You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Rusiyanın nüvə silahı ilə bağlı təhdidləri ciddidirmi?
- Müəllif, Steve Rosenberg
- Vəzifə, BBC-nin Rusiya redaktoru
Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya hərbi müdaxiləsindən bəri verdiyimiz sual budur: Kreml bu müharibədə nüvə silahından istifadə edə bilərmi?
ABŞ Prezidenti belə bir variantı istisna etmir.
"Mən Putinin taktiki nüvə silahından istifadə etməsindən narahatam" Joe Biden ötən həftə bildirib. Onun sözlərinə görə, belə təhlükə realdır.
Mən Prezident Biden-in Rusiyada çıxan Profil jurnalını oxuyub-oxumadığını bilmirəm. Əgər oxuyursa, onun niyə narahat olduğunu anlamaq çətin deyil.
Profil iki həftə əvvəl xarici və müdafiə siyasəti üzrə aparıcı rusiyalı ekspert Sergey Karaqanovun məqaləsini dərc edib.
Sərt siyasi baxışları ilə tanınan Karaqanov Xarici Əlaqələr və Müdafiə Siyasəti Şurasının fəxri sədridir.
Yəni hakimiyyətdəki insanlarla yaxın münasibətləri olan bir şəxsdir. Xülasə, onun sözlərinə görə, Rusiya “nüvə silahının tətbiq edilməsi həddini endirməklə”, nüvə silahının çəkindirici rolunu yenidən “inandırıcı amilə çevirməli olacaq”.
“Düşmən bilməlidir ki, onun keçmiş və indiki hücumları qarşısında qlobal termonüvə müharibəsinin qarşısını almaq üçün cavab olaraq qabaqlayıcı zərbə endirməyə hazırıq”.
"Amma onlar geri çəkilməsələr necə? Onda bir sıra ölkədə bir neçə hədəfi vurmalı olacağıq ki, ağılları başına gəlsin."
Ötən ildən bəri biz Moskvanın nüvə təhdidlərinə öyrəşmişik.
Putin Rusiyanın Belarusda taktiki nüvə silahlarını yerləşdirdiyini artıq təsdiqləyib. Onun sözlərinə görə, bu addım Moskvanı “strateji məğlubiyyətə” düçar etmək ümidində olanları yenidən düşünməyə vadar edəcək.
Lakin Qərbə qarşı qabaqlayıcı nüvə zərbəsinin müsbət tərəflərini götür-qoy etmək barədə nə demək olar? Bu, məsələni yeni müstəviyə keçirir.
Aydındır ki, Rusiyada hamı belə bir fikrə şərik çıxmır.
İşgüzar Kommersant qəzetində “Nüvə müharibəsi problemlərin həllinin pis üsuludur” başlıqlı məqalə dərc olunub.
Bu, məsələnin yəqin ki, çox mülayim təsviridir. Lakin bunun maraqlı tərəfi odur ki, məsələ Ukraynadakı müharibədə nüvə silahından istifadə edilib-edilməməsi ilə bağlı müzakirələri ictimai məkana çıxarır.
Yəni, bu mövzu sırf “qırğıların” öhdəsinə buraxılmayıb.
Moskvada mənzillənən xarici və müdafiə siyasəti üzrə ekspertlərin daha bir qrupu Kommersant qəzetindəki məqalədə Sergey Karaqanovun nəyi səhv, təhlükəli dərəcədə səhv anladığını izah edir.
“Nüvə silahının adi hərbi üsullarla həll edə bilmədiyi strateji problemlərin eskalasiyasını həll edə və ya dayandıra biləcəyini düşünmək son dərəcə şübhəli və çox güman ki, böyük səhvdir”, Beynəlxalq Təhlükəsizlik Mərkəzindən Aleksey Arbatov, Konstantin Boqdanov və Dmitri Stefanoviçin məqaləsində deyilir.
"Müasir tarixdə hərbi əməliyyatların gözlənilməz nəticələrə gətirib çıxardığına dair bir çox nümunələr var, lakin bunlarda nüvə silahlarından istifadə olunmayıb. Nüvə zərbəsi münaqişəni tamamilə fərqli gözlənilməz səviyyəyə qaldıracaq və qarşıdurma riskini dəfələrlə artıracaq”, Kommersant yazır.
“Böyük ehtimalla radioaktiv xarabalıqlarla yekunlaşacaq "nüvə ruleti” oyunu daha parlaq gələcək üçün ən pis təməldir. Sensasiyalı ideyaların və təhlükəli qumar oyunlarının pərəstişkarları bunu yadda saxlamalıdırlar”.
Bu bizi Rusiyanın Ukrayna müharibəsi başlayandan bəri verdiyimiz ikinci suala gətirir: Axı bunlar niyə indi baş verir?
Ola bilsin ki, Karaqanovun qabaqlayıcı nüvə zərbəsi təklifi o qədər sərt olub ki, digər rusiyalı alimlər artıq susa bilməyəcəklərini düşünüblər.
Əgər belədirsə, demək olar ki, Rusiyada media mühiti dövlətin nəzarətində olsa da, bəzi platformalarda, hətta indiki məhdudiyyətlər çərçivəsində, hələ də məhdud müzakirə imkanları qalır. Xüsusilə nüvə müharibəsi kimi həssas mövzularda.
Və ya bəlkə də bütün bu müzakirə Qərbin diqqətini cəlb etmək, Putini yaxşı, Karaqanovu isə pis polis kimi göstərməyə hesablanıb.
Belə ki, Kremlin rəhbəri şəxsən Qərbə qarşı qabaqlayıcı nüvə zərbəsinə çağırmır. Deyilir ki, Karaqanov kimi sərt xətt tərəfdarları qalib gəlib nüvə düyməsini basana qədər Putinlə oturub barışmaq daha yaxşı olardı.
Ancaq bir şey aydındır: Ukrayna ordusunun əks-hücumlarının davam etdiyi bir vaxtda Rusiyada Qərbə qarşı ritorika artdıqca, nüvə silahından istifadə edib-etməmək barədə müzakirələr də gündəmdə qalır.