Hürrəm Sultan: "Rus cadugəri", ukraynalı pravoslav keşişin qızı, yoxsa italyan zadəganı?

Şəklin mənbəyi, Getty Images
Hürrəm Sultan 15 aprel 1558-ci ildə İstanbulda vəfat edib.
Haqqında saysız-hesabsız əsərlər yazılmış Hürrəm Sultan 16-cı əsr Osmanlı siyasətinə təsiri və Sultan Süleyman Qanuni ilə sevgi münasibəti ilə əfsanəyə çevrilmişdi.
Osmanlıda qadın sultanların dövlət idarəsində daha çox söz sahibi olduğu "Qadınlar Sultanlığı" dövrü də tarixçilərə görə Hürrəm Sultan ilə başlamışdı.
O dövrə aid sənədlər və qeydlərdə Hürrəm Sultanın Sultan Süleymanın hərəminə daxil olduqdan sonrakı həyatı haqqında çoxlu məlumat var.
Lakin onun harada doğulduğu və Osmanlıya necə gətirildiyi siyasi və mədəni baxımdan mübahisəlidir.
Tarixçilər arasında ümumi fikir odur ki, Hürrəm bugünkü Ukrayna ərazisində doğulub. Lakin başqa nəzəriyyələr də var.
BBC-nin Türkçə xidməti araşdırıb.
Lehistan Krallığından Osmanlıya gəlişi

Şəklin mənbəyi, Tims Productions
Tarixçilər Hürrəm Sultanın mənşəyinə dair məlumatların qarışıq və dəqiq olmadığını bildirirlər.
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Hürrəm Sultanın 1500-cü illərin əvvəllərində doğulduğu ehtimal edilir.
Bəzi mənbələr onun pravoslav keşişin qızı olduğunu, bəziləri isə kəndli ailəsində doğulduğunu yazır.
İstanbul 29 May Universitetindən professor Feridun Emecen bildirir ki, Osmanlı tarixçiləri arasında Hürrəm Sultanın 16-cı əsrdə Lehistan Krallığının ərazisində yerləşən Rutenya bölgəsindən gəldiyi fikri geniş yayılıb.
Rutenya – bu gün Polşa, Belarus və Ukraynanı əhatə edən, şərqi slavyanların yaşadığı bölgənin adıdır.
Emecen qeyd edir ki, Hürrəmin bu bölgədə yerləşən və o dövrdə Polşaya aid olan Roqatin şəhərində tatar quldurları tərəfindən əsir alındığına dair qeydlər var. Bu şəhər hazırda Ukraynanın qərbində yerləşir.
Tarixçilər Hürrəmin burada doğulduğu fikrində, əsasən, həmfikirdirlər.
BBC Türkcəyə danışan tarixçilər bildirirlər ki, Hürrəm Sultan quldurlar tərəfindən əsir alındıqdan sonra Osmanlıya gətirilmişdi.
İstanbul Universitetinin ədəbiyyat fakültəsindən professor Zeynəb Tarım deyir ki, Hürrəm Sultan çox güman ki, 12-14 yaşlarında Osmanlıya gətirilmiş və Sultan Süleymanın anası Ayşə Hafsə Sultana, ona xidmət göstərməsi üçün verilmişdi.
Tarım qeyd edir ki, Hürrəm o dövrdə Manisada olan Şahzadə Süleymanın mülkiyyətinə daxil olub.
Tarixçiyə görə, onların ilk övladı Şahzadə Mehmetin 1521-ci ildə dünyaya gəlməsi Hürrəmin təxminən 1520-ci ildə hərəmə daxil olduğunu göstərir.
Professor Emecen də bəzi mənbələrin Hürrəmin 1520-ci ildə hərəmə daxil olarkən ən azı 17 yaşında olduğunu qeyd etdiyini bildirir.
Vatikan arxivindəki soy ağacı

Şəklin mənbəyi, Rinaldo Marmara
Hürrəm Sultanın etnik mənşəyinə dair müxtəlif fərziyyə və iddialar mövcuddur.
Məsələn, Vatikan arxivləri üzrə ixtisaslaşmış araşdırmaçı-yazar Dr. Rinaldo Marmara orada araşdırdığı əlyazma soy ağacına əsasən, Hürrəm Sultan'ın əslində italyan zadəganı ola biləcəyini iddia edir.
Marmara deyir ki, həmin soy ağacında Hürrəmin nəslindən gələn IV Mehmet ilə eyni dövrdə hakimiyyətdə olan VII Aleksandro adlı Papanın kuzen olduğu qeyd olunub.
Araşdırmaçıya görə, bu sənəd Hürrəmin İtaliyanın Siena bölgəsindən olan Marsigli ailəsinin qızı olduğunu və əsl adının "Margerita" olduğunu göstərir:
"Onlar üç bacı-qardaş idilər – iki oğlan və bir qız. Qardaşı və Hürrəm Sultan quldurlar tərəfindən qaçırılır, sultana satılır və hərəmə gətirilir".
Marmara deyir ki, Hürrəmin zadəgan kimliyi gizlədilərək ukraynalı olduğu deyilmiş ola bilər.
Professor Tarım bu sənədin həqiqiliyinin təsdiqlənməyə ehtiyacı olduğunu vurğulayır:
"Bu bir az daha uzaq ehtimal kimi görünür. Əgər belə bir şey olsaydı, Venesiya arxivlərindəki səfir hesabatlarında bu qeyd olunardı. Biz bunu çoxdan öyrənmiş olardıq".
Professor Emecen də dövrün qaynaqları nəzərə alındığında bu nəzəriyyənin doğru olma ehtimalının az olduğunu bildirir.
Emecen əlavə edir: "Lakin görünür ki, Hürrəm Sultan ilə Lehistan krallıq ailəsi arasında yazışmalar var. Amma bu da o dövr üçün rəsmi yazışma ola bilər".
"Rus cadugəri" ləqəbi haradan gəlir?

Şəklin mənbəyi, Tims Productions
Professor Emecen deyir ki, Qanuni Sultan Süleymanın digər xanımı Mahidevran Sultandan olan böyük oğlu Şahzadə Mustafanın 1553-cü ildə edam edilməsindən sonra yazılan bəzi şeirlərdə Hürrəm "Rus cadugəri" adlandırılıb.
Bəs bu, Hürrəmin rus olduğu anlamına gəlirmi?
Tarixçi bildirir ki, o dövrdə "Rus" termini yalnız rus xalqı barədə yox, ümumiyyətlə şimaldan – Rusiya, Ukrayna - gələnlər üçün istifadə olunurdu.
Professor Tarım da dövrün Qərbli səyyahlarının və venesiyalı elçilərinin Hürrəm Sultana "rus" dediklərinə diqqət çəkir və qeyd edir:
"Biz onların bunu coğrafi mənada söylədiklərini düşünürük".
Türbədə doğum yeri dəyişdirildi
Ukraynalılar Hürrəm Sultanı sevir və özlərindən biri olduğunu deyirlər.
Onun doğma yeri Roqatin şəhərində xatirəsinə heykəllər qoyulmuş, hal-hazırda Rusiya tərəfindən işğal altında olan Mariupol şəhərində isə Qanuni Sultan Süleyman və Hürrəm Sultanın adlarına məscid inşa edilmişdir.
Hürrəmin etnik mənşəyinə dair mübahisələrin siyasi tərəfi də var.
Ukraynanın Ankaradakı səfirliyi 2019-cu ildə Hürrəm Sultanın türbəsindəki məlumat lövhəsində "rus əsilli" ifadəsinin silinməsini tələb etmiş və bu tələb yerinə yetirilmişdi.
Yazının son versiyasında Hürrəm Sultanın Ukrayna mənşəli olduğu vurğulanır.

Əsl adı nə idi?
Hürrəm Sultanın əsl adının Aleksandra Lisovska olduğu deyilir.
Ukrayna mənbələrində isə onun əsl adının Anastasiya olduğu da qeyd olunur.
Qərb mənbələrində Hürrəmdən La Rossa (qırmızı), Roza (gül), Rozanna (zərif gül), Roksolan (Rutenyalı qadın), Roksana və Roxelana kimi müxtəlif adlarla bəhs edilir.
Zeynəb Tarım bildirir ki, bu fərqli adlara baxmayaraq, rəsmi sənədlərdə onun adı "Haseki Hürrəm Sultan" kimi keçir.
Hürrəm sözü farsca "şən, nəşəli" deməkdir.
"Dövlət adamları qədər təsirli bir fiqur"

Hürrəm Sultan Qanuni Sultan Süleymanın hərəminə daxil olduqdan sonra tezliklə onun ən sevimli cariyəsinə çevrilir.
1521-ci ildə Şahzadə Mehmetin doğulması ilə o, "Haseki" (uşaqlı hərəm qadını) titulunu alır.
Sultan Süleymanla evləndikdən sonra titulu "Haseki Sultan" olur.
Beləcə, Ayşə Hafsə Sultan və Mahidevran Sultan ilə birgə hərəmin ən nüfuzlu üç qadınından biri olur.
Professor Emecen deyir: "O dövrdə Hürrəmin xüsusilə hərəmdə çox güclü bir şəxsiyyət olduğunu bilirik".
O əlavə edir ki, Hürrəmin saray daxilindəki siyasi mübarizələrdə bir qruplaşmanın üzvü olduğu barədə məlumatlar var.
Emecen Hürrəm Sultanın Şahzadə Mustafanın edamında rol oynamış ola biləcəyini deyir:
"O dövrdə onun kürəkəni Rüstəm Paşa və qızı Mihrimah Sultan ilə birgə qruplaşma yaratdığı və Sultan Süleymana təsir etdikləri barədə bəzi dəlillər var".
Bundan başqa, Emecen Hürrəmin siyasi təsirindən əlavə, xeyriyyəçilik fəaliyyəti ilə də tanındığını, İstanbul və Qüdsdə imarətlər tikdirdiyini və müxtəlif vəqflər yaratdığını vurğulayır.
Professor Tarım da Hürrəmin siyasi mövqeyindən əlavə, xüsusilə İstanbulun şəhər həyatına böyük təsir etdiyini qeyd edir:
"Bu gün Haseki adlanan məhəllə Hürrəm Sultanın oradakı xeyriyyə tikililərinə görə bu adı alıb".
Haseki Hürrəm Sultan tarixi mənbələrə görə 15 aprel 1558-ci ildə İstanbulda təbii səbəblərdən vəfat edib.
Onun məzarı Sultan Süleyman tərəfindən inşa edilmiş Süleymaniyə məscidinə yerləşdirilib.
Daha sonra Sultan Süleymanın əmri ilə onun məzarının olduğu yerə Haseki Hürrəm Sultan Türbəsi inşa edilib.






