You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Putin: "Rusiya Belarusda nüvə silahları yerləşdirəcək"
Rusiya Prezidenti Vladimir Putin Belarusda taktiki nüvə silahları yerləşdirəcəyini açıqlayıb, Rusiyanın dövlət media qurumları yazıb.
Kreml rəhbəri Avropada öz silahlarını yerləşdirən ABŞ-la müqayisədə Rusiyanın bu addımının nüvə silahının yayılmaması barədə beynəlxalq razılaşmaya zidd olmadığını deyib.
ABŞ Moskvanın bu açıqlamasından sonra Rusiyanın nüvə silahından istifadəyə hazırlaşmasına inanmadığını bildirib.
Rusiya növbəti həftədən etiibarən nüvə silahlarının idarə edilməsi ilə bağlı belaruslu şəxsi heyətə təlimlər keçməyə başlayacaq.
“Belarusda taktiki nüvə silahlarının bazasının qurulması işləri iyulun 1-nə kimi yekunlaşacaq”, - Putin əlavə edib.
Bununla da Moskva 1990-ci ilin ortalarından bəri ilk dəfə olaraq ölkə xaricində nüvə silahları yerləşdirəcək.
Rusiya liderinin qərarı Ukrayna Prezidenti Volodimir Zelenskinin Qərb ölkələrindən yeni silahlar alma niyyətini açıqlamasından sonraya təsadüf edib.
"Müttəfiqlərimizdən sursat gözləyirik"
Ukrayna Prezidenti Volodimir Zelenski Yaponiya qəzetinə müsahibəsində bildirib ki, Qərb müttəfiqlərindən əlavə hərbi dəstək göndərilməyənədək Ukrayna Rusiyaya qarşı əks-hücuma başlaya bilməz.
Zelenski deyib ki, ordunun ön cəbhəyə göndərilməsi üçün daha çox Himars raket qurğularına, tank və artilleriyaya ehtiyac var.
O, Ukraynanın şərqində vəziyyətin “yaxşı olmadığını” qeyd edib.
“Müttəfiqlərimizin sursat göndərməsini gözləyirik. Tank, artilleriya, uzaq-mənzilli raketlər olmadan cəsur əsgərlərimizi döyüşə yollaya bilmərik. Əgər siyasi istəyiniz varsa, bizə kömək etməyin yollarını tapa bilərsiniz. Biz müharibədəyik və gözləyə bilmərik”, - Zelenski bildirib.
Ukrayna lideri əlavə edib ki, silah təchizatının gecikməsi, müharibənin daha da uzanmasına gətirib çıxara bilər.
Belarus Ukrayna ilə uzun quru sərhədinə malikdir və NATO üzvləri olan Polşa, Litva, eləcə də Latviya ilə qonşudur.