Kişilərdə döş xərçəngi: simptomlar, müalicə və rəylər

Filip Anderson-un döş giləsi əməliyyatla çıxarılıb.

Şəklin mənbəyi, Phil Alderson

Şəklin alt yazısı, Filip Anderson-un döş giləsi əməliyyatla çıxarılıb.
    • Müəllif, BBC News

İngiltərədə yaşayan Philip Anderson qızı ilə oynayarkən döş nahiyəsində "noxud böyüklüyündə" bir bərklik hiss etdi.

2016-cı ilin iyulunda baş verən o anı belə xatırlayır:

"Əksər kişi bunu çox kiçik olduğu üçün görməzlikdən gələrdi, amma mən onlardan biri olmayacağımı dedim. Bu mənim həyatımı xilas etdi".

Anderson ertəsi gün həkimə getdi.

İki həftə sonra biopsiya aparıldıqda vəziyyət aydın oldu.

O zaman 44 yaşı olan Anderson-a ikinci mərhələ döş xərçəngi diaqnozu qoyuldu.

Anderson sonrasını belə danışır:

"Diaqnoz qoyulduqdan dörd həftə sonra mastektomiya üçün xəstəxananın qadınlar palatasına getdim və bu bir az qəribə idi".

Döş xərçəngi diaqnozu və ya şübhəsi zamanı döş toxumasının əməliyyatla çıxarılmasına mastektomiya deyilir.

Kişilərdə döş xərçəngi nadir hallarda rast gəlinir.

Türkiyədə hər il təxminən 27 min qadına və bir neçə yüz kişiyə döş xərçəngi diaqnozu qoyulur.

Qadınlara 40 yaşdan sonra müntəzəm olaraq mamografiya etdirmələri tövsiyə olunur. Lakin kişilər üçün rutin bir müayinə testi yoxdur.

Mütəxəssislər kişilərin döşdə bərklik, toxuma və ya forma dəyişikliyi, həmçinin döş giləsindən axıntı kimi hallarda həkimə müraciət etmələrini məsləhət görür.

Philip Anderson xəstəliyi erkən aşkar etdiyi üçün şanslı olduğuna inanır.

Şəklin mənbəyi, Phil Alderson

Şəklin alt yazısı, Philip Anderson xəstəliyi erkən aşkar etdiyi üçün şanslı olduğuna inanır.

Anderson kişilər arasında döş xərçənginin daha çox müzakirə olunmasının vacib olduğunu düşünür.

Onun fikrincə, bu kişilərin həkimə getməsini asanlaşdıracaq:

"Həkimə dərhal getmək stresi çox azaltdı. Xəstəliyi erkən aşkar etdiyim üçün şanslıyam, çünki bir çox həkim bundan əvvəl heç döş xərçəngi olan kişi pasiyent görməmişdi.

"Görməzlikdən gələ bilərdim və ya ailə həkimi bir neçə ay sonra yenidən gəlməyimi deyə bilərdi. Bunun həm kişilərin, həm də gənc qadınların başına gəldiyini bilirəm.

Ammа erkən diaqnoz əməliyyatla xilas olmaqla aqressiv kimyaterapiya almaq arasındakı fərqi müəyyən edə bilər".

Anderson qadınlarda döş müayinəsi yaşının aşağı salınması üçün imza kampaniyası da başladıb.

İngiltərədə qadınlarda döş xərçəngi müayinəsi 50 yaşdan başlayır.