Qızdırılmayan məkan orqanizmə necə təsir edir?

James Gallagher

BBC-nin sağlamlıq və texnologiya müxbiri

JAMES GALLAGHER

Şəklin mənbəyi, JAMES GALLAGHER

Öldürücü soyuq deyəndə ilk ağlıma gələnlər saqqallarından buz sallanan qütb tədqiqatçıları, Everest zirvəsinə qalxan alpinistlər, donvurmadan və hipotermiyadan qaralmış barmaqlar olur. 

Ona görə də mənə sadəcə 10 dərəcə Selsidə həyata keçiriləcək təcrübədə iştirak etmək təklif ediləndə buna şübhəylə yanaşdım. Bəli, cəmi 10 dərəcədə. 

Əvvəlcə düşündüm ki, bu, heç də çətin olmaz, çünki 10 dərəcə donma səviyyəsindən uzaq temperaturdur, Arktikadakı vəziyyətlə heç bir əlaqəsi yoxdur.

Mən orqanizmə daha aşağı temperaturların problem yaratdığını düşünürdüm, amma yanılırammış.

South Wales Universitetinin professoru Damian Bailey soyuq evlərin səhhətimizə təsirini və isti görünən temperaturun nə üçün öldürücü ola biləcəyini görməm üçün məni laboratoriyasına dəvət etdi. 

"İnsanlar maddi səbəblərdən evlərini isitməyi dayandırsalar, yaşayacaqları temperatur məhz 10 dərəcə Selsi olacaq" - professor belə deyir. 

Sən demə, uzun müddət bu temperaturda qalmaq ürəyə, ağciyərə və beyinə ciddi təsir edir. 

Temperaturun 10°C-yə qədər azaldılması

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

Məni laboratoriyanın sonundakı nəzarət otağına aparırlar. İçəridə 21 dərəcə isti var. Alimlərin planı temperaturu tədricən 10°C-ə endirmək və bədənimin buna necə reaksiya verdiyini görməkdir. 

Əvvəlcə dərin təhlil üçün bədənimə saysız-hesabsız müasir alət qoşurlar.

Alnımda ilk tər damcıları əmələ gələndə beynimdəki qan axınına nəzarət etmək üçün başıma qulaqlıq taxırlar. 

Ultrasəs cihazı boynumdakı karotid arteriyanı (şahdamarı) dinləyir, beynimə gedən qanın ritmik döyüntüsünü eşitmək məni qəribə bir şəkildə sakitləşdirir, havanı analiz edən nəhəng bir boruya nəfəs alıb-verirəm.

 Ölçmələr bitir. Artıq otaqdakı mütəxəssislər orqanizmimin 21 dərəcədə necə fəaliyyət göstərdiyini bilirlər. Sonra havalandırma işə düşür və sərin meh otaqdakı temperaturu tədricən aşağı salır.

 Məqsəd ürəyim və qaraciyərim də daxil olmaqla, əsas orqanlarımın temperturunu 37 dərəcə civarında saxlamaqdır. 

Hələ ki özüm bədənimdə baş verən dəyişiklikləri hiss etmirəm, amma izləri zahirən görünməyə başlayır. 

Otaq temperaturu 18 dərəcəyə düşəndə ​​tərləməm dayanır, qollarımdakı tüklər bədən temperaturumu qoruyub saxlamaq üçün qabarır. 

Qadınlarda vazokonstriksiya daha sürətlidir

 "Elm bizə 18 dərəcənin qırılma nöqtəsi olduğunu deyir. Bədən bu temperaturu saxlamağa çalışır" - Bailey ventilyasiyanın gurultusunu batırmaq üçün bunları qışqıraraq deyir. 

Barmaqlarım ağarır və soyuyur. Vazokonstriksiya deyilən fizioloji proses başlayır, yəni isti qanı kritik orqanlara saxlamaq üçün əllərimdəki qan damarları daralır. 

Qadın olsaydım, bu proses daha sürətlə baş verəcəkdi. “Portsmouth” Universitetinin əməkdaşı Clare Eglin deyir ki, "Qadınlar soyuğu daha çox hiss edirlər, çünki hormonları (estrogen) əl və ayaqlarındakı qan damarlarını daha çox daraldır. Və bu bizi üşüdür". 

Əzələlərim istilik istehsal etmək üçün titrəməyə başlayanda temperatur 11,5 dərəcəydi. 10 dərəcəyə çatanda ventilyasiya söndürülür. Bir az diskomfort hiss edirəm, amma donmuram. Orqanizmimin göstəriciləri təkrar ölçülür. Bu məqamda başa düşürəm ki, 10 dərəcənin mənə təsir etməyəcəyini düşünməyim yanlış imiş. 

"Orqanizm 10 dərəcədə çox sürətlə işləyir" - professor Bailey belə deyir. 

Məni şoka salan şey beynimə gedən qan axışının dəyişməsiylə şəkil sıralama oyununu tamamlamağa nə qədər çox vaxt sərf etməyimdir. 

Professor Bailey qeyd edir ki, “Bu temperaturda beyinə daha az qan gedir, yəni ona daha az oksigen və daha az qlükoza [şəkər] daxil olur, bu isə zehni gimnastikaya mənfi təsir göstərir".

James Gallagher

Şəklin mənbəyi, James Gallagher

Orqanizmim əsas məqsədinə - bədən temperaturumu sabit saxlamaqla nail olur, amma daha çox işləmək məcburiyyətində qalaraq. 

Ürəyim daha sürətlə döyünür, qan təzyiqim daha sürətlə yüksəlir və beləliklə, bədənimdəki qanın sürəti də artır. 

“Təzyiqin yüksəlməsi insult və infarkt üçün risk faktorudur” deyən Bailey qeyd edir ki, qanın strukturu da dəyişir və "bir az bəhməzə oxşayır". Bu qatı və yapışqan qan həm də təhlükəli ateroskleroz riskini artırır. 

Buna görə də infarkt və ürək tutmaları qışda daha çox olur. 

"Ona görə də soyuqdan qaynaqlanan təhdidlərlə bağlı məlumatlılığın artırılması lazımdır" – Bailey belə deyir.

Qış aylarında ortaya çıxan qrip kimi infeksiyalar soyuqdan faydalanır.

İnfeksiyadan qaynaqlanan pnevmoniyaya (ağciyər iltihabı) da soyuq havalardan sonra daha çox rast gəlinir. 

Viruslar qışda daha tez yayılır, çünki pəncərələrin tez-tez açılmadığı qapalı yerlərdə viruslara yoluxmaq riski daha yüksəkdir.

Bundan başqa, qış fəsli virusların bədəndən kənarda yaşamasını asanlaşdırır, çünki virusları tutub saxlayan nəm soyuq havada daha az olur. 

Yale Universitetinin əməkdaşı, immunobioloq Akiko İwasaki bildirir ki, "Aşağı temperaturda immun reaksiyası zəifləyir və bu, virusu burnumuzun içində daha təsirli hala gətirir".

Damian Bailey

Şəklin mənbəyi, JAMES GALLAGHER

Nə edə bilərik?

İdeal şərtlərdə hamımız içində olduğumuz otağı ən azı 18 dərəcə qızdırarıq.

Professor Bailey deyir ki, bu mümkün olmayanda görəcəyimiz işlər "alpinistlərin səfər hazırlığına bənzəməlidir". 

Məsələn:

• yun kimi yaxşı izolyasiya edən materiallardan hazırlanmış paltarlar geyinmək;

• papaqdan daha çox istilik təmin edən əlcək və isti corab geyinməyə üstünlük vermək (hərçənd yun papaq da kömək edəcək);

• tərkibində daha çox karbohidrat olan ərzaqlarla qidalanmaq;

• bütün günü divanda oturub televizora baxmaqdansa, bədənin istiliyini artırmaq üçün daha çox hərəkət etmək.