You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Qadınların daha çox qazanması kişilərin özünə inamını niyə sarsıdır?
- Müəllif, Melissa Hogenboom
- Vəzifə, BBC Future
Bütün vaxtını evdə uşağına baxmaqla keçirən Dave deyir ki, həyat yoldaşının evə çörək gətirən əsas şəxs olması insanın qüruruna toxunur.
Tom isə belə deyir: "Mən klassik bir kişiyəm. İnsanlara evdə olduğunu deyəndə səni bir az qadın hesab edirlər".
Evi, əsasən, qadının dolandırmasının münasibətlərə təsiri barədə elmi tədqiqat aparılıb və Dave və Tom da bu tədqiqatın iştirakçıları olub.
Digər bir iştirakçı Brendon-u isə ailəsi "evin xidmətçisi" kimi görürmüş - o bu vəziyyətdən əziyyət çəkib.
Onlar, evdən kənarda işi olmayan və ailənin dolanışığını qadın partnyorlar təmin etdiyi üçün müxtəlif stereotiplərlə üzləşən kişilərdən üçüdür.
Araşdırmaya cəlb edilmiş bu respondentlərə görə, bu cür qınaqla üzləşmələrinin səbəbi uzun müddətdir ki, cəmiyyətdə kişilərin əsas pul qazananlar kimi qəbul olunmasıdır.
Lakin indi daha çox qadın getdikcə kişi partnyorlarından daha artıq qazanır və qadınların ailəni dolandıran tərəf olması, həm evdəki, həm də cəmiyyətdəki güc axınına təsir edir.
Ailədə tərəzi gözünün ağırlığının dəyişməsinin bu qədər sarsıdıcı olmasının əsas səbəblərindən biri pulun güclə sıx əlaqəli olmasıdır.
Kişilər, bəzi gözləntilərə görə, evdə ən çox qazanan tərəf olmadıqları zaman bu vəziyyət onları gücsüz hiss etdirə bilər ki, bu da psixoloji sağlamlığa mənfi təsir göstərər və hətta boşanma ehtimalını artırar.
Ümumilikdə, kişilər hələ də qadınlardan daha çox qazanmağa meyillidirlər və uşaqlı cütlüklər arasında qadınlar kişilərlə müqayisədə daha çox uşaq baxımı və ev işi görür; bu isə dünya miqyasında hələ də aradan qaldırıla bilməyən bir bərabərsizlikdir.
Qadınların ailədə çörək gətirən tərəf olma nisbəti artsa da, pullu işə və evdəki rollara dair cəmiyyətin genderlə bağlı yanaşmaları çox asta dəyişir.
Qadınlar daha çox qazansalar belə, daha az qazanan kişi partnyorları ilə müqayisədə hələ də daha çox ev işi və uşaq baxımı ilə məşğul olurlar. Və bəzi yaş qruplarında gender bərabərliyinə dəstək artsa da, əsasən kişilər partnyorlarından daha az qazandıqları zaman məmnun olmurlar.
Artan sayda araşdırmalar göstərir ki, qadın partnyorlarından daha az qazanan kişilərin özünəinamı və xoşbəxtliyi bu vəziyyətdən təsirlənə bilər. Bəs bu problem əslində nə qədər ciddidir? Və kişilər bu yeni reallığa necə uyğunlaşa bilərlər?
Cibə pul girməyəndə
Qadın partnyorlarının pul qazanan tərəf olması halının təsirlərindən kişilərin danışması belə bir qədər tabu sayılır.
Onlar qadınların karyerasını dəstəkləsələr də, hələ də "evə pul gətirən" şəxs olmadıqları üçün öz rollarını yerinə yetirə bilmədiklərini düşünürlər, çünki kişiliyə dair köhnə təsəvvürlər hələ də geniş yayılıb.
Bu vəziyyət xüsusilə işini itirən, köç etməyə məcbur qalan və istəmədən evdə qalmalı olan atalar üçün daha da keçərlidir.
Avstraliyanın Sidney şəhərində yaşayan keçmiş məsləhətçi və sosial media fenomeni Harry Banton yaxınlarda işini itirib. O, bu hadisədən sonra minlərlə izləyicisinə belə yazıb: "Bir kişi, ər və ata olaraq dəyərlərimə zərbə dəydi."
Banton paylaşımında əlavə edib: "Mənim kimi kişilər arasında niyə bu qədər yüksək depressiya səviyyəsi və ağır nəticələrin olduğunu indi daha yaxşı anlayıram. Hər şey planlaşdırıldığı kimi getmədikdə bu, doğrudan da dağıdıcı ola bilər və 'kişi olmaq nə deməkdir?' sualını yenidən gündəmə gətirə bilər."
Bunton həyat tərzindəki bu dəyişikliyi müsbət qarşılayır. Amma onun hekayəsi az qazanmağım kişilərin psixologiyasına necə təsir göstərə biləcəyini əks etdirir.
Məsələn, İsveçdə heteroseksual cütlüklər üzərində aparılan son bir araşdırma 10 illik gəlir məlumatlarını və zehni sağlamlıq diaqnozlarını təhlil edib.
Tədqiqatçılar müəyyən ediblər ki, qadınların kişi partnyorlarından daha çox qazandığı hallarda kişilər arasında psixoloji problemlər artır.
Yaxın zamanda nəşr olunacaq Breadwinners adlı kitabım üzərində işləyərkən, bu araşdırmanın əsas müəllifi – Durham Universitetinin İqtisadiyyat Fakültəsindən dosent Dr. Demid Getik ilə bu mövzu ətrafında geniş söhbət apardım.
O mənə dedi ki, açıq şəkildə ifadə olunmasa da, kişilərin daha çox qazanmalı olduqları ilə bağlı gözləntilər hələ də çox yayğındır.
O həmçinin qeyd etdi ki, qadın partnyorları daha çox qazanan kişilər arasında bir-birinə hörmətin azaldığı da müşahidə oluna bilir. Aaraşdırmalar göstərir ki, daha çox qazanan qadınların həyat yoldaşları tərəfindən aldadılma ehtimalı daha yüksəkdir. Tədqiqatçılar deyir ki, bu, kişilərin təhdid altında hiss etdikləri kişiliklərini yenidən bərpa etməyə çalışmaları ilə bağlı ola bilər.
Araşdırmalar həmçinin göstərir ki, işsiz qalan kişilər, işsiz qadınlara nisbətən daha yüksək depressiyaya düşə bilirlər.
Bunun mümkün bir izahı, qadınların adətən işdən kənarda daha güclü sosial əlaqələrə sahib olmasıdır. Buna görə də evdə qalan atalar çox zaman evdə qalan analara nisbətən daha təcrid olunmuş hiss edə bilirlər.
Bir şəxsin qazancı ilə ruhi sağlamlıq arasındakı əlaqənin niyə bu qədər güclü olduğunu anlamaq üçün bəzi yanlış anlayışları düzəltmək də faydalı ola bilər.
Pul qazanan qadınlar tez-tez iddialı və karyera yönümlü kimi stereotipləşdirilsələr də, bir çox halda bu, kişinin işini itirməsi ilə əlaqəlidir; bu isə iqtisadi stressi də özü ilə gətirir.
Həqiqətən də, araşdırmalar göstərir ki, yalnız qadının işlədiyi cütlüklərdə ailənin ümumi gəliri, kişinin işlədiyi cütlüklərlə müqayisədə daha aşağıdır. Bu da kişilər və qadınlar arasında maaş bərabərsizliyinə dəlalət edir.
Uşaq baxan atalar
Ancaq kişilər maaşlı işlərindən ayrıldıqda, bu vəziyyət müsbət təsirlər də yarada bilir.
Məsələn, İngiltərədə atalar keçmişə nisbətən uşaqları ilə daha çox vaxt keçirir və araşdırmalar göstərir ki, evdə qalan atalar uşaqları ilə daha keyfiyyətli zaman keçirə bilirlər. Evdə qalan atalar işləyən analara və ya atalara nisbətən daha çox uşaq baxımı ilə məşğul olurlar. Amma ev işlərini görmələri barədə bunu demək çətindir.
Əksər ölkələrdə atalıq məzuniyyəti məhdud olsa da, atalar bu məzuniyyətdən istifadə etdikdə – hətta işə geri dönsələr belə – həm evlilik məmnuniyyəti artır, həm də uşaq baxımına qatqıları çoxalır.
Valideyn məzuniyyəti götürən atalar uşaqları ilə daha güclü bağlar qururlar. Uşaqlar isə daha ədalətli bir iş bölgüsü nümunəsi görərək böyüyürlər. Ev işlərinin daha bərabər bölüşdürülməsi qadınların karyera hədəflərinə çatmasını və gəlir potensialını artırmasını da asanlaşdırır.
Bu ictimai dəyişikliyin qadınlar üzərindəki faydaları bununla da məhdudlaşmır.
Meksikadakı ailələrə yönəlik aparılan bir araşdırmada məlum olub ki, qadınların evdən kənardakı iş imkanları artdıqca, digər sahələrdə də daha çox gücə sahib olurlar.
Yəni daha böyük maliyyə qərarları üzərində daha çox söz sahibi olurlar.
Tarixən zəif mövqedə olan qadınların iqtisadi cəhətdən güclənməsi həm gəlir gücünə, həm də karyeralarına müsbət təsir göstərə bilir.
Cəmiyyət normaları dəyişdikcə və kişilərin ailə naminə işdən ayrılması adi hal aldıqda, bu vəziyyət bütün ailənin rifahını artıra bilir.
Məsələn, İsveçdə atalıq məzuniyyəti ilk dəfə tətbiq olunanda və 1995-ci ildə atalara "atalıq ayı" verildikdə, bu məzuniyyətdən istifadə edən kişilər arasında evlilik sabitliyi azalmış və ayrılma ehtimalı artmışdı.
Lakin 2002-ci ildə bu məzuniyyət iki aya çıxarıldıqda artıq belə bir təsir müşahidə edilmədi. Bu gün İsveçli valideynlərin hər birinə üç aylıq məzuniyyət hüququ verilir və ataların bu hüquqdan istifadə faizi yüksəkdir. Hətta bu məzuniyyətdən istifadə etməmək sosial baxımdan bir tabu sayılır.
Qadınların gücləndirilməsi sahəsində maariflənmə artmaqda olsa da, ictimai münasibətlər bu mövzuda hələ də parçalanmış və ziddiyyətlidir.
Kişilik nədir?
King's College London tərəfindən aparılan və Ipsos tərəfindən həyata keçirilən son bir sorğuya görə, iştirak edən ən gənc nəsil olan Z nəsli (18–28 yaş arası) bu mövzuda ən çox fikir ayrılığına sahib qrupdur.
Təxminən 24 min nəfəri əhatə edən qlobal bir sorğuda, gənc kişilər "uşağına baxmaq üçün evdə qalan ata daha az kişidir" fikrinə üstünlük verib.
Z nəsli kişilərinin 28 faizi bu fikirlə razılaşıb, qadınlarda isə bu göstərici cəmi 19 faiz olub.
Digər yaş qruplarında bu göstərici daha da aşağı olub. "Kişilərdən bərabərlik üçün çox şey gözlənilir" ifadəsinə isə Z nəsli kişilərinin 60%-i, qadınlarının isə 38%-i qatıldığını bildirib.
King's College London-da əmək və məşğulluq üzrə professor olan Heejung Chung, bu münasibətlərin artmasının səbəblərindən birinin, artıq gənc qadınların universitet təhsili alma nisbətinin gənc kişiləri geridə qoyması ola biləcəyini deyir.
Chung-a görə, bəlkə də məhz bu səbəbdən iyirmi yaşlarının əvvəlində olan qadınlar kişilərdən bir qədər çox qazanırlar. İlk dəfə olaraq, İngiltərədə qadın həkimlərin sayı kişi həkimləri keçib.
"Bəzi sahələrdə gender bərabərliyi ilə bağlı çoxlu müsbət göstəricilər görürük," – deyən Chung, gənc fərdlərin bu gün qadınların qarşılaşdığı daha geniş bərabərsizlikləri fərq etmədiklərini və buna görə də bəzi oğlan uşaqlarının "geridə qaldıqları" hissinə qapıldıqlarını bildirir.
Gender bərabərliyinə dair münasibətlərdəki bu parçalanmanın başqa bir səbəbi isə kişilik anlayışının nəyi təmsil etdiyinə dair dəyişən fikirlərdir. Lakin bu dəyişiklik bütün cəmiyyətlərdə eyni sürətlə baş vermir.
King's College London-un siyasət üzrə professoru Rosie Campbell, xüsusilə gənc nəsil arasında kişilik anlayışına dair fikirlərin getdikcə daha çox haçalandığını göstərən araşdırmalar aparıb.
Məsələn, bu gün kişilər və qadınlar "kişi olmaq"la "qadın olmaq" arasında hansının daha çətin olduğuna dair fərqli fikirlərə sahibdirlər.
Və xoşbəxtlik
Evi təmin edən qadınların sayı artdıqca bu iqtisadi dəyişiklik zamanla normal və qəbul olunan bir hal ala bilər. Bu isə, xüsusilə uşaqlı ailələrdə, kişilərin daha çox qayğı öhdəlikləri götürməsini zəruri edə bilər.
Bu isə daha çox qazanan qadın partnyorların karyeralarını daha rahat şəkildə davam etdirmələrinə şərait yaradır.
Zaman alsa da, bu dəyişən münasibət forması – ailədə əsas təminatçının mütləq kişi, ev işlərinin isə yalnız qadın tərəfindən yerinə yetirilməsi kimi stereotipləri zəiflədərək, münasibətlərdə məmnuniyyət səviyyəsini yüksəldə və daha sağlam güc balansının formalaşmasına kömək edə bilər.
Melissa Hogenboom, BBC-nin sağlamlıq və elm müxbiri və 2025-ci ildə nəşr olunacaq "Breadwinners" və "The Motherhood Complex" kitablarının müəllifidir.