You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Türkiyə-Azərbaycan münasibətlərində inciklik: "Xətrimizə dəyir"
Azərbaycan və İsrail arasında dostluq münasibətləri Türkiyədə narazılıqla qarşılanır.
Sosial şəbəkələrdə bununla bağlı İstanbulda etirazın keçirildiyini göstərən fotolar yayılıb.
Onlar Azərbaycanı Qəzzanı bombalayan İsraillə əlaqələr qurmaqda günahlandırırlar.
Bir müddət əvvəl isə türkiyəli millət vəkili Ömer Faruk Gergerlioğlu İsraili dost adlandırdığı üçün Azərbaycanı tənqid edib.
"İsrailə dostumuz deyirsiniz. Ondan sonra da "iki dövlət, bir millət". Belə şey olarmı?! Utanın, körpələr ölərkən, əməkdaşlıqmı olar?!" - türkiyəli deputat deyib.
Azərbaycanda və Türkiyədə hökumətyönlü medialar bu məsələdən yazmırlar.
Lakin qeyri-rəsmi formada yayılan videolarda Azərbaycan hökumətinin də bu tənqidlərdən narahat olduğu görünür.
Həmin videoların birində Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib ki, bəzi türk mediasında yayılan xəbərlər Azərbaycanın xətrinə dəyir.
"Türkiyə mediasında, təbii ki hamısında yox, bəzilərində belə başlıqlar olur: "Azərbaycan sionist rejimlə bir araya gəldi. Azərbaycanın Qəzza qətliamında əli oldu". Sanki Fələstin problemi elə Azərbaycanla bağlı imiş. Bu bizim xətrimizə dəyir", - Hikmət Hacıyev qeyri-rəsmi yayılan videoda bildirib.
Prezidentin köməkçisi Azərbaycanın İsraillə dostluq münasibətini Qarabağ münaqişəsi ilə əlaqələndirib.
O, məhz İsraildən alınan silahlar hesabına Azərbaycanın İkinci Qarabağ müharibəsində qalib gəldiyini deyib.
Hikmət Hacıyev Türkiyədə Fələstin məsələsinə görə Azərbaycanın tez-tez tənqid olunmasına da münasibət bildirib.
"Bu gün Fələstində bəzi şeylər baş verir, amma bu Azərbaycanın iradəsindən kənardır. Bizim gücümüzdən də kənardır. Bölgənin daha önəmli ölkələri var və onların da edə biləcəyi bir şey yoxdur. Bunun günahkarı Azərbaycandırmı? Bu haqlı deyil, vallah", - Hacıyev deyib.
O əlavə edib ki, Türkiyə və İsrail arasında münasibətlərin normallaşdırılması və siyasi məsləhətləşmələrin aparılması üçün Azərbaycan hər iki tərəfin Bakıda görüşlərini də təşkil edib.
Videonu YouTube kanalımızda izləyin