Moskva artıq Azərbaycana "diqtə etmir"

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Azərbaycanın Ermənistanla Rusiyasız görüşü, Azərbaycan liderinin Rusiyaya açıq tənqidləri dünya mediasında öz əksini tapıb.

Azərbaycan və Ermənistan arasında sülh perspektivinin Rusiyanın bölgədə nüfuzunun zəifləməsinə doğru apardığını yazan beynəlxalq media iki ölkə liderlərinin Əbu-Dabidəki ilk rəsmi, Rusiyasız keçən görüşünə diqqət ayırır.

"Putinin Ukraynadakı savaşı ona Cənubi Qafqazda nəzarəti itirmək bahasına başa gələ bilər", - Economist nəşrinin başlığı belədir.

"The Economist" Rusiyanın İkinci Qarabağ müharibəsində gəldiyi dominant mövqeyə rəğmən bölgədə nüfuzunu itirmə sürətinin təəccüb doğurduğunu da yazıb.

Ermənistanda hadisələrin xronologiyasını xatırladan nəşrə görə, mövcud dinamika göstərir ki, Ermənistan hazırda zəif, Azərbaycan güclü mövqedədir.

Azərbaycan Prezidenti üçün "Moskvadan sifariş qəbulu günləri bitmiş kimi görünür", bunu isə Telegraph nəşri yazır.

Zəngəzur dəhlizi məsələsi "Rusiyanın regiondakı son kartıdır", nəşr təhlilçilərə istinadən yazır.

Təhlilçi Neil Melvin sayta müsahibəsində deyir ki, "bu, Rusiyaya ticarət yollarına nəzarət etməyə, eləcə də həm Ermənistan, həm də Azərbaycanla əlaqələri gücləndirməyə imkan verir. Onu itirmək böyük zərbə olardı".

Avropa Kollecinin baş elmi işçisi Nurlan Əliyevsə hesab edir ki, "Hər iki ölkə Rusiyanın iştirakı olmadan Cənubi Qafqaz təhlükəsizlik inşa etməli olduğunun fərqindədir.

Biz hələ Azərbaycan və Ermənistan arasında "sülh müqaviləsi" görməmişik, lakin müsbət əlamətlər var. Hansı ki, Rusiyanın Cənubi Qafqazdakı mövqeyinə böyük zərbədir".

"Telegraph" təhlilçilərə istinadən onu da yazır ki, cənab Əliyev Yekaterinburq hadisəsindən həm də müstəqilliyini müdafiə etmək üçün istifadə edir.

Nəşr vurğulayır ki, bir keçmiş yüksək rütbəli rus diplomatı "Bakı ilə münasibətlərdə problemin ciddi" olduğunu deyib.

"Prezident Əliyev dişlərini göstərdi. İndi o, özünü zəfər qazanmış adam kimi görür. Moskva artıq diktə etmir..., keçmiş diplomat vurğulayıb.

Video açılmasa, Youtube kanalımızda izləyin.