaq, İlham Şaban əlavə edib.

Təhlilçi, eləcə də Azərbacanın əlavə qaz ixracaatının ölkənin daxili bazarında qaz istehlakına təsir etməyəcəyini düşünür.

“Hər bir ölkə ilk növbədə qaza daxili ehtiyacını ödəyəndən sonra ixrac barədə düşünür”.

İlham Şabanın sözlərinə görə, Azərbaycanın qaza daxili ehtiyacı təxminən 13 milyard kubmetr təşkil edir.

“Keçən il 35 milyard kubmetr qaz hasil edib, onun təxminən 13 mlrd kubmetri daxili bazara yönəldilib, qalan 22 milyard kubmetri isə ixrac olunub”.

Bu ilin yanvarında Energetika naziri Pərviz Şahbazov bildirmişdi ki, Azərbaycan 2022 -ci ildə qaz ixracını 18 faiz artıraraq 22,3 milyard kubmetrə çatdırıb.

Nazirin sözlərinə görə, 2022-ci ildə Azərbaycan qazının Avropaya ixracı 11,4 milyard kubmetr (2021 illə müqayisədə 39% artım), Türkiyəyə - 8,4 milyard kubmetr, Gürcüstana isə 2,5 milyard kubmetr təşkil edib.

Prezident İlham Əliyevin "gələcək üçün yol xəritəsi" adlandırdığı Aİ ilə keçən il imzalanmış enerji memorandumuna əsasən, Azərbaycandan Avropaya qaz nəqlinin həcmi yaxın illərdə 20 milyard kubmetrə çatdırılmalıdır.

Ötən il Avropa Komissiyasının Prezidenti Ursula Von der Leyen Azərbaycana səfəri zamanı Twitter-də yazmışdı ki, Aİ daha etibarlı enerji təchizatçılarına müraciət edir: "Məqsədimiz bir neçə il ərzində Azərbaycandan Aİ-yə qaz nəqlini iki dəfə artırmaqdır".

Ursula von der Leyen Azərbaycan Avropanın "təchizat təhlükəsizliyi və iqlim neytrallığına gedən yolda həlledici tərəfdaş" olacağını da qeyd etmişdi.

Rusiyanın Ukrayna ilə müharibəsindən sonra Rusiya qazından asılılığını azaltmaq üçün Avropa alternativ qaz mənbələri axtarmağa başlamışdı.