"Gaslighting", "upskirting": yeni terminlər cinsi zorakılığa qarşı mübarizədə qadınlara kömək edəcəkmi?

    • Müəllif, Rebecca Thorn
    • Vəzifə, BBC 100 Qadın

Xəbərdarlıq: məqalədə cinsi zorakılığın təsviri var

"Mano morta" italyanca "ölü əl" deməkdir. Analar bu haqda qızlarına danışırlar, dostlar bir-birinə ondan şikayət edirlər. Qızlara tapşırılır ki, məktəbə gedəndə “mano mortadan" qorunsunlar.

Amma o, italyan folkloruna aid qorxulu obraz yox, əsasən qadınları hədəf alan, onların məhrəm yerlərinə toxunmaqla müşayiət olunan cinsi təcavüz formasıdır. 

İngilis dilində müxtəlif təcavüz növlərini təsvir etmək üçün "gaslighting", "upskirting" və "love bombing" kimi sözlər getdikcə daha çox istifadə olunur. 

Gaslighting - öz mənfəəti üçün başqasını aldatmaq, psixoloji manipulyasiya yoluyla həmin şəxsdə özünə qarşı şübhə oyatmaq cəhdi - Merriam-Webster lüğəti tərəfindən 2022-ci ilin sözü seçilib.

Qurumun məlumatına görə, bu sözün internetdə axtarışı 1740 faiz artıb.

TikTok-da #gaslighting videoları 1,9 milyard dəfə izlənib. #Lovebombing videolarına baxış sayı isə 250 milyona yaxınlaşıb. 

Qadınlara qarşı şiddəti və dilin lüğət tərkibini araşdıran Alessia Tranchese deyir ki, "Cinsi təcavüzü və ya cinsiyyətçiliyin digər formalarını təsvir edən bu sözlər feminizm böyük bir ictimai hərəkata çevriləndən sonra dilə daxil olub". 

Yeni terminlərin yaranması cinsi zorakılığa qarşı mübarizədə qadınlara kömək edə bilərmi? 

Hər ilin nüfuzlu və ilhamlandırıcı 100 qadınını seçən BBC 100 Qadın qrupu Britaniya, Cənubi Amerika və Yaxın Şərqdə cinsi təcavüzü ifadə edən sözlərin yayılmasına çalışan üç qadınla danışdıb. 

Stealthing

Michaela Coel-in bir qadına cinsi təcavüzündən bəhs edən məşhur "I May Destroy You" (“Mən səni məhv edə bilərəm”) serialındakı (2020) bir səhnə Britaniyadan 20.000 kilometr aralıda yerləşən Çilidə deputat Maite Orsini sarsıdıb. 

Həmin səhnədə baş qəhrəman Arabella öyrənir ki, seks partnyoru ona demədən prezervativini çıxarıb. O əsnada qadın “stealthing” sözünü işlədir. 

İxtisasca hüquqşünas olan Maite Orsini Britaniya, Almaniya, Kanadada və ABŞ-ın Kaliforniya ştatında bu hərəkətin təcavüz hesab edildiyini məhz bu serial sayəsində öyrənib.

O, “stealthing”-in Çilidə də cəzalandırılması üçün qanun layihəsi hazırlayıb. Yanvar ayında parlamentin aşağı palatası layihəni təsdiqləyərək Senata göndərib.

Downblousing

Şimali İrlandiyanın keçmiş ədliyyə naziri Naomi Lonq mart ayında parlamentə seksual zorakılığa dair yeni qanun layihəsi təqdim edilib.

Bu layihəyə “downblousing” (insanın özünün razılığı olmadan yuxarıdan sinəsinin şəklini çəkmək) kimi bir neçə yeni anlayış da daxil edilib. 

"Şəxsi həyatınıza müdaxilə olduğunu, bunun sizi narahat etdiyini bilirsiniz və özünüzü alçaldılmış hiss edirsiniz. Polisə müraciət edirsiniz, amma polis bunun cinayət olub-olmadığını bilmir. Bu, çox narahatedici durumdur" - Long belə deyir. 

Böyük Britaniyada “downblousing”-i cinayət hesab edən ilk bölgə Şimali İrlandiyadır. Bunun İngiltərə və Uelsdə də qəbul olunacağı gözlənilir.

Dilin funksiyası

İnsanlar “necə belə ağıllı oldular" sualına cavab axtaran professor Lera Boroditsky bunda dilin çox mühüm rolu olduğunu deyir:

"Dillər canlıdır. Biz onları ehtiyaclarımıza uyğun şəklə sala bilirik.

Bəlli bir anlayışa verdiyimiz adın təsirini qiymətləndirəndə, onun spesifikliyini də nəzərə almalıyıq. Əvvəllər cinsi zorakılığa məruz qalanlardan soruşa bilərdilər ki, “Hadisə o səni öpəndə baş verdi?” Halbuki bir çox insan üçün öpüşmək xoş bir şey olsa da, yad adamın sizi ağız təmasına məcbur etməsi fərqli haldır. Yəni vəziyyəti “ağız təmasına zorlamaq” kimi təsvir etsəniz, jüri üzvlərinin beynində tamamilə başqa mənzərə yaratmış olarsız”.

Nikahda təcavüz

Ümumdünya Səhiyyə Təşkilatının 2018-ci ildə dərc etdiyi hesabata görə, Misirdə əri və ya sevgilisi olan 15-49 yaş arası qadınların 30 faizi ən azı bir dəfə fiziki və ya cinsi zorakılığa məruz qaldıqlarını bildirib.

Əri tərəfindən zorlanan qadınların çoxu özlərini təcavüz qurbanı kimi təqdim etmir.

Misir qanunları təcavüzdə təqsirli bilinən şəxsin ömürlük həbsə, hətta ölüm cəzasına məhkum edilməsini nəzərdə tutur. Amma cinayət məcəlləsində nikahdaxili zorlama anlayışı yoxdur. 

Lamya Lofty-nin rəhbərlik etdiyi “Yeni qadın” fondu bunun da cinayət əməli sayılmasını tələb edən qanun layihəsinin hazırlanmasına kömək edib. Lofty parlamentə artıq ikinci dəfədir ki, belə layihə təqdim olunduğunu bildirir.

“Təcavüz cəmiyyətin rədd etdiyi və cəzalandırdığı bir şeydir. Ona görə də evlilik münasibətlərində bu termindən istifadə etmək istəmirlər” – Lofty belə deyir.

Məqalənin hazırlanmasında Inma Gil, Valeria Perasso, Sara Abou Bakr da iştirak ediblər.

Əsas şəkil: Ghazal Farkhari @rasmorwaj