İsrailin Qəzzadakı əməliyyatı: aclıq təhlükəsi artır, BMT yardım çatdıra bilmir

Şəklin mənbəyi, Reuters
İsrail beynəlxalq ictimaiyyətin artan təzyiqlərinə baxmayaraq, hərbi əməliyyatları dayandırmaq və humanitar yardımın maneəsiz çatdırılmasını təmin etmək tələblərini yerinə yetirmir və Qəzza zolağında əməliyyatlarını davam etdirir.
Fələstinli tibb işçilərinin məlumatına görə, çərşənbə axşamı İsrailin Qəzzaya endirdiyi hava zərbələri nəticəsində azı 55 nəfər ölüb. AFP agentliyi bildirir ki, çərşənbə gecəsi baş verən hücumlarda daha 19 nəfər həyatını itirib.
Bazar günü İsrail Qəzzaya "zəruri miqdarda ərzaq"ın gətirilməsinə razılıq verib. Beynəlxalq ekspertlər isə əhali arasında artan aclıq təhlükəsi barədə xəbərdarlıq edirlər.
BMT bildirir ki, 11 həftəlik blokadadan sonra humanitar yüklə dolu yük maşınlarının sərhədi keçməsinə baxmayaraq, yardım hələ də Qəzzadakı insanlara çatmayıb. İsrailin məlumatına görə, çərşənbə axşamı Qəzzaya 93 yük maşını daxil olub – onlar un, körpə yeməkləri, tibbi ləvazimatlar və dərmanlar gətirib.
BMT-nin sözçüsü Stefan Düjarrik bildirib ki, onların əməkdaşları İsrailin bölgəyə girişə icazə verməsini "bir neçə saat gözləyiblər", amma nəticədə yardımı anbara çatdıra bilməyiblər.
"İsrail hakimiyyəti bizdən yükləri Kerem Şalom keçid məntəqəsinin Fələstin tərəfinə boşaltmağımızı və yalnız komandamızın Qəzzadan girişinə icazə veriləndən sonra onları ayrıca daşımamızı tələb edir", – deyə Düjarrik bildirib.
Onun sözlərinə görə, yardımların çatdırılması müsbət addımdır, lakin bu, "lazım olanların dənizdə bir damlasıdır".
BMT-nin hesablamalarına görə, Qəzzada hər gün 600 yük maşını humanitar yardım lazımdır.
Sanskiyalar
Böyük Britaniya İsraillə ticarət danışıqlarını dayandırdığını və səfirini geri çağırdığını elan edib. Səbəb kimi İordan çayının işğal altındakı Qərb sahili və Qəzzada "aşkar siyasət" göstərilib.
Britaniya xarici işlər naziri David Lammy hərbi eskalasiyanı "əxlaqi cəhətdən əsassız" adlandırıb və münaqişənin "yeni, qaranlıq mərhələyə" keçdiyini bildirib.
Avropa İttifaqının xarici siyasət rəhbəri Kaja Kallas isə Aİ ilə İsrail arasında ticarət sazişinə yenidən baxılmasını tələb edib.
İsrailin Baş naziri Benyamin Netanyahunun sözlərinə görə, İsrail Həması "tamamilə məhv edənədək" döyüşləri davam etdirəcək.



