Aşura nədir?

Şəklin mənbəyi, GETTY IMAGES
Bu gün Azərbaycanda Aşura mərasimi keçirilir.
Aşura günü şiə müsəlmanları üçün vacib festivaldır və Məhəmməd Peyğəmbərin nəvəsi, İmam Hüseynin Kərbəla döyüşündə şəhid olduğu gün kimi qeyd edilir.
Bəzi ölkələrdə sünni müəlmanlar məhz bu günü Nuhun gəmisini tərk etdiyi gün kimi qeyd edir, könüllü oruc tutur və onu Musa Peyğəmbərin Allah tərəfindən xilas olunduğu gün kimi qeyd edirlər.
Şiə müsəlmanları üçün Aşura 680-ci ildə Hüseynin hazırda İraqda yerləşən Kərbəla düzündə şəhid olduğu gündür.
Həmin gün onlar mərsiyə deyir və səhnələr nümayiş etdirirlər.
Qara geyinmiş şiə qadın və kişilər küçələrdə yürüş edərək sinə döyür, şüarlar səsləndirirlər.
Bəzi şiə kişilər Hüseynin əzablarını təqlid etmək üçün özlərini zəncirlə döyür və ya başlarını qan çıxanacan kəsirlər.
Bəzi şiə liderləri və qrupları qan çıxarmağın əleyhinədir. Onlar bildirirlər ki, bu, şiə müsəlmanların geridəqalmış və mənfi imicini formalaşdırır. Onlar bunun əvəzinə insanları qan verməyə çağırırlar.

Şəklin mənbəyi, AHMAD AL-RUBAYE/ GETTY
İslam təfriqələri
İmam Hüseynin qətli İslamın ikiyə parçalanmasına səbəb olub - sünni və şiələrə.
İslam dininin erkən tarixinə əsasən, şiələr Məhəmməd Peyğəmbərin kürəkəni və dördüncü xəlifə olan Əlini dəstəkləyən siyasi fraksiya olub.
Sünni və şiələr arasında ən böyük nifaq peyğəmbərin ölümündən sonra İmam Əlinin İslam icmasının lideri ola bilməməsindən sonra yaranıb.
Əli 661-ci ildə qətlə yetirilir və onun əsas rəqibi Muaviyə xəlifə olur.
Xəlifə Muaviyəni daha sonra oğlu Yezid əvəz edir, lakin Əlinin oğlu Hüseyn onun legitimliyini qəbul etməkdən imtina edir və bu, iki qüvvə arasında döyüşə gətirib çıxarır.
Hüseyn və onun tərəfdarları Kərbəla döyüşündə qətlə yetirilirlər.
Əli və Hüseynin ölümü şiə şəhidlik mərasiminin yaranmasına səbəb olur və onların fikrincə bu, ədalətsizlik və zülmə qarşı mübarizədir.
Hazırda şiələr dünyadakı müsəlmanların təxminən 15 faizini təşkil edirlər.
Azərbaycan da şiə müsəlmanların çoxluq təşkil etdiyi ölkələrdəndir.







