İsrailin Cenin şəhərinə hücumu zamanı 9 fələstinli həlak olub

Şəklin mənbəyi, EPA
İsrail ordusu ölkənin işğalı altında olan İordan çayının qərb sahilindəki Cenin şəhərinə hücüm edib. "Hücum nəticəsində biri yaşlı qadın olmaqla, 9 fələstinli həyatını itirib". Bu haqda məlumatı Fələstin rəsmiləri açıqlayıb.
Fələstin səhiyyə naziri Mai al Kaila Cenindəki vəziyyətin "kritik" olduğu barədə xəbərdarlıq edib. O, çoxlu yaralı olduğunu və təcili yardımların yaralılara çata bilmədiyini söyləyib.
Nazir xəstəxanalardan birinin uşaq klinikasının da İsrailin atdığı gözyaşardıcı qazdan zərər çəkdiyini bildirib.
İsrail Ordusu baş verənləri "İslami Cihad təşkilatının hücum planlarının qarşısını almaq" tədbiri kimi müdafiə edib.
Ordudan verilən açıqlamada bildirilir ki, “İsrail əsgərləri döyüşçüləri həbs etməyə çalışarkən üç nəfər onlara atəş açmağa başlayıb və buna görə də öldürülüblər”:
"Bir nəfər isə təslim olub və həbs edilib".

Şəklin mənbəyi, Reuters
Açıqlamada qeyd olunur ki, "Təhlükəsizlik qüvvələri şübhəlilərin yerləşdiyi binanın ətrafını mühasirəyə almağa çalışıb. İki silahlı şübhəli qaçarkən aşkar edilib və zərərsizləşdirilib”. Məlumata görə, binada olan bir şübhəli təslim olub:
“Əsgərlər şübhəlilərin istifadə etdiyi partlayıcıları zərərsizləşdirmək üçün içəri keçiblər. Burada başqa bir silahlı şübhəli olub və o da öldürülüb”.
Ordunun məlumatında o da bildirilir ki, sözügedən döyüşçülər “İsrail mülki əhalisinə və əsgərlərinə qarşı böyük terror hücumlarının planlaşdırılması və icrasında iştirak ediblər".
Fələstin lideri Mahmud Abbasın sözçüsü Nabil Əbu Rudeynə İsrailin hücumunu "beynəlxalq sükut altında qətliam" kimi qiymətləndirib.
Bu susqunluq “işğalçı hökuməti dünyanın gözü qarşısında xalqımıza qarşı qırğınlar törətməyə sövq edir”, - deyə Rudeyne bildirib.
İsrailin İordan çayının qərb sahilində keçirdiyi reydlər nəticəsində ilin əvvəlindən bu yana aralarında mülki vətəndaşların da olduğu ən azı 29 nəfər həyatını itirib.
Keçən il bölgədə 150-dən çox fələstinli öldürülüb. Fələstinin İsrailə qarşı hücumları nəticəsində isə aralarında mülki vətəndaşlar, əsgərlər və polislərin də olduğu 30-dan çox insan həlak olub.







