Fazil Mustafa kimdir?

Fazil Mustafa

Şəklin mənbəyi, Azərtag

    • Müəllif, İzolda Ağayeva
    • Vəzifə, BBC Azərbaycanca

Bu həftə Milli Məclisin deputatı, 57 yaşlı Fazil Mustafanın evinin önündə silahlı hücuma məruz qalması cavabı hələ ki, məlum olmayan bir çox suallar yaratdı.

Bu hadisə ilə Azərbaycanın müstəqillik tarixi dövründə evinin önündə güllələnən tarixçi-deputat Ziya Bünyadov, deputat Afiyəddin Cəlilov, deputat Əli Ansuxski, jurnalist Elmar Hüseynov, general Rail Rzazadə kimi adların sırasına Fazil Mustafa da qoşulmuş oldu. Lakin onun bəxti gətirdi - adlarını sadaladıqlarımızdan fərqli olaraq, Fazil Mustafa ona dəyən güllələrin yarasından ölmədi.

Adlarını qeyd etdiyimiz, indi yaşamayan bu şəxslərə hücumları birləşdirən bir ümumi cəhət indiyədək bu cinayətlərin üstünün tam olaraq açılmaması barədə iddialardır. Fazil Mustafa ilə bağlı cinayətin üstünün açılıb-açılmayacağını indidən demək çətindir, ancaq hakimiyyət onu "terror aktı" kimi araşdırdığını deyib.

Bəs Fazil Mustafa kimdir? Niyə o, mübahisəli biri hesab olunur? Bu suallara cavab axtarmağa çalışmışıq.

AXCP-dən hakimiyyətyönlülüyə

Fazil Mustafa siyasət həyatının ilk illərində - 1991–1992-ci illərdə hələ 26 yaşında ikən AXC sədri Əbülfəz Elçibəyin müşaviri, 1992-ci ildə AXC Analitik Mərkəzinin rəhbəri, 1991-2001-ci illərdə AXCP sədrinin müavini olub.

2000-ci ildə Əbülfəz Elçibəyin vəfatından sonra Fazil Mustafa AXCP-nin parçalanan klassiklər qolunda təmsil olunmağa başladı. 2003-cü ildə isə hazırda sədri olduğu Böyük Quruluş Partiyasını (BQP) təsis etdi.

Elçibəyə xüsusi rəğbəti olan Fazil Mustafa onun adını oğluna da vermişdi. Lakin 2008-ci ildə baş verən bədbəxt hadisə nəticəsində o, 8 yaşlı oğlu Elçibəyi itirir. İndi bir qız və bir oğul atası olan Fazil Mustafa yarandığı gündən bu günə kimi BQP-yə sədrlik edir, 2020-ci ildə isə o, 4-cü dəfə deputat olub.

Fazil Mustafa 2008-ci ildə Prezidentliyə namizədliyini də irəli sürüb.

Ancaq Azərbaycanda demokratik düşərgə adlanan kəsim onu hakim partiyaya yaxın hesab edir, Prezidentliyə namizədliyini belə, demokratiya görüntüsü yaratmaq naminə hakimiyyətə dəstək məqsədli qərar sayır. Onun özü isə bu ittihamlarla qətiyyən razılaşmır.

Fazil Mustafa

Şəklin mənbəyi, Sosial media

Şəklin alt yazısı, Fazil Mustafa Əbülfəz Elçibəylə
WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

Təxminən bir ay əvvəl jurnalist Xədicə İsmayılın Toplum TV-dəki verilişində qonaq olan deputat partiya olaraq Parlamentdəki qanunların qəbuluna təsir edə bilmədiklərini etiraf edib:

“Parlamentdəyik, amma heç bir qərara təsir imkanımız yoxdur, biz sadəcə çıxışlarla, sözlərlə, hansısa arqumentlərlə nəyin isə yanlış olduğuna inandıra bilirik, amma səsvermədə bunun təsdiqini görmürük. Qanun çoxluğun iradəsiylə qəbul olunur, biz sadəcə qanunun əleyhinə səs verə bilirik”.

O, həmçinin özünün bir millət vəkili kimi "diqtə edən tərəfdə" olduğunu söyləyib.

"Hakimiyyəti tədricən inandırmağa çalışırıq ki, bəlli bir demokratikləşmə prinsiplərinə uyğun olaraq qanunların qəbul olunmasını həyata keçirsin. Mən bunun siyasət üzərindən edilməsini o qədər də effektiv saymıram. Hansısa siyasi dəyişikliklər oldu, hansısa qərarlar qəbul olundu. Bu, cəmiyyət həyatında arzuladığımız demokratiyaya gətirib çıxarmayacaq. Bu, iqtisadiyyat üzərindən həyata keçirilməlidir. ... Ölkədə inhisarçılıq və imtiyazçılıq ləğv olunmalıdır", o deyib.

Ad çəkərək tənqid

Fazil Mustafa ad çəkmədən etdiyi tənqidləri daha faydalı hesab edir, ancaq bir çox hallarda səsləndirdiyi tənqidlər zamanı o dövlət qurumlarının adlarını da çəkib.

"Mən İctimai TV-ni bir neçə dəfə tənqid etdim, bura ayrılan pullar və.s. Artıq 3 ildir ki, mən İctimai Tv-yə çıxmıram. Yəni, hər kəs özünün olduğu yerə öz bostanı kimi baxır”, o müsahibəsində deyib.

Deputat hesab edir ki, daxildəki problemlərə görə "geridə", "parlamentdən kənarda" durmaq doğru deyil.

"Yəni, biz ölkənin ümumi təhlükəsizliyi ilə bağlı prosesin yaxşıya doğru nəticələnməsi üçün bu sistemin, bu parlamentin, xoşumuza gəlməyən bu dolanbacların içində belə, olmalıyıq. Çünki bir şeylərin yaxşıya doğru dəyişməsi üçün üzərimizə götürdüyümüz missiya var", o Toplum TV-yə müsahibəsində deyib.

Tərtər işi

Fazil Mustafanın konkret qurumların adını çəkərək tənqid etdiyi məsələlərdən biri də Azərbaycanda son illərdə ən çox səs-küy yaratmış “Tərtər hadisələri”dir.

“Tərtər işi”ndə "vətənə xəyanət" etmiş əsgər və zabitlərin olduğunu dilə gətirən deputat hadisələr zamanı "çox sayda hərbiçinin də günahsız yerə həbs edildiyini və ya öldürüldüyünü vurğulayıb.

“Bir sıra məqamlarda istintaq və tədqiqat yanlış aparılıb. Ordu elə bir yerdir ki, orada bəzi şeyləri açıqlamaq onun nüfuzuna təsir edir. Yəni, bunu söyləmək mənəvi cəhətdən də çətindir. Amma bir insan taleyi ilə bağlı məsələlərdə hər şey söylənməlidir. Ona görə mən də bunu MM-də qaldırdım ki, bu, kimin nöqsanıdırsa, dövlətin üzərinə yıxılmasın. İstintaq orqanları, Hərbi Prokurorluq bu məsələdə cavab verməlidir. Hərbi Prokurorluq, çıx, cavab ver, bu adam niyə bəraət aldı? Məhkəmə bəraət veribsə, deməli, günahsızdır. Bəs niyə istintaqı belə aparmısınız? Müstəntiq savadsız olub, yoxsa, kim qərəzli olub? Bəlkə heç yuxarıdakının xəbəri olmayıb? Müstəntiqdirsə, 3 nəfər müstəntiqin adını verin. Və ya kimsə onları döyübsə, kiminsə razılığı olmadan, gedib, istintaq alıtında olan adamı döyə bilərmi? Qanunauyğundurmu belə bir şey?”, - Fazil Mustafa 2021-ci ilin aprel ayında Xural TV-yə müsahibəsində bildirib.

AZAL

Məruz qaldığı silahlı hücumdan öncə Fazil Mustafanın barmaq göstərərək tənqid etdiyi qurumlardan biri də Azərbaycan Hava Yolları şirkəti idi.

"Əhali əziyyət çəkir, zülm çəkir. Necə ola bilər İstanbula bir bilet 400 manatdan artıq olur? Halbuki normal standartlarda 100 manatı keçmir. Bir dəfəyə 300 manat artıq varlanmaq olar? İnsanları bu qədər əziyyətə salmağın adı nədir? Heç olmasa alternativləri verin ki, insanlar bundan bəhrələnə bilsinlər, yararlana bilsinlər. Ona görə də bu, sanki məqsədyönlü bir şəkildə edilir ki, AZAL-ın gəlirləri azalmasın. Bu da belə yanlış bir yanaşmadır. Ona görə də, məncə, bu məsələ çox ciddi müzakirə olunmalıdır və narahatçılıq doğuran ciddi məsələlərdən biridir", -deyə millət vəkili redaktor.az saytına bildirib.

Evinin önündə güllələnməsindən cəmi 2 gün əvvəl o, Facebook profilində öz ərazisində deputatlara video müsahibə üçün icazə vermədiyinə görə Bakı Bulvar İdarəsini də tənqid edib.

İran

Son dövrlərdə Fazil Mustafanın kəskin və açıq şəkildə tənqid hədəflərindən biri də İran olub. İki ay əvvəl Milli Məclisin yaz sessiyasındakı çıxışında deputat bildirmişdi:

“İranla bağlı məsələ aktual olduğuna görə, “Dini etiqad azadlığı haqqında” qanuna və “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terorrçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanuna yenidən baxmalıyıq və bu qanunda bir sıra müddəalara ciddi diqqət yetirməliyik. Dini qanunvericilikdə nəyə diqqət yetirmək lazımdır? Birinci, Azərbaycandan milyonlarla manat vəsait guya dini vergi-xüms vergisi adı ilə yığılıb, İrana göndərilir. İslamda belə bir vergi növü yoxdur. Bu, qanunda terrorun maliyyələşdirilməsi kimi əks olunmalıdır”.

Çıxışında daha sonra ziyarətgahlar mövzusuna toxunan millət vəkili “Azərbaycanda ələ alınan çox sayda agentura şəbəkəsinin əksəriyyətinin İranda Məşhədə, Quma, Kərbalaya ziyarətə gedənlərin içindən seçildiyini" vurğulayıb və bunların da içində, "xüsusi ilə də qadınların çox böyük bir şəbəkələşməsi" olduğunu qeyd edib. Bu səbəbdən də İrana edilən ziyarətlərin "tamamilə Azərbaycan dövlətinin nəzarəti altında gerçəkləşməli olduğunu" müdafiə edən deputat “bu qrupa daxil olan insanların riskli qrupda olan insanlar kimi xarakterizə olunmasının da qanunvericiliklə təmin edilməli olduğunu" vurğulayıb.

O, çıxışında Azərbaycandakı din adamlarının “İranda bir ayətullahı və ya ruhanini təqlid etdiyini və onlardan aldığı əmrləri, qərarları yerinə yetirdiyini" söyləyib. Deputat deyib ki, Azərbaycanda orduda polisdə və başqa yerlərdə işləyən insanlar öz dövlətinin qanunlarına yox, "İrandakı ruhani rəhbərindən aldıqları tələb və əmrlərinə tabe olmağa" çalışır.

“Biz bunu da qanunda açıq göstərməliyik ki, bu, başqa ölkədə olan siyasi terrorçularla müəyyən əməkdaşlıq kimi xarakterizə olunmalıdır. Biz xarici təshil, xüsusilə də İranda təhsil məsələsinə aydınlıq gətirməliyik və bunu müəyyən bir çərçivəyə salmalıyıq ki, hər hansı bir şəkildə, özbaşına, dövlətin nəzarətindən kənara gedilməsin. Sonra yaradılmış xüsusi təbliğat qrupları var, yas yerlərində, meyxanaçılar arasında və bunların hamısını biz dövlət nəzarətində, hansısa qanuni çərçivədə fəaliyyət göstərməliyik ki, onlar bu qədər tüğyan edə bilməsinlər. Düşünürəm ki, biz təcili bu sessiyada bu məsələlərə baxmalıyıq”, -deyə o, çıxışını yekunlaşdırıb.

Ötən il Pressklub Tv-yə verdiyi müsahibəsində də deputatun hədəfi İran olub. Azərbaycan həbsxanalardakı insanların 70 faizinin narkotikə görə tutulduğunu bildirən Fazil Mustafa həmin şəxslərə narkotikin "60 faizinin İrandan ötürüldüyünü" bildirib:

“Bilirsiniz də, orada pulsuz paylayırlar. Yəni, narkotiklə bir tərəfdən, saxta dini ideologiya ilə ikinci bir tərəfdən, üçüncü tərəfdən isə ayrı-ayrı adamları ələ almaqla məşğuldurlar. Eyni zamanda, Gürcüstanda, Borçalıda bütün məscidlərimizi ələ keçirdi, orada ayda 5-10 nəfər adamı Kərbəlaya, Quma ziyarətə göndərirlər. Orada da bu insanları öz təsirləri altına salırlar. Qumda nə qədər azərbaycanlı qadınlar qalıb, nə qədər cavanları aparıb, başına yüz cür oyunlar açıb, öz təsirləri altında saxlayıb, informasiya şəbəkələrini onların üzərlərində qurublar”, o deyib.

Sosial mediada Fazil Mustafa bu fikirlərinə görə alqışlanmaqla yanaşı, tənqid də olunub və bəziləri Azərbaycanda İrana olan rəğbətin bu ölkənin qurumları tərəfindən "satın alınmanın" nəticəsi olması barədə fikirləri rədd ediblər.

Deputat İranın Ermənistanı dəstəkləməsi məsələsinə də toxunub.

"Onsuz da insanların dininə bir sevgisi var. Bizim peyğəmbərə sevgimiz var, Ömərə də, Əliyə də, Hz.Hüseynə də, Hz.Ömərə də, hamısına sevgimiz var, onlar dinimizin bir obrazlarıdır. Azərbaycan insanın da, mənim də içimdə İmam Hüseyn sevgisi var. Amma necə olur ki, mənim içimdəki İmam Hüseyn yezidə qarşı vuruşurdu, sən İranın içindəki İmam Hüseyn yezidin yanındadır, erməninin yanındadır? Biz başqa ölkədən köçürülən din ixracının bu ölkədə boy atmasına imkan verməməliyik”,- deputat deyib.

Nurçuluq iddiası

2014-cü ildə Azərbaycan hökumətinin Fətullah Gülən camaatına məxsus nurçular təriqətinə qarşı kütləvi həbsləri başlanan zaman deputat Fazil Mustafanı da Gülən camaatının təmsilçisi olmaqda ittiham edənlər var idi. O, həmin vaxt bu ittihamlara “vəhabilik də, şiəlik də, ələvilik də, nurçuluq da, habelə təriqət və camaat kateqoriyasına aid edilə bilən hər hansı quruluş da islamın bütövlüyünü pozan təzahürlərdir və bu cinahlara yönələn insanlar islam qədər kamil bir əxlaq dininin mahiyyətinin təhrif olunmasına xidmət edirlər” cavabını vermişdi. O, eyni zamanda, həmin vaxt “Nursuzluq təhlükəsi” məqaləsi ilə Azərbaycanda Gülən cammatına məxsus təhsil ocaqlarının bağlanmasına etiraz etmişdi:

“Hakimiyyətdə təmsil olunan savadlı kadrlara, Milli Məclisdə öz aktivliyi ilə seçilən millət vəkillərinə, tanınmış ziyalılara təriqətçi damğası vuraraq bu təhlükənin əsassız olmadığını sübut etməyə çalışırlar. Son hədəf olaraq da illərdir Azərbaycan üçün ən zəki insan kapitalı yetişdirən məktəblər seçilmiş, onların sıradan çıxarılması üçün yarışa girməklə kifayətlənilməmiş, öz ölkəsinin təhsili üçün narahatçılıq keçirən insanların da müdafiəyə qoşulmaması üçün hər cür fişləməyə əl atmışlar”.

“Azərbaycanın təhsilinin daha da geriləməsində, bu fədakar pedaqoqlara, bu məktəblərin savadlı və dövlətinə, millətinə bağlı məzunlarına qarşı ədalətsiz ittihamların, böhtanların səsləndirilməsində rol aldığınıza görə, mütləq utanacaqsınız. Bundan sonrasına bu gözəl məmləkətimiz üçün tək bir təhlükə görürəm: Nursuzluq təhlükəsi” , -deputat yazmışdı.

Fazil Mustafa
Şəklin alt yazısı, Fazil Mustafanın güllələnməsindən sonra gətirildiyi xəstəxananın qarşısı

Fazil Mustafanın silahlı hücuma məruz qalmasından bir gün öncə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) xüsusi xidmət orqanı tərəfindən məxfi əməkdaşlığa cəlb olunmuş Azərbaycan vətəndaşlarının həbs edildiyi haqda video material yayıb.

Dövlət Təhlükəsizlik Xidmətinin yaydığı materialda xarici xüsusi xidmət orqanlarına işləməkdə təqsirləndirilən Azərbaycan vətəndaşları bildirir ki, onlara Azərbaycanda tanınmış dövlət xadimini izləmək tapşırılıb.

“Bizə həmin şəxsə bıçaq və ya odlu silahla xəsarət yetirmək tapşırılmışdı. Göz dağı vermək istəyirdik. Yəni, sırf öldü, qaldı, bir o qədər də önəmli deyil”, -DTX-nın video çəkilişində danışan təqsirləndirilən şəxslərdən biri deyir.

Baş verən hadisədən bir gün sonra Prezident İlham Əliyevin və vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Prezidentin köməkçisi Anar Ələkbərov xəstəxanada deputatı ziyarət edib.

Anar Ələkbərov millət vəkilinə onun tezliklə sağalması üçün Prezident İlham Əliyevin tibb personalı tərəfindən bütün zəruri tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlarını verdiyini bildirib.

“Xain terror aktını törətmiş şəxsin və ya şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunması istiqamətində təxirəsalınmaz əməliyyat-istintaq tədbirlərinin aparılması ilə bağlı Prezident İlham Əliyev tərəfindən hüquq-mühafizə orqanlarına göstəriş verilib”, -Azərtac yazır.

Ötən gün jurnalist Rauf Arifoğlu ilə telefon danışığında Fazil Mustada ona edilən hücumun İran tərəfindən təşkil olunduğunu ehtimal etdiyini bildirib:

“Təqribən versiya budur. Çünki mənim başqa bir şəxsi düşmanım yoxdur. Bu, terror idi, məni birbaşa hədəf almışdılar. Sadəcə olaraq, Allah yaşadanda, yaşadır”.

Millət vəkili telefon danışığında son olaraq dostlarına müraciətlə “Siz də bir az ehtiyatlı olun” deyib.