“Biz Müdafiə Nazirliyi ilə çox yaxınıq”. Baş komandan Salyukovun ailəsi vətənpərvərliyi necə biznesə çevirib

    • Müəllif, İlya Barabanov
    • Vəzifə, BBC, Rusca xidməti

Rusiya ordusunun Ukraynanın şərqində böyük sayda canlı qüvvə itkiləri verdiyi bir zamanda, hərbi hissələrdə Rusiya Müdafiə Nazirliyi üçün ilin adət halını almış ən mühüm hadisəsi – 9 may Qələbəsi paradına hazırlaşmağa başlayırlar. Qələbə paradı bütün ölkə üzrə keçiriləcək, Moskva Qırmızı meydanında keçirilən əsas hərbi parada isə artıq dalbadal onuncu dəfə Quru Qoşunların komandanı, Moskva ərazi qarnizonunun rəisi ordu generalı Oleq Salyukov komandanlıq edəcək. Çoxsaylı vətənpərvərlik və hərbi bayram tədbirlərinin təşkilindən isə, onun ailəsi qazanır.

Bütün bunların necə olmasını – BBC Rusca xidməti araşdırıb.

Açıq qapaqlar günü

2022-ci il oktyabrın birində Rusiya ordusu Donetsk vilayətinin Liman şəhərini tərk etdi: “Mühasirəyə düşmə təhlükəsi yarandığına görə, müttəfiq qoşunlar Qırmızı Liman yaşayış məntəqəsindən daha sərfəli məntəqəyə çəkilib”, - o zaman general-polkovnik İqor Konaşenkov bəyan etmişdi.

Xarkov vilayətindən geri çəkilən tankçılar, motoatıcılar, topçular və rabitəçilər – Rusiya ordusunun əsasını təşkil edən bütün quru qoşun hərbi hissələridir. Yarım milyon nəfərdən çox olan quru qoşunlarına isə, son doqquz ildə ordu generalı Oleq Salyukov başçılıq edir.

Rusiya ordusunun sentyabrdan başlanan məğlubiyyətlər ardıcıllığı Prezident Vladimir Putini Rusiyada qismən səfərbərlik elan etməyə məcbur etdi, Limanın tərk edilməsi isə daha da ağrılı oldu, çünki bunun ərəfəsində, sentyabrın 30-da, Rusiya lideri Kremldə keçirdiyi mərasimdə Donetsk, Zaporojye, Luhansk və Xerson vilayətlərinin Rusiyanın tərkibində daxil olduğunu elan edib.

Rusiya qoşunlarının, texnikanı ataraq, Xarkov vilayəti, Svyatoqorsk və Limandan sürətlə geri çəkildiyi zaman Moskva yaxınlığındakı “Patriot” parkında Quru Qoşunlar Gününü qeyd etməyə hazırlaşırdılar.

2022-ci il oktyabrın birində səhər Kremlin saytında dərc olunmuş Vladimir Putinin teleqramda deyilirdi: “Quru qoşunların indiki şəxsi heyəti öz sələflərinə layiq olmağa çalışır”. Onları müdafiə naziri Sergey Şoyqu da tərifləmişdi: “Ümumqoşun birləşmələri və hərbi hissələrin hərbi qulluqçuları qarşılarına qoyulan məsuliyyətli tapşırıqları səmərəli şəkildə yerinə yetirir, tam uyğunluqla və qətiyyətlə hərəkət edirlər”.

Həmin gün “Patriot” parkına baş çəkən Moskva və Moskva vilayəti sakinlərinə aşağıdakı əyləncələr vəd edilirdi: 1 nömrəli muzey meydanında açıq qapı günü (yəni, gələnlər tankın içərisinə daxil ola bilərlər), uşaq tankodromu, müxtəlif hərbi texnikaları idarə etmə ordu simulyatorları və başlıca proqram olaraq – üzərində qədim zenit top quraşdırılmış 50-ci illərin MT-LB tipli transportyoru.

Qeydiyyat başa çatdıqdan sonra Moskva vilayəti hakimiyyətinin turist portalı oktyabrn 3-də xəbər verdi ki, bayramda 5 mindən çox adam iştirak edib: “Gün Rusiya Silahlı Qüvvələri Baş Məbədində ibadətdən başlayıb. İbadətdə hərbçilər də olub. Bundan sonra məbəd meydanında konsert başlayıb. Konsertdə fəxri qarovul rotasının musiqiçiləri və Preobrajenski alayının orkestri də iştirak ediblər”.

Təxminən yarım il bundan sonra, 2023-cü il martın 2-də, Rusiya informasiya agentliklərinin lentləri Ukrayna diversantlarının böyük bir qrupunun cəbhəni yarıb Bryansk vilayəti ərazisinə keçməsi haqqında həyəcanlı xəbərlərlə dolmuşdu.

Həmin gün İrkutsk vilayətindən səfərbər edilənlərin qohumları müxtəlif səviyyəli hakimiyyət orqanlarına artıq üç müraciət göndərmişdilər ki, onların yaxınları olan əsgərlər Avdeyevka sənaye zonasındakı Ukrayna mövqelərinə özünəqəsdə bərabər olan hücumlara məcbur edilib və hərbçilər az qala tam tərkibdə həlak olub və “alaydan əsər-əlamət qalmayıb”.

Moskva “Kino evində” isə, martın 2-də plan üzrə iki min nəfər qonaq üçün “AvtoDor Patriotları” bayram gecəsi keçirilib. Qonaqları girişdə hərbi orkestr və səhnədə “Yunarmiya” ansamblı qarşılayırıb. Qonaqlar arasında Rusiya Uzaq Aviasiya komandanı general-leytenant Sergey Kobılaş, Quru Qoşunlar komandanının müavini Viktor Lizvinski, Rusiya Hərbi Tarix Cəmiyyəti sədrinin müavini Nikolay Ovsiyenko, Moskva Şəhər Dumasının deputatı və Ümumrusiya Dövlət Televiziya və Radio Komitəsinin əməkdaşı Andrey Medvedev olublar.

“1000 nəfərdən artıq “AvtoDor” Dövlət Büdcə Müəssisəsi (DBM) təşkilatının əməkdaşı böyük ekranda “Territoriya” sənədli filminə tamaşa edib. Film Rusiyaya birləşdirilmiş ərazilərin bərpasında iştirak edən Moskva şəhər təsərrüfatı kompleksi mütəxəssislərinin işindən bəhs edir, - tədbir haqqında martın 6-da DBM-in mətbuat xidməti deyib ki, "Qonaqlara fərman və DNR və LNR (Donetsk və Luqansk Xalq Respublikaları – red.) xalqından” xatirə nişanları təqdim edilib”.

“Kino evində” və “Patriot” parkında bayram tədbirləri üçün ümumi olan onların təşkilatçısıdır – xoşsimalı, qaraşın, çiynində Burberry çantalı olan qadın, HQ Agency-nin baş direktoru və sahibi, ordu generalı və Rusiya Quru Qoşunlarının komandanı Oleq Salyukovun gəlini (oğlunun arvadı – red.) Dina Salyukovadır.

“Biz istədiyiniz konsepsiyanı təşkil edərik”

HQ Agency yaradıcılıq agentliyi 2016-cı ildə yaradılıb, onun ofisi Dina Salyukovanın əri ilə yaşadığı Miçurin prospektindəki elitar mənzil kompleksindən yarımsaatlıq məsafədə yerləşir.

Kommersiya tədbirləri keçirməklə yanaşı o, həmçinin, “AvtoDor” Dövlət Büdcə Müəssisəsinin ictimaiyyətlə əlaqələr idarəsi rəisinin müavini vəzifəsini icra edir. Bayram tədbirlərin bir hissəsi məhz bu müəssisə üçün təşkil edilir.

Agentlik özünü “dinamik inkişaf edən işgüzar tədbirlər təşkil etmək üzrə şirkət” kimi təqdim edir və sifarişçilərə: “Profilli dövlət strukturları ilə sıx qarşılıqlı əlaqələr, bizneslə hakimiyyət arasında dialoq təşkil etməyə imkan verir”, - vəd edir.

Dövlət tədarükü üzrə portalda açıq əlçatan bölmədə agentliyin 2018-ci ildə hərracda qazandığı cəmi bir dövlət müqaviləsi yerləşdirilib. 435 min rubl dəyərində olan bu müqavilə Moskva meriyasının beynəlxalq sərgilərdə iştirakının təşkil edilməsini nəzərdə tutur. Həmin ilin payızında moskvalılardan mənzil-kommunal təsərrüfatı haqqını yığan “Vahid informasiya-hesablama mərkəzi” Salyukovanın agentliyindən “yeganə tədarükçü” kimi, müsabiqəsiz təxminən 900 min rubl məbləğində 500 yaddaş kart və 350 taxta qutu alıb.

Lakin 2018-ci ilin sentyabrında agentlik Moskva Günü bayramı çərçivəsində Novokosinoda “Qırmizi tülkü” sərlövhəli Britaniya pivəsi festivalını da təşkil edib. 2019-cu ildə “AvtoDor” DBM-in sifarişi ilə agentlik Yol Təsərrüfatı Gününün 20-illiyinə həsr olunmuş ümumrusiya enerji qoruma festivalının mərhələlərindən birini təşkil edib. Bu bayramlar haqqında HQ Agency-nin saytında hesabat yerləşdirilib.

Agentliyin xüsusilə MGİMO (Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu), Tula vilayəti rəhbərliyi və Müdafiə Nazirliyi ilə sıx əlaqələri yaranıb. Tula vilayətində MGİMO Günləri 2019-cu ilin mayında şəhərin mərkəzində böyük konsertlə müşayiət olunub, həmin ilin sentyabrında qubernator Aleksey Dyumin MGİMO-nun ərazisində Lev Tolstoyun heykəlini açıb.

Agentliyin xüsusi tərəfi Moskva yaxınlığındakı Müdafiə Nazirliyinin “Patriot” parkında keçirilən tədbirlərdir.

İctimaiyyət üçün açıq informasiyanı yoxlamaq üçün BBC-nin müxbiri, öz vilayətində bir sıra vətənpərvərlik tədbirləri keçirməkdə maraqlı olan regional məmur kimi özünü təqdim edərək, agentliyin baş direktoru Dina Salyukovaya zəng edib.

“Sizə nə lazım olduğunu anlamaq lazımdır. Necə format, qonaqların sayı, harada baş verəcək – konsepsiya bunun əsasında formalaşdırılacaq, - Dina Salyukova telefonla danışıqda izah edib. – Vətənpərvərlik tədbirləri mütəmadi keçirilir, biz bu istiqamətdə çalışırıq – burada heç bir sual yoxdur. Sizin formatı, büdcənizi anlamaq lazımdır və biz sizin istədiyiniz konsepsiyanı təşkil edərik”.

Yeni potensial müştərini itirməmək üçün Dina Salyukova bir müddət keçmiş özü WhatsApp vasitəsilə əlaqə yaradıb, onun şirkətinin rəqabət üstünlüklərinin yüksək olmasına baxmayaraq, nə üçün agentliyin saytında ordu ilə bağlı tədbirlərin xatırlanmadığını izah edib: “Vətənpərvərliyi həmişə nümayiş etdirmək istəmirlər. Biz Müdafiə Nazirliyi ilə çox yaxınıq. Mən hətta deyərdim, lap çox yaxın”.

Onun sözlərinə görə, Quru Qoşunlar Günü bayramını “Patriot” parkında son dörd ildə onun agentliyi təşkil edir: “Təşkilatın bütün komandası əvvəldən “Patriot” parkı və “Avanqard” mərkəzinin tədbir şöbələrindən tərtib olunub. Mən “Avanqard” mərkəzi rəhbərinin müavini olmuşam – sıfırdan işə salmışam və 10 ay ərzində Şoyqunun və Putinin iştirakı ilə saysız-hesabsız sayda vətənpərvərlik tədbirləri keçirmişəm”.

Öz sözlərinin sübutu kimi Salyukova müdafiə naziri Sergey Şoyqunun 19 iyul 2021-ci il tarixli D. Q. Salyukovanın “Müdafiə Nazirliyinin fəxri fərmanı ilə təltif edilməsi haqqında. Rusiya Federasiyası Silahlı Qüvvələrinin üzərinə qoyulan tapşırıqların həllində yardım göstərildiyinə görə” əmrindən çıxarışı müxbirə göndərib.

“Avanqard” Gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi tədris-metodika mərkəzi“ Qeyri-kommersiya muxtar təşkilatı (QMT) Moskva meriyası, Moskva hökuməti və Müdafiə Nazirliyi tərəfindən 2019-cu ildə yaradılıb. Başlanğıcda iki regional hakimiyyətin hər biri mərkəzə 2 milyard rubl, müdafiə nazirliyi isə - “Patriot” parkında 28,5 hektar torpaq sahəsi ayırıb. Bu federal müəssisəni Müdafiə Nazirliyi bilavasitə maliyyələşdirilir – parkı “Armiya-2015” forumun başlanmasına çatdırmaq üçün o tezliklə tikilib.

2015-ci ildə Quru Qoşunların baş komandanı Oleq Salyukov bu qoşunların bayram gününü ilk dəfə “Patriot” parkında keçirmək qərarına gəlib və “iri miqyaslı tədbirlərin təşkili üçün” onun sahələrindən “maksimum” istifadə etməyi vəd edib. O vaxt “Patriot” parkında həm onun oğlu Dmitri (sərgilər, marketinq, reklam, tarix klubları və rekonstruktorlarla əlaqələr üçün cavabdeh), həm də gəlini Dina işləyirdilər. Məhz 2015-ci ildə də onlar evləniblər.

“Sözün qısası, biz hər şeyi bacarırıq”, - HQ Agentliyinin baş direktoru BBC ilə söhbətini başa vurub.

“Sonra isə çirkli işlər başlanır”

“Oturmuşuq özümüzçün Dmitri Oleqoviçlə və inana bilmirik ki, bəxtimiz necə belə gətirib”, - şəkildə Dina Salyukova Adriatik dənizin fonunda bar masası arxasında oturub. “Dmitri Oleqoviç Çernoqoriyada böyük porsiyalara öyrəşib, indi də budur yeyirik”, - şəkildə agentliyin təsisçisinin əri Dmitri Salyukovdur.

Rusiyada qadağan olunmuş Instaqram sosial şəbəkəsində Dina Salyukovanın bir neçə hesabı var, hamısında da oxşar şəkillər düzülüb – onun toyundan, avtomobil sükanı arxasında, İsveçrəyə, Niderlanda və Dubaya səyahətdən.

Şəkillərdən göründüyü kimi, ər-arvad hər il Qırmızı meydanda paradın məşqlərində və paradda olurlar.

Dmitri Salyukov 1982-ci ildə, atasının ali tank komanda məktəbində oxuduğu, Ulyanovsk vilayətinin Dimitrovqrad şəhərində doğulub.

2004-cü ildə kiçik Salyukov “Antiböhran idarəçiliyi” ixtisası üzrə Xabarovsk Dövlət İqtisadiyyat və Hüquq Akademiyasını bitirib. O zaman onun atası Uzaq Şərq hərbi dairəsində qulluq edirdi - əvvəlcə 35-ci ordunun qərargah rəisi və komandanı, sonra isə, bütün dairə qoşunlarının komandanı vəzifəsində.

Dmitri Salyukovun tərcümeyi-halı və Hüquqi Şəxslərin Vahid Dövlət Registrindən məlum olur ki, hələ akademiyanı bitirməmiş o, Xabarovskda bizneslə məşğul olmağa çalışıb, atası paytaxta köçürüldükdən sonra isə, Yeni Moskvada Kaluqa şosesinin 47-ci kilometrində nadir heyvanlar saxlanan “Ekzotik park”ın şərikli sahibi olub.

“Xoşagələn, fəal gənc insan”, - Dmitri Salyukovu biznes barədə tanışlarından biri xatırlayır:

“Ekzotik park”ın şəriki Moskva və Moskvaətrafı üzrə Rosselxoznadzor idarəsinin başçısı Aleksey Volkov olub. O və kiçik Salyukov Volkovun iqtisadiyyat və inkişaf üzrə müdir müavini vəzifəsini aldığı “Patriot” parkında da birgə işləyiblər. Çox keçmədən onu FTX həbs edir və Moskvanın Basmannı məhkəməsi rüşvət alma ittihamı ilə 7 il müddətinə koloniya tipli həbsə məhkum edir.

Volkov Moskva prokuroru ilə pul müqabilində məsələləri həll edəcəyini vəd edibmiş.

KİV-də yayılan məhkəmə işi materiallardan görünür ki, Volkov böyük Salyukovla da yaxşı tanış olub: məsələn, generalın “La Maree” restoranında keçiriləcək yubileyinə qonaqlara dəvətnamə göndərib.

2010-cu ildə Oleq Salyukov Prezident Dmitri Medvedevin fərmanı ilə Baş Qərargah rəisinin müavini təyin olunub və bir-iki ildən sonra Moskvanın Xamovniki rayonu Rujeynıy dalanında dəbdəbəli binada 95 kvadrat metrlik mənzil sahibi olub. Bu binada onunla qonşuluqda Dövlət Duması Müdafiə Komitəsinin başçısı general-polkovnik Andrey Kartopolov, Müdafiə Nazirliyinin sözçüsü general-leytenant İqor Konaşenkov və uzaq aviasiya baş komandanı Sergey Kobılaş yaşayırlar.

The Insider nəşri (Rusiyada “xarici agent” və “arzuolunmaz təşkilat” kimi tanınıb), Reyestra istinadən, xəbər vermişdi ki, dövlət Salyukova 70 milyon rublluq mənzil hədiyyə edib.

Salyuovun oğlu 2020-ci ildə ilk dəfə dövlət qulluğuna keçib. Karyerasını o, arvadının müvəffəqiyyətlə əməkdaşlıq etdiyi dövlət strukturundan – Rusiya Xarici İşlər Nazirliyi Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutundan – başlayıb.

Orada Dmitri Salyukov elmi layihələr şöbəsinə rəhbərlik edib və hərbi ekspert kimi çıxış edib – MGİMO prorektoru Aleksey Podberyozkina “XXI əsrdə strateji vəziyyət, hərb və hərbi münaqişələrin inkişafı ssenarilərini” təhlil etməyə kömək edib və “milli insani kapital, müdafiə-sənaye kompleksi və aerokosmik müdafiəsi” əlaqələrini müstəqil araşdırmaqla məşğul olub.

“Siyasətdə istənilən şəkildə hərbi gücə güvənmək istər-istəməz hərbi üstünlüyə istinad deməkdir ki, bu da 21-ci əsrdə silahların, hərbi texnikanın və şəxsi heyətin sayı ilə deyil, silah və hərbi texnikanın keyfiyyəti, hərbi qulluqçular, eləcə də hərbi-siyasi qərarlar qəbul edənlərin keyfiyyəti ilə müəyyənləşir”, - kiçik Salyukov müdafiə-sənaye kompleksi və aerokosmik müdafiəsində insan kapitalı haqqında məqaləsində yazıb.

2013-cü ilin avqustunda kiçik Salyukov və onun gələcək xanımı Dina, atası Georgi Poqosyanın başçılıq etdiyi “Montazhspetsstroy” MMC-nin şərikli sahibi olublar. Öz payının 50 faizini onlara verdikdən dərhal sonra bu şirkət Müdafiə Nazirliyinin tabeliyində olan tikinti üzrə “Spetsstroy” federal agentliyi nəzdindəki 2 nömrəli Baş Mühəndis İşləri İdarəsinin (BMİİ) dörd tenderində qalib gəlib.

BMİİ Nijeqorod vilayətinin Mulino yaşayış məntəqəsində Quru Qoşunları Döyüş Hazırlığı Mərkəzinin poliqonunu tikirdi – Müdafiə Nazirliyi orada, Almaniya Bundestaqı timsalında, lazertaq (döyüşün lazer imitasiyası) qurmaq istəyirdi. 2013-cü ilin iyulunda almanlar Mulinoya avadanlıq göndərməyə hazır olublar (onun 120 milyon avro qiymətinin 50-si artıq ödənilmişdi), lakin Rusiya tikintini uzatmaq vərdişi ucbatından montaj işləri ləngiyirdi – hərbçilər gərək poliqonda “şəhər” və dəmiryol vağzalı olan “qəsəbə” ucaldaydılar, lakin qrafikdən bir il geri qalırdılar.

Belə bir ümumi işdə general Salyukovun oğlunun şirkəti 2013-cü il sentyabr-noyabr aylarında Mulinoya “Şəhərdə döyüş” və “Qəsəbədə döyüş1” tikinti meydanlarına beton, xüsusi texnika və fəhlə tədarük etmək hüququ qazanmışdı.

Bu podratları əldə etdikdən sonra sahiblər xəlvətcə şirkətin özündən qurtulmaq istəyiblər, onu Kazanda qeydiyyata alınmış “Delfin” MMC-yə birləşdiriblər – bu, bazarda populyar olan şirkəti yoxlama keçirilmədən bağlamaq sxemidir; bu zaman onun keçmiş öhdəlikləri və borcları üçün hüquqi xələfi cavabdeh olur.

Artıq varis şirkət Tatarıstanda eyni vaxtda onlarla Moskva şirkətini özünə birləşdirdikdən sonra özünü ləğv edib.

2014-cü ilin mayında general Salyukov Quru Qoşunlarına başçılıq etməyə başlayıb, onun oğlunun bu qoşunlar üçün poliqonun inşaatında pul qazanmış şirkəti isə öz fəaliyyətinə xitam verib.

Lakin “Montazhspetsstroy” əhvalatı bununla bitmir. 2018-ci ildə Moskvanın Xoroşevski rayon məhkəməsi 2 №-li BMİİ-nin iqtisadiyyat və maliyyə üzrə müdir müavini Yuri Qrebtsovun cinayət işinə baxıb. Məhkəmə müəyyən edib ki, kiçik Salyukovun şirkəti və onun tərəfdaşları hərbi-tikinti tenderlərində iştirak etməyə qeyri-qanuni buraxılıblar. “Montazhspetsstroy”, Moskva yaxınlığında 13 milyon rubl dəyərində “Kapitoliy” dəbdəbəli kottec qəsəbəsinin abadlaşdırılmasında iştirakından başqa, nə texnika, nə fəhlə, nə də təcrübəyə malik olub.

Həmçinin BMİİ öz xidmətləri və həqiqi qiymətlərə əsaslanan xidmətləri əhatə edən işlər barədə sifariş almayıb. Lakin sifarişçi kimi “Montazhspetsstroy” şirkətinə dörd müqaviləyə görə ödəniş edib – ümumən, az qala 25 milyon rubl, - onlardan birini isə hətta iki dəfə ödəyib (guya onda dəyişiklik etməyə hazırlaşırmışlar).

Bu məbləğin itirilməsi hərbi-tikinti idarəsinin maliyyə vəziyyətinə az təsir edib, auditor hesabatında deyilir. General Salyukovun başçılıq etdiyi quru qoşunlar üçün poliqonun qiyməti bu vaxtadək 4 milyard rubla çatıb, alman avadanlığı üçün ödənilmiş 50 milyon avronu isə hərbçilər sanksiyalara görə itiriblər.

Hazırda Mulino poliqonunda Ukrayna ilə müharibəyə səfərbər edilənlər təlim keçir – Nijeqorod vilayət hakimiyyəti onlar üçün çarpayılar alıb.

Qrebtsova, “özü və başqaları üçün fayda və üstünlüklər qazanmaq məqsədilə” səlahiyyətlərindən istifadə etdiyinə görə, 4 il şərti iş kəsilib.

“Spetsstroy”-un zərərçəkən qurumun 25 milyonluq ziyanı heç kəsdən tələb eildməyib. Artıq müharibə zamanı Qrebtsova məxsus Moskva ətrafında Barvixadakı evi, Moskvadakı daşınmaz əmlakı və “BMW X5 XDRIV25D” və “Lexus LX570” avtomobilləri üzərindən həbs götürülüb.

General Salyukovun oğlu, oğlunun arvadı və “Montazhspetsstroy”-un sabiq baş direktoru olan qayınatası, eləcə də daha iki şərikli sahib bu iş üzrə nə maddi, nə də cinayət məsuliyyətinə cəlb olunmayıblar – onların hamısı məhkəmədə şahid qismində iştirak edib. Məhkəmə qərarının mətninə əsasən, kiçik Salyukov ifadə verib ki, şirkətin sövdələşmələri haqqında heç nə bilməyib, sövdələşmələrlə bağlı pul və “başqa qiymətli şeylər” almayıb.

Bu vaxtadək o artıq paytaxtda məmur karyerasını qururdu. 2017-ci ildən Dmitri Salyukov, arvadının bu günədək çalışdığı Moskva şəhəri “AvtoDor” DBM rəhbərinin müavinidir. Elə həmin vaxt ailə, meriyanın dəstəyi ilə, turizm biznesi üçün “Rusiyada səyahət et” forumu təşkil edib - ər təşkilat komitəsinə başçılıq edib, arvad isə baş prodüser qismində sponsorları cəlb edib.

2020-ci il iyunun 16-da Moskva meri Sergey Sobyaninin sərəncamı ilə kiçik Salyukov Moskvanın Şimal-Qərb İnzibati (ŞQİD) dairəsi bələdiyyə başçısının müavini vəzifəsinə təyin olunub. 2015-ci ildən ŞQİD bələdiyyə başçısı ehtiyatda olan polkovnik Aleksey Paşkovdur.

Müavin vəzifəsində Dmitri Salyukov nəqliyyat, rabitə və qaraj tikintisi məsələlərinə baxır.

“O, qarajların sökülməsi ilə məşğul olur, şəxsən sakinlərlə vuruşmağa gedir, çünki hamı istəyir ki, onları sökməsinlər. İnsanlarla görüşür, onlara müxtəlif nağıllar söyləyir, sonra yol işçilərini gətirir və onlar orada öz çirkli işlərini görürlər: darvazaları metal qırıntısı kimi təhvil verir", - Dmitri Salyukovun işi barədə məmurla şəxsən tanış olan bir bələdiyyə deputatı söyləyir. – Mən onu görmüşəm, çünki onları sökəndə sakinlər məni dəvət edirlər. Əvvəlcə o deyir ki, bura qaraj yeri deyil, sonra isə çirkli işləri başlanır“.

Deputat xatırladır ki, Moskva dairəsinin büdcəsi təxminən 5 milyard rubldur, odur ki, bələdiyyə başçısı müavini vəzifəsi ölkə federal hakimiyyət orqanlarında gələcək karyera üçün əla başlanğıc meydançasıdır. Moskvada icra hakimiyyətində orta səviyyədə işləməyin mənası isə, BBC-nin həmsöhbətinin sözlərinə görə, şəhər resurslarından sərfəli istifadə etməkdədir: “Nə sakinlərin maraqları, nə bir məqsədəuyğunluq söhbəti yoxdur, bütün bələdiyyələr və onların müavinlərinin fikri investisiyalar haqqındadır – qarajlar sökmək, bir parça torpağı sahibkara satmaq ki, orada nə isə tiksin və hamı bundan qazansın”.

Dmitri Salyukovun 2021-ci ildə gəlirləri haqqında məlumatda min kvadrat metrdən böyük sahəsi olan dörd yaşayış evi və ümumən 2 ha ərazisi olan beş torpaq sahəsi əks olunub. Moskvada onun ailəsinin iki mənzili olub – 95,7 və 85,6 kvadrat metr. Ukraynada müharibə başlanmazdan bir il əvvəl Dmitri gəlirlər haqqında deklarasiyasında 12,3 milyon, arvadı Dina isə - 8,3 milyon rubl göstərmişdilər – ümumən onlar 20 milyon rubldan çox qazanmışdılar.

Onun atası da 2019-cu ildə 0,45 ha torpaq sahəsi əldə edib, 10,2 milyon rubl qazanıb (onun arvadı – 200 min rubla yaxın), generalım son deklarasiyasından aydın olur – bir il sonra “mülki həyatdan” onun oğlunun ailəsinin gəliri 1,5 dəfə artıq olub.

Yüksək vəzifəli qulluqçuların daha sonrakı gəlirləri haqqında məlumatı Rusiya Müdafiə Nazirliyi açıqlamayıb. Keçən ilin sonunda Vladimir Putin dövlət məmurlarına müharibə zamanı deklarasiyalarını ümumiyyətlə dərc etməməyə icazə verib.

Quru qoşunların sərgüzəştləri

2023-cü il yanvarın 11-də Vladimir Putin Ukraynada Rusiya qruplaşmasının komandanı vəzifəsinə baş qərargah rəisi Valeri Gerasimovu təyin edib, onun müavinləri vəzifəsinə isə - keçmiş komandan, Aerokosmik Qüvvələrin baş komandanı Sergey Surovikini, baş qərargah rəisi müavini general-polkovnik Alekseya Kimi və Quru Qoşunların baş komandanı , Moskva qarnizonunun başçısı general Oleq Salyukovu.

Artıq sabahısı gün - Rusiyanın öz əsas müttəfiqinin ərazisindən Kiyevə yeni hücum hazırlaması ehtimalı haqqında böyük qərb KİV-ində dərc olunmuş çoxsaylı xəbərlər fonunda - Salyukov Belarusa gedib, “poliqonlarda olan Rusiya regional qoşun qrupu komponentinin hərbi hissələri və bölmələrini” təftiş edib.

Martın 14-də Salyukov qubernator Aleksandr Boqomazovla birlikdə artıq Bryansk vilayətinin müdafiəsini daha da gücləndirməyi vəd etdiyi sərhəd rayonlarını nəzərdən keçirirdi.

Quru Qoşunların baş komandanı Oleq Salyukov 2014-cü il may ayında təyin olunub. Onun bu vəzifədə sələfi general-polkovnik Vladimir Çirkin 20 min dollar məbləğində rüşvət haqqında cinayət işi ilə bağlı istefaya göndərilib. 2015-ci ilin avqustunda general Çirkin beş il müddətinə koloniya tipli həbsə məhkum edilib, lakin bir neçə ay keçmiş onun həbs tədbiri 90 min rubl cərimə ilə əvəz edilib və bütün mükafatları və rütbələri qaytarılıb.

Salyukov tarixdə sələflərinin hamısından, marşallar Jukov, Konev və Malinovski də daxil, daha uzun müddət bu vəzifədədir, o, bütün karyerası dövründə daima vaxtından tez yüksək rütbələr alıb, 2019-cu ilin fevralında isə ona həmin vaxt Rusiya silahlı qüvvələrində ən yüksək “ordu generalı” rütbəsi veriləndə, informasiya agentlikləri qeyd edirdilər ki, “ordu generalı rütbəsi Rusiyada ilk dəfə 2015-ci ildən təyin olunub”.

Salyukov tək hərbi problemlərlə məşğul olmur. 2021-ci ildə mart ayında Penza vilayətinin qubernatoru İvan Belozertsev tutlanda, “Kommersant” qəzeti yazmıb: “Qubernator öz vəzifəsini müdafiə naziri Sergey Şoyquya görə almış adam hesab olunur. İvan Belozertsev indiki Quru Qoşunlar komandanı Oleq Salyukovla bir yerdə Ulyanovsk Tank Məktəbində oxuyublar. Onların arasında səmimi münasibətlər var və general Salyukov cənab Belozertsevi nazir Şoyquya təqdim edib, o isə bu təyinata kömək edib”.

Martın 17-də Moskvada məhkəmə Belozertsevin xüsusilə böyük məbləğdə rüşvət almaq və evdə qeyri-qanuni tapança və güllələr saxlamaq ittihamı ilə cinayət işinə baxmağa başlayıb.

Baş komandan kimi Salyukov ildə azı iki dəfə Müdafiə Nazirliyinin “Krasnaya zvezda” qəzetinə quru qoşunların həyatı barədə müsahibə verir və generalla bu söhbətlərin başlıqları böyük müxtəlifliklə fərqlənmir: ““Səhra şahzadəsi”nin yeni hüdudları” (Səhra şahzadəsi quru qoşunları – red.), “”Səhra şahzadəsi”nin əzmli yerişi“, “Qalibiyyət sözü “Səhra şahzadəsinin”dir”, “”Səhra şahzadəsi”nin əzəmətli yerişi“,“”Səhra şahzadəsi”nin qüdrəti – statikada və dinamikada“, “”Səhra şahzadəsi” gücünü artırır” və “”Səhra şahzadəsi”nin qüdrəti artacaq”.

Bu söhbətlərin məzmunu da ildən ilə eynidir: “komandan müxbirə Rusiya qoşunlarının hansı beynəlxalq oyun və təlimlərdə iştirak edib, hərbçilər hansı yeni silah və texnika nümaunələrini alıb, hərbi qulluqçuları gələn ildə necə təkmilləşmə və manevrlər gözləyir”.

Məsələn, 2018-ci ildə general “Krasnaya zveada”nın oxucularını inandırırdı ki, komandanlıq tərəfindən “artıq tətbiq edilən pilotsuz uçan aparatları (PUA) ilə təchiz olunmuş komplekslərin modernləşdirilməsi və kəşfiyyatdan başqa, zərbə məqsədilə istifadə edilə bilən perspektivli nümunələrin yaradılması üzrə sistemli iş aparılır”.

2019-cu ildə qoşunlarda müasir robotların tətbiq edilməsi haqqında söyləyirdi: “Hərbi robotlar müasir şəraitdə döyüş itkilərini minimallaşdırmağa və tapşırıqların yerinə yetirilməsinin səmərəliliyini maksimum artırmağa imkan verirlər. Robot texnikasının istifadəsi döyüş əməliyyatlarının yerinə yetirilməsi ilə yanaşı, həm də hərtərəfli təminat məsələlərinin həlli ilə bağlıdır”.

2020-ci ildə isə Rusiya ordusunda hər şeyin – həm rabitə vasitələri, həm PUA məsələsində - yaxşı olduğunu bildirirdi: “Rabitə qoşun bölmələri yeni müasir taktiki idarəetmə manqa rabitə vasitələri ilə təchiz olunur. /.../ Quru qoşunlarında PUA-lardan istifadə sisteminin təkmilləşdirilməsi baş verir, PUA kompleksləri ilə bölümlər artıq “rota-batalyon” bağlantısında ümumqoşun bölmələrinin maraqlarında fəaliyyət göstərir və taktiki manqada tapşırıqların yerinə yetirilməsi üçün yeni, o cümlədən “kopter” tipli, kompleks tipləri meydana gəlir”.

Niyə bütün bunların Rusiya ordusunun Ukraynaya müdaxiləsi başlayanda olmamasını general Salyukov indiyə kimi izah etməyib, ancaq 2022-ci il 30 sentyabrda, Rusiyada artıq səfərbərlik olanda, o, yenə də “Krasnaya zvezda”ya müsahibəsində deyib: “Hamımıza məlum bir ifadə vardır: “”Neçə ki, piyada əsgər ayaq basmayıb, bu ərazi düşməndən azad edilmiş sayıla bilməz”. Xalqın dediyi kimi, piyada azad edilmiş ərazilərin qorunub saxlanması işində həlledici rol oynayıb və oynayacaqdır”.

Yeni potensial sifarişçi ilə münasibətləri möhkəmlətmək üçün Dina Salyukova BBC müxbirinə 2022-ci il oknyabrın 1-də Oleq Salyukovun ona Quru Qoşunların yaranmasının 472-ci ildönümünə həsr olunmuş bayram tədbirlərinin keçirilməsində “ağıllı təşəbbüs və peşəkarlıq nümayiş etdirdiyi üçün” təqdim etdiyi fərmanı göndərib. Həmin məqamda Salyukova tabe olan hərbçilər texnikanı ataraq, Limandan geri çəkilirdilər.

BBC RF Müdafiə Nazirliyi və Oleq Salyukovun ailə üzvlərinə sorğu göndərib və cavab gözləyir.

Redaktor Anastasiya Lopareva.