Şavkat Mirziyoyev üçüncü dəfə prezident oldu. Özbəkistan onun idarəçiliyi dövründə necə dəyişib

Məscid və dua edən qadın

Şəklin mənbəyi, Getty Images

    • Müəllif, Aysımbat Tokoyeva
    • Vəzifə, BBC

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, gözlənildiyi kimi, müvəffəqiyyətlə üçüncü müddətə seçildi. Daha əvvəl isə qabaqcadan konstitusiyada dəyişiklik edilərək onun əvvəlki iki prezidentlik müddəti ləğv edilib.

Yeddi il bundan əvvəl Mirziyoyevlə bağlı böyük ümidlər bəslənirdi ki, o, repressiv avtokratiyanı daha açıq müasir dövlətə çevirər. Özbəkistanın iqtisadi vəziyyəti həqiqətən də bir qədər yaxşılaşıb, lakin gözlənilən demokratik dəyişiklik baş verməyib.

İlkin məlumatlara görə, Şavkat Mirziyoyev səslərin 87,05 faizini qazanıb və erkən prezident seçkilərində qalib gəlib, Mərkəzi Seçki Komitəsinin (MSK) rəhbəri Zayniddin Nizamxocayev bildirib.

İkinci yerdə 4,43 faizlə - senator Robaxon Mahmudova, üçüncü yerdə 4,02 faizlə - parlamentin aşağı palatası sözçüsünün müavini Uluqbek İnoyatovdur. Dördüncü yerdə isə son iki ildə Ekologiya və Ətraf Mühitin Mühafizəsi Dövlət Komitəsinə başçılıq edən Abduşükür Xamzayevdir.

MSK-nın məlumatına görə, seçkilərdə seçicilərin 79,8 faizi, yaxud 15,6 milyon nəfər iştirak edib.

2023-cü ilin aprel ayında özbəkistanlılar digər dəyişikliklər sırasında, Şavkat Mirziyoyevin iki prezidentlik müddətinin sıfırlanmasını nəzərdə tutan konstitusiya dəyişikliklərinə səs veriblər. Bundan sonra o, legitim olaraq daha iki yeddiillik müddətə seçilmək – yəni 2040-cı ilədək hakimiyyətdə qalmaq - imkanını əldə edib.

“Bu, ən mənasız seçkidir. O, özbəklərin toy hazırlıqları ilə məşğul olduğu elə bir qaynar mövsümdə keçirilir ki, heç kəsin gözündə deyil”, - deyə politoloq Rafael Sattarov fəaliyyətdə olan Prezidentə cəmiyyətə az tanış olan siyasətçilərin rəqabət təşkil etdiyini qeyd edərək, bu seçkiləri “böyük siyasi manipulyasiya və Mirziyoyevin ailəvi idarəetməsinin təsbit edilməsi” adlandırıb.

Politoloq Rafael Səttarov son prezident seçkilərini “Mirziyoyev ailəsi hökumətinin böyük siyasi manipulyasiyası və rəsmiləşdirilməsi” adlandıraraq onun cəmiyyətə tanış olmayan siyasətçilərlə yarışdığına toxunub: ““Bu, ən mənasız seçkidir. O, özbəklərin toy hazırlıqları ilə məşğul olduğu elə bir qaynar mövsümdə keçirilir ki, heç kəsin gözündə deyil”.

Mirziyoyevin “yeni Özbəkistanı”

Müşahidəçilərin bir çoxu, mərhum İslam Kərimovun avtoritar rejiminin daha demokratik quruluşa keçəcəyinə ümid edərək Mirziyoyevin prezidentliyinin başlanğıcını “mülayimləşmə” adlandırırdı.

Özbəkistanın ikinci Prezidenti həqiqətən də KİV-ə nəzarəti zəiflədib, bazar iqtisadiyyatı islahatlarını keçirib, məcburi əmək üzərinə qadağa qoyub.

Bundan başqa, Mirziyoyevin prezidentliyi zamanı, Kərimovun dövründə başlanmış və on illərlə davam edən - Qazaxıstanla sərhədin demarkasiyası və Qırğızıstanla sərhədin delimitasiyası müvəffəqiyyətlə başa çatdırılıb.

Özbək qadınları milli qeyimlərdə

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Özbəkistan ölkəyə xarici jurnalistləri dəvət edərək turizmi inkişaf etdirməyə çalışır
WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

Özbəkistan iqtisadiyyatı stabil artmaqda davam edir (Dünya Bankının məlumatına görə, 2022-ci ildə - 5,7 faiz təşkil edib), iqtisadçılar fərdi investisiya axınının davam edəcəyini gözləyirlər.

2019-cu ildə Daşkənddə IT-park açılıb, 2022-ci ilin aprelində isə rusiyalıların Özbəkistana kütləvi mühacirəti fonunda, Özbəkistan sərmayədarları, şirkət təsisçiləri və informasiya texnologiyası sahəsi işçiləri üçün xüsusi IT-vizalar təqdim edilməyə başlayıb.

Prezident əldə edilmiş nailiyyətlərin inkişaf etdirilməsini planlaşdırır. Onun seçki kampaniyasının şüarı belədir: “Yeni Özbəkistanı biz xalqımızla birlikdə tikəcəyik”. Mirziyoyev, həmçinin seçicilərə Özbəkistanın ÜDM-ni ikiqat artırmağı və yoxsulluq həddini ikiqat endirməyi vəd edib.

Ancaq Economist Intelligence Unit (EIU) Britaniya analitika şirkətinin qeyd etdiyinə görə, Özbəkistanın - iqtisadiyyatın struktur qüsurları, korrupsiya və dövlətin iqtisadiyyata həddən artıq müdaxiləsi – problemləri hələ də qalır. Həyat səviyyəsinə Ukraynadakı müharibənin təkan verdiyi inflyasiya da təsir edir - 2022-ci ildə bu göstərici son üç ildə ən yüksək 12,25 faiz təşkil edib.

Mirziyoyevin prezidentliyinə ən güclü təhdid Özbəkistanın tərkibindəki Qaraqalpaq muxtariyyətində 2022-ci il iyunun sonunda baş vermiş etirazlar olub. Buna regionu öz müstəqilliyi üçün səs vermək hüququndan məhrum edən konstitusiya dəyişiklikləri səbəb olub. Etirazların yatırılması nəticəsində azı 21 adam həlak olub, lakin hakimiyyət də mübahisəli düzəlişlərdən imtina etməyə məcbur qalıb.

“Neofeodal sistemi”

Mirziyoyevin komandasının xaricdə Özbəkistanın imicini yaxşılaşdırmaq cəhdlərinə baxmayaraq, ölkə qeyri-azad hesab olunur. Özbəkistan demokratiya indeksi reytinqində (EİU) 167 sıradan 149-cu yeri tutur.

Politoloq Rafael Sattarov hesab edir ki, nəticədə Prezident ümidləri doğrultmayıb: “O [Mirziyoyev], eləcə fasadı yeniləyib. Lakin elita da eynidir, iş metodları da Kərimov zamanındakından heç fərqlənmir”.

Sattarov Özbəkistanda təşəkkül tapmış quruluşu “neofeodal” adlandırır: “Belə olan halda cəmiyyətdə bərabərsizlik artır. Sülalə sistemi var. Mirziyoyevin zamanında cəmiyyətin açılışı baş vermədi, demokratiyaya doğru addımlar atılmadı. Kərimovun vaxtında, bizdə oliqarx olmayacaq deyirdilərsə, indi oliqarxlaşma gedir, məmurların özləri oliqarx olublar”.

Mirziyoyev

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Şavkat Mirziyoyev artıq 7 ildir ki, Özbəkistana rəhbərlik edir, ondan əvvəl 13 il Baş nazir olub

Politoloq qeyd edir ki, ölkədə sosial lift yoxdur. “Deyirlər ki, gənc kadrlar peyda olub [dövlət strukturlarında], lakin baxanda görürük ki, bunlar məmurların öz övladlarıdır.

Bu məmurların hərəsinin, təəssüf ki, iki-üç ailəsi var. Məmurların nəvələrini də işə düzəltmək lazımdır. Buna görə sistem demokratizasiya tərəfinə deyil, neofeodal oliqarxizasiya tərəfinə hərəkət edir. Rejim [Mirziyoyevin] – oliqarxiya quruluşudur”.

Tənqidə görə cinayət işi

Müəyyən “mülayimləşmə”yə baxmayaraq, Mirziyoyevin prezidentliyi zamanı KİV üzərinə təzyiqlər davam edib, lakin indi kütləvi şəkildə bloqerləri də təqib etməyə başlayıblar. Bu il Özbəkistan “Sərhədsiz reportyorlar” təşkilatının mətbuat azadlığı reytinqindəki 180 yerdən 137-ci yeri tutub. Əvvəlki illə müqayisədə ölkə dörd pillə aşağı düşüb. Kərimovun vəfat etdiyi il, 2016-cı ildə, Özbəkistan 166-cı pillədə olub.

“Sərhədsiz reportyorlar” qeyd edir ki, Özbəkistanda əvvəlki kimi, özəl televiziya şirkətləri yoxdur, ölkədə isə cəmi 15 keyfiyyətli online nəşr var, onların bir hissəsi isə xaricdən işləyir.

“Hakimiyyət KİV-ə və bir sıra hökumətə sıx bağlı olan bloqçuya əhəmiyyətli dərəcədə nəzarət edir”, - təşkilatın hesabatında deyilir.

Müxalif bloqçular Özbəkistanda hücumlara məruz qalır və cinayət məsuliyyətinə cəlb olunurlar. 2023-cü ilin fevralında daşkəndli bloqçu Abdukodir Muminov şantajla 80 min dollar tələb etməkdə şübhəli bilinərək saxlanılıb. Bundan altı ay əvvəl Prezident Şavkat Mirziyoyevi tənqid edən video dərc olunduqdan sonra Muminov naməlum şəxslər tərəfindən döyülmüşdü. Bloqçu ölkədə böyük həcmdə metan defisiti fonunda Prezidenti istefa verməyə çağırıbmış.

Söz azadlığı baxımından Mirziyoyevin rəhbərliyi dövrü Kərimovun zamanından daha yaxşıdır, lakin KİV və bloqerlərin üzərinə təzyiqlər davam edir

Şəklin mənbəyi, Getty Images

Digər bir Mirziyoyevin ünvanına tənqidləri və homoseksuallığa görə cinayət cəzasını ləğv etmək tələbi ilə tanınmış daşkəndli bloqçu Mirəziz Bazarov böhtan atmaqda ittihamı olunub və üç il müddətinə şərti həbs cəzasına məhkum olunub.

Yerli sakinlərin problemlərini işıqlandıran və hakimiyyəti tənqid edən Surxandarya vilayətindən olan bloqçu Otabek Sattoriyi isə şantajla pul tələb etmək və böhtan atmaqda ittiham olunub və 2021-ci ilin mayında məhkəmə onu 6,5 il müddətinə həbs edib.

Hər ikisinin də vəkilləri cinayət işlərinin siyasi xarakter daşıdığını bildirirlər.

Kərimovun vaxtında necə olub?

Mərhum İslam Kərimov 27 ildən artıq Özbəkistana başçılıq edib. 1989-cu ildə o, Özbəkistan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin rəhbəri olub, 1991-ci ildə Sovet İttifaqı dağıldıqdan sonra isə yenidən ölkə prezidenti vəzifəsinə seçilib.

Kərimov ölkədə avtoritar rejim yaradıb və daima fikir müxtəlifliyini boğub. “Memorial” Beynəlxalq Hüquq Müdafiə Cəmiyyətinin məlumatlarına görə, Kərimovun dövründə Özbəkistanda siyasi məhbusların sayı bütün keçmiş sovet ölkələrindən xeyli artıq olub.

Müasir Özbəkistan tarixində ən qanlı hadisələrdən biri 2005-ci il mayında Əndicanda dinc etirazçıların güllələnməsi olub.

Rəsmi məlumatlara görə, etirazın yatırılması nəticəsində 187 nəfər həlak olmuş, qeyri-rəsmi mənbələrə görə isə qurbanların sayı qat-qat artıq imiş. Həmin vaxt rəsmi iddialara görə, etiraz iştirakçıları Əndicanda yerli hakimiyyəti devirərək islam xilafəti yaratmaq istəyiblər. Əndican hadisələrindən dərhal sonra onlarla beynəlxalq təşkilatı nümayəndələri və xarici jurnalist Özbəkistandan qovulub.

Kərimovun vaxtında Özbəkistan ən yoxsul keçmiş sovet respublikalarından biri olub. 2016-cı ildə Honkonq Ticarət İnkişafı Şurası Özbəkistanı Mərkəzi Asiyanın ən böyük inkişaf etməmiş bazarı adlandırıb.

Kərimovun idarəçiliyi 2016-cı ilin sentyabrında bitib: Özbəkistanın ilk prezidenti insult nəticəsində ölüb. Onu əvəz etmiş Şavkat Mirziyoyev həmin vaxtadək 13 il idi ki, ölkənin Baş naziri vəzifəsini tuturdu.