Həmasın İsrailə hücumunun arxasında İran dayanırdı?

Şənbə günü Həmasın İsrailə misli görünməmiş hücumunun arxasında İranın olub-olmadığı sual edilir.

Wall Street Journal qəzetinin xəbərindəki iddiaya görə, adı açıqlanmayan Həmas və Hizbullah üzvləri məlum hücumu İranın bir həftə əvvəl təsdiqlədiyini bildiriblər.

Bu iddianın doğru olub-olmaması müharibənin gedişatını müəyyən etmək üçün son dərəcə əhəmiyyətlidir.

Həmasın hücumunun arxasında İranın olduğu təsdiqlənərsə, hazırda Qəzza ilə məhdudlaşan gərginlik regional münaqişəyə çevrilə bilər.

İranın ali dini lideri Ayətullah Əli Xameneyi çərşənbə axşamı televiziya ilə etdiyi açıqlamada İranın bu hücumda əli olduğu iddiasını təkzib etsə də, “sionist rejimə hücumu planlayanların əllərindən öpürük” deyib.

Bu hücumun İsrail ordusu və kəşfiyyatına “asanlıqla bərpa olunmaz”, “bərpası mümkün olmayan bir məğlubiyyət” verdiyini bildirən Xameneyi “Bu fəlakətin məsuliyyəti sionist rejimin öz əməllərindədir”, deyə əlavə edib.

İranın Xarici İşlər Nazirliyi ötən günlərdə “İranın hücumda rolu ilə bağlı ittihamlar siyasi səbəblərə söykənir” və “İran digər ölkələrin qərarvermə proseslərinə müdaxilə etmir” açıqlamasını vermişdi.

Lakin bu sözlərin nə qədər doğru olduğu, hücumun arxa planında nə baş verdiyi bilinmir.

İran Həmasın ən vacib dəstəkçisidir və illərdir ki, bu təşkilata maliyyə və hərbi təlimlər verir.

BBC-yə danışan Gazi Hamad adlı bir Həmas sözçüsü qruplaşmanın hücum üçün İrandan birbaşa dəstək aldığını və İranın “Fələstin və Qüds xilas edilənə qədər fələstinli döyüşçülərin yanında olacağına” söz verdiyini bildirib.

ABŞ isə hələlik hücumun arxasında İranın olduğuna dair sübut görmədiyini, lakin Həmas ilə İran arasında “şübhəsiz ki, uzun bir münasibət olduğunu” bildirib.

İran Həmasın əsas dəstəkçiləri arasındadır

Tehran 1987-ci ildə qurulan Həmasın əsas dəstəkçilərindən biridir və uzun illərdir ki, təşkilata maliyyə yardımı və külli miqdarda silah ayırır.

Buna görə də İsrail illərdir İranın Qəzzaya təchizat yollarını bağlamağa çalışır.

Bunlara Sudan, Yəmən, Qırmızı dənizdəki gəmilər və Sinay yarımadasındakı bədəvi qaçaqmalçıları daxildir.

İsrailin xarici kəşfiyyat təşkilatı Mossadın keçmiş yüksək rütbəli məmuru Haim Tomer BBC-yə deyib ki, “İranın hadisədə əli olduğunu güman etmək mübaliğə deyil”.

“Bizim gördüyümüz İranın İsrail və Səudiyyə Ərəbistanı arasında sülh razılaşması xəbərinə verdiyi reaksiyasıdır”, Tomer bildirir.

Bununla belə, Tomer bildirib ki, o, İranın şənbə günü hücuma əmr verdiyi iddiasını “bir az əlverişsiz” hesab edir.

“Bəli, doğrudur ki, İran Həmas -ın bir nömrəli avadanlıq təminatçısıdır və bəzi iddialara görə, onlara Suriyada, hətta İranda təlim keçirlər”, - deyən Tomer, İsrailin son aylarda Həmas-ın hərəkətlərini izlədiyini əlavə edir.

“Biz Saleh əl-Aruri (təşkilatın hərbi qanadının rəhbəri) və Həmas-ın digər liderlərinin Livan və İrana gedib-gəldiyini, rəsmilərlə, o cümlədən Xameneyinin özü ilə görüşlər keçirdiyini gördük”, - Tomer bildirir. Lakin o əlavə edir ki, bu “yaxın əlaqə" hücumun vaxtını izah etmək üçün kifayət etmir.

"Həmas İsraildəki vətəndaş qarşıdurmasını dinləyirdi. İran hər cür maddi-texniki və hərbi ehtiyacları ödəyir, lakin məncə, qərarın ən azı 75 faizi Həmas liderlərinə aiddir", Tomer bildirir.

“Hücum qərarını Həmas verib”

Təl-Əviv Universitetinin İran üzrə mütəxəssisi Raz Zimmt Tomerlə eyni fikirləri bölüşür.

O, dünən sosial şəbəkədə “Bu, bir Fələstin hekayəsidir” yazıb.

Wall Street Journal-ın (WSJ) xəbərinə görə, İran ötən bazar ertəsi Beyrutda keçirilən toplantıda hücum üçün yaşıl işıq yandırıb.

WSJ-yə danışan Həmas və Hizbullah mənbələrinin iddiasına görə, İran İnqilab Keşikçiləri Korpusunun zabitləri şənbə günü həyata keçirilən kompleks hava, quru və dəniz əməliyyatını təşkil etmək üçün avqust ayından bəri Həmas ilə işləyirmiş.

Həmasın hücumu ilə bağlı paylaşılan videolar təşkilatın İsrailin Qəzza zolağı ətrafındakı təhlükəsizlik hasarını aşmaq üçün keçmiş cəhdlərindən daha mürəkkəb planlar qurduğunu göstərir.

Raketlərin, pilotsuz uçuş aparatlarının, yerüstü nəqliyyat vasitələrinin və paraşütlərin eyni vaxtda istifadəsi onu deməyə əsas verir ki, əməliyyatın təşkilatçıları Ukraynadakı kimi hibrid müharibənin cari nümunələrini araşdırırlar.

Bununla yanaşı, Raz hücum qərarının “Fələstin reallığına əsaslanaraq, öz maraqlarına uyğun olaraq Həmas tərəfindən” verildiyini bildirir və davam edir:

"Həmas İranın köməyindən istifadə edib? Birmənalı şəkildə, edib. İranın bu hücumda marağı varmı? Bəli. Həmasın əməliyyat üçün İranın icazəsinə ehtiyacı varmı? Xeyr".

Keçmiş Mossad rəsmisi Haim Tomer qeyd edir ki, Həmas bir neçə ildir ki, öz elit bölmələrini inkişaf etdirir, lakin bu bölmələr “hələ də əvvəlki səviyyələrindən yüksək performans göstərir”.

İsrail rəsmiləri bundan sonra nə olacağını və İrandan daha açıq müdaxilənin olub-olmayacağını anlamaq üçün şimal və cənub sərhədlərini müşahidə edirlər.

Artıq İranın Livandakı müttəfiqi Hizbullah İsrailin işğalı altında olan Qolan təpələrinə iki kiçik miqyaslı hücum həyata keçirib.

İsrail ordusu Livan daxilindəki hədəfləri vurmaq üçün vertolyotlardan istifadə edəcəyini açıqlayıb.

"Həmas əməliyyatı Yaxın Şərqdə reallığı dəyişən və İranı dəstək, koordinasiya töhfəsindən uzaqlaşaraq, birbaşa müdaxilə etməyə məcbur edə bilən hadisədir, xüsusi ilə də əgər İsrailin cavabı Həmas üçün ciddi problem yaradarsa", - Raz bildirib.

BBC Fars müxbiri Kayvan Hosseini: İranın İsraillə münaqişəsi elə də mümkün görünmür

BBC Fars komandasından Kayvan Hosseininin sözlərinə görə, İran dövlətinin təbliğat maşını dayanmadan azad edilmiş bir Qüds təsvir edib.

İranın dini lideri Ayətullah Əli Xameneyinin 2015-ci ildə “İsrail 25 ildən sonra artıq mövcud olmayacaq” tipli cəsarətli bəyanatı İranın dörd tərəfində şəhər divarlarında və pankartlarda yazılıb.

Tehranın Fələstin meydanında Xameneyinin proqnozlarına əsaslanaraq İsrailin öncəgörülən süqutuna səbəb olan simvolik geridən saymağa başlama buna sübutdur.

Bu cür aqressiv rəsmi mövqeyə baxmayaraq, uzun müddətdir davam edən bu inanc bunların sadəcə boş təhdidlər olduğunu deyirdi.

Coğrafi bufer zonası, İsrailin hərbi qüdrətinə dair yaranmış təsəvvürlər və ABŞ-ın İsrailə sarsılmaz dəstəyi kimi faktorlar hər zaman genişmiqyaslı münaqişənin olacağını ağlasığmaz göstərib.

Münaqişə şiddətlənərsə, İran hökuməti üçün daxili çətinliklərə məhəl qoymadan çox təhlükəli mübarizəyə qoşulmaq çətin olacaq.

Biz ötən il İran rejimi üçün onilliklərin ən böyük ekzistensial təhlükəsi olan inqilabi şövqün şahidi olduq.

Bu, rejimin legitimliyinin kövrəkliyini və onun teokratik modelindən dərin, geniş yayılmış məyusluğu vurğuladı.

Belə bir reallıq həm də rejimin Fələstinli müttəfiqlərini dəstəkləmək imkanlarını məhdudlaşdıra bilər.