Qurban kəsmə adəti dinlərdə necə formalaşıb?

Qədim qurbanlıq ənənəsini əks etdirən rəsm

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Qədim qurbanlıq ənənəsini əks etdirən rəsm
    • Müəllif, Orchi Othondrila
    • Vəzifə, BBC Dünya Xidməti

İyunun 6-da müsəlmanlar Qurban bayramını qeyd edirlər.

İbrahim peyğəmbərin Allah üçün oğlunu qurban etməyə hazır olması ibadətlərlə yad edilir.

İncil və Tövratda adı Abraham olaraq keçən İbrahim, inanca görə, gördüyü yuxunu Allahdan bir mesaj kimi qəbul edib və itaət əlaməti olaraq, bu addımı atmağa qərar verib.

Oğlu İsmayıl da bunu qəbul edib və atasından əmrə tabe olmasını istəyib. Lakin İbrahim oğlunu qurban etməyə hazırlaşarkən Allah müdaxilə edib və ona qurban etməsi üçün bir qoç göndərib.

Dünyanın dörd bir yanındakı müsəlmanlar, bu inanca əsaslanaraq kütləvi şəkildə heyvanları dini qaydalara uyğun qurban edirlər.

Bir müsəlman ehtiyacından artıq sərvətə sahib olarsa, onun ənənəvi olaraq, qurban kəsməsi gözlənilir.

Bəs digər böyük dinlər bu ibadəti necə yaşadır?

Hinduizmdə, yəhudilikdə və xristianlıqda qurban kəsməyə necə yanaşılır?

Yəhudilik

Keçi qurbanlığının mənşəyi yəhudilərin Misirdən çıxma rəvayətinə gedib çıxır.

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Keçi qurbanlığının mənşəyi yəhudilərin Misirdən çıxma rəvayətinə gedib çıxır.
WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

İslam tarixi yəhudilik və xristianlıq tarixi ilə bir çox ortaq nöqtəyə malikdir.

İngiltərədəki Leo Baeck Kollecinin akademik xidmətlər rəhbəri ravvin Gary Somers bildirir ki, Yəhudi dini mətnlərində hər biri müəyyən zaman və məkanda həyata keçirilən qurban ibadətləri izah olunur:

"Artıq qurban kəsmirik, çünki bu ayinlərin yerinə yetirildiyi məbəd artıq mövcud deyil. Bunun yerinə bu ibadəti dua ilə yerinə yetiririk".

Amerika Yəhudi Universitetinin prorektoru ravvin Dr. Bradley Shavit Artson isə deyir ki, İkinci Məbəd Roma imperiyası tərəfindən dağıdıldıqdan sonra, yəhudilikdə heyvanı qurban kəsməyə icazə verilməyib.

Artson deyir: "Bir çox yəhudi bunun daimi olaraq qadağan edildiyinə inanır, bəziləri isə Məsihin gəlişi ilə qurban ayininə geri dönüləcəyini düşünür".

Məbəd kimi nişan verilən yer, Qüdsdə bu gün Məsçidül-Əqsa'nın yerləşdiyi Məbəd Təpəsini ifadə edir.

Heyvanı qurban kəsmə ibadətinin geri dönə biləcəyinə inanan yəhudilər bu məbədin yenidən inşası üçün dua edirlər.

Lakin Qüdsdəki Samirilər kimi bəzi qruplar Yəhudi təqviminin ən önəmli bayramlarından olan Hamursuz bayramında hələ də qurban kəsirlər.

Bəzi qruplar isə qurbanlıq heyvanın dəyərinə bərabər ianələr edirlər.

İordan çayının qərb sahilindəki samariyalılar qurbanlıq ibadətini edən yəhudi icmalarındandır

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, İordan çayının qərb sahilindəki samariyalılar qurbanlıq ibadətini edən yəhudi icmalarındandır

Yəhudilikdə qoyun, manda, inək və ya keçi olsun, qurban ediləcək heyvanın dini baxımdan kəsimə uyğun-yəni "koşer" (cütdırnaqlı) olması vacibdir.

Dr. Artson yəhudilikdəki qurban ibadətinin tarixini belə izah edir:

"Yalnız koşer heyvanların kəsilməsinə icazə verilirdi; onların bir hissəsi qurbangahda yandırılır, bir hissəsi din adamlarının ailələrinə verilirdi. Bir hissəsi isə bayram edən şəxslər və ailələri tərəfindən yeyilirdi".

Yəhudiliyin üç önəmli bayramı olan Hamursuz, Şavuot və Sukkot bayramlarında qurban ibadəti önə çıxırdı.

Ravvin Gary Somers bildirir ki, Roş Aşana (Yəhudi Yeni ili) və Yom Kipur (Kəffarə günü) bayramlarında da heyvan qurban edilirdi.

İbrahim peyğəmbərin qurban hekayəsi yəhudilərin müqəddəs kitablarında da yer alır.

Lakin heyvan qurbanı yəhudilikdə daha sonra başlayır və bir qədər fərqli icra edilir.

Xristianlıqda bu dini ənənə artıq yerinə yetirilmir, çünki İsa Məsihin ölümü "son qurban" kimi qəbul edilir.

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Xristianlıqda bu dini ənənə artıq yerinə yetirilmir, çünki İsa Məsihin ölümü "son qurban" kimi qəbul edilir.

Xristianlığın kökləri yəhudiliyə dayanır və İncilin ivrit dilində yazılmış ilk hissəsinə "Əhdi-Ətiq" (Eski Ahit) deyilir.

Dakada yerləşən Kafrul Katolik Kilsəsinin keşişi Dr. Proshanto T. Rebeiro Əhdi-Ətiqdə qurban ibadətinin səhər və axşam saatlarında və müxtəlif dini bayramlarda yerinə yetirildiyini bildirir.

O dövrdə tövbə və bağışlanma ümidi ilə heyvan qurban verilirdi.

Lakin xristianlıqda bu dini ənənə artıq yerinə yetirilmir, çünki İsa Məsihin ölümü "son qurban" kimi qəbul edilir.

İsa xristianlıqda "Tanrının Quzusu" olaraq qəbul edilir.

Xristianlıqda qurban ibadəti üçün dini bir hökm olmasa da, "bir şəxs Allah üçün nəzir verdikdə və ya bir vəd etdikdə" heyvan qurbanı verə bilər.

Dr. Rebeiro bildirir ki, xristianlıqda Tanrı adına heyvan qurbanı vermək ənənəsi yoxdur.

Buna baxmayaraq, dini ənənəyə görə süfrəyə ət qoyula bilər.

Rebeiro İtaliyada olduğu dövrdə Pasxa öncəsi quzu əti yeməyin, demək olar ki, məcburi olduğunu bildirir.

Lakin xristianlıqda, yəhudilikdə dini məqsədlə heyvan qurbanına verilən "Qurban" adlandırılan ənənə yoxdur.

Hindistanın Assam əyalətində dini bayram

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Hindistanın Assam əyalətində dini bayram

Hinduizmdə heyvan qurbanı məsələsində fikir ayrılıqları olsa da, bəzi hindular bu ibadəti yerinə yetirirlər.

Hindistan və ya Banqladeşin bir çox bölgəsində Durqa Puja və Kali Puja kimi bayramlarda dini ayinlərdə heyvan qurban edilir.

Banqladeşdəki Çittaqonq Universitetinin Sanskrit dili üzrə dosenti Dr. Kushal Baran Chakraborty "Ramayana və Mahabharata kimi müxtəlif Hindu yazılarında heyvan qurbanından bəhs edilir" deyir.

Chakraborty bildirir: "Hinduizmin qədim dini mətnlərindən biri olan Riqveda-da qurban edilən heyvanın azadlığa qovuşduğundan və əsarətdən xilas olduğundan danışılır".

E.ə. 1500–500-cü illər arasındakı Vedik dövrdə heyvan qurbanının geniş yayıldığına inanılır.

Lakin müasir Hindistanda mütəxəssislər arasında heyvan qurban etmə praktikasına dair müxtəlif fikirlər var.

Dr. Chakraborty bəzi qədim məbədlərdə heyvan qurbanının hələ də davam etdiyini bildirir.

O, Banqladeşdəki Dhakeshwari və Hindistandakı Tripura Sundari, Kamakhya və Kalighat Kali məbədlərinə istinad edir.

Dr. Chakraborty qeyd edir ki, müasir Hinduizmdə heyvan qurbanı ayinlərinin çoxu mənəvi əhəmiyyətdən daha çox şəxsi məmnuniyyət üçün həyata keçirilir və bu da ayinin müqəddəsliyini azaldır.

Lakin Hinduizm üzrə mütəxəssis Dr. Rohini Dharmapal Hindistanda bu gün geniş şəkildə heyvan qurban edilmədiyini bildirir.

Hindistanda bir çox qruplar müxtəlif məbədlərdə heyvan qurban etməyi könüllü olaraq dayandırıb və heyvanların dini məqsədlə kəsilməsinə qadağa qoyulmasını dəstəkləyirlər.

Şri Lanka və Nepalda hindulara heyvan qurbanı qadağandır. Lakin bu qadağaya hər zaman əməl olunmur.