Rusiyada Telegram-ın tam bloklanacağı bildirilir

Şəklin mənbəyi, Ricardo Rubio/Europa Press via Getty Images
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Rusiya hakimiyyəti Telegram messencerinin işini "yavaşlatmaq üzrə işə başlamaq" qərarı verib.
Bu barədə RBK saytı informasiya texnologiyaları sənayesində və müvafiq dövlət qurumlarında olan mənbələrə istinadla məlumat yayıb.
Ekspertlərin fikrincə, bu addım messencerin tam bloklanması ilə nəticələnə bilər.
RBK mənbələrinin bildirdiyinə görə, Roskomnadzor Telegram-ın fəaliyyətini məhdudlaşdırmağa artıq 10 fevraldan başlayıb.
Roskomnadzor bu məlumatları şərh edərkən bildirib ki, qurum messencerə qarşı "ardıcıl məhdudiyyətlər" tətbiq etməyə davam edəcək, çünki Telegram "hələ də Rusiya qanunvericiliyini yerinə yetirmir".
"Rusiya Telegram-a girişi məhdudlaşdırmaqla vətəndaşlarını dövlətin nəzarət etdiyi, izləmə və siyasi senzura üçün yaradılmış tətbiqə keçməyə məcbur etməyə çalışır", - deyə Telegram-ın qurucusu Pavel Durov baş verənləri belə şərh edib.
O, nümunə kimi İranı göstərib.
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Durovun sözlərinə görə, orada tətbiq artıq səkkiz il əvvəl bloklanıb, lakin "iranlıların əksəriyyəti hələ də Telegram-dan istifadə edir (senzuranı aşaraq) və dinlənilən tətbiqlər əvəzinə onu üstün tutur".
"Vətəndaşların azadlıqlarını məhdudlaşdırmaq heç vaxt düzgün cavab olmayıb", -deyə Durov əlavə edib.
Roskomnadzor Telegram-ın işinə mane olmağa ötən ilin yayından başlayıb.
Rəsmi olaraq, qurum Telegram-a məhdudiyyət tətbiq etməyə 13 avqust 2025-ci ildə başladığını açıqlayıb.
Həmin vaxt Roskomnadzor Rusiyada WhatsApp-da da "zənglərin qismən məhdudlaşdırılması" üçün tədbirlər görüldüyünü bildirmişdi.
Qurumun izahına görə, bu messencerlər guya "aldatma və pul tələb etmə (şantaj) üçün istifadə olunan, eləcə də Rusiya vətəndaşlarını diversiya və terror fəaliyyətinə cəlb etməkdə əsas səsli servisə çevrilib".
Rusiya hakimiyyəti həmçinin addımlarını bununla əsaslandırır ki, Telegram və WhatsApp "İT şirkətlərinin ölkədə yerləşdirilməsi" haqqında qanunu yerinə yetirmir, yəni istifadəçi məlumatlarını Rusiyada saxlamırlar.
Ekspertlər qeyd edirlər ki, bu yolla hakimiyyət böyük ehtimalla Rusiya sakinlərini Max messencerinə keçməyə məcbur edir.
Hökumət iyul ayında bu tətbiqi "milli messencer" elan edib.
Ötən ilin avqustunda Runetdə bloklamaları izləyən "Na svyazi" layihəsi Telegram-ın işində Rusiyanın 89 regionundan azı 25-də nasazlıqlar qeydə alıb.
Bununla yanaşı, istifadəçilər bundan bir həftə əvvəl artıq kütləvi şəkildə şikayət etməyə başlamışdılar: onlar səsli zəng edə bilmirdilər, bəzən isə hətta mətn mesajı göndərmək də mümkün olmurdu.
Messencerin işləməsi ilə bağlı ilk şikayətlər hələ iyunun sonu - iyulun əvvəlində daxil olmağa başlamışdı.
Bəzi analitiklər bunu tətbiqin mümkün "sınaq bloklamaları" ilə izah edirdilər. Kreml daxilində yaxın gələcəkdə bloklama məsələsinin müzakirə olunduğunu "Kommersant" qəzeti hələ 2024-cü ilin dekabrında mənbələrə istinadla yazmışdı.
Messencerin mətbuat xidməti 2025-ci ilin yayında BBC Rusca xidmətinə bildirmişdi ki, tətbiq normal işləyir və "istifadəçilərin qarşılaşdığı hər hansı bağlantı problemi Telegram-ın texniki nasazlığının nəticəsi deyil".
Bloklamaların növbəti böyük artımı 2025-ci ilin oktyabrında baş verib, "Sboy.rf" xidmətinin məlumatlarına görə isə Telegram-ın bloklanmasının son dalğası 8 fevraldan başlayıb.
Niyə indi söhbət tam bloklamadan gedə bilər - bunu jurnalist Andrey Zaxarov izah edir*
Avqust ayında Roskomnadzor Rusiyada WhatsApp və Telegram messencerinin işinə məhdudiyyətlərin tətbiq olunduğunu rəsmi şəkildə bəyan etdi.
Daha sonra WhatsApp-a qarşı məhdudiyyətlər sərtləşdirildi və zənglər məhdudlaşdırılmağa başladı.
Sadə dillə desək, "ağır" paketlər işləməməyə başladı - zənglər həmin paketlərə daxildir.
Daha sonra məhdudiyyətlər WhatsApp-da mesajlara da şamil olundu, yəni daha "yüngül" paketlərə də toxunuldu və nəticədə messencer faktiki olaraq, tam bloklanma səviyyəsinə çatdırıldı.
Telegram isə o mərhələdə qalmışdı ki, orada yalnız daha "ağır" paketlər keçmirdi. Hələ bir ay əvvəl insanlar şikayət edirdilər ki, böyük videolar yüklənmir.
Zəng və ya video texniki baxımdan "təhdidlərə qarşı mübarizə vasitələri" üçün demək olar ki, eyni şeydir - buraxılmayan böyük paketdir.
Hazırda isə Rusiyada Telegram-da hətta kiçik fotolar belə çətinliklə göndərilir. Yəni şərti olaraq desək, yalnız çox-çox kiçik nəsə buraxılır. Bəzi istifadəçilər isə şikayət edir ki, hətta mesajlar belə çatmır. Bu, artıq tam bloklamadır.
Bu baxımdan, Roskomnadzor-un "bloklamağa başlayacağı" demək düzgün deyil, çünki qurum Telegram üçün məhdudiyyətləri rəsmi olaraq avqustdan tətbiq etməyə başlamışdı. İndi isə o, məhdudiyyətləri gücləndirir və bunu tam bloklama səviyyəsinə çatdırır - zənglərdən tutmuş mesajlara qədər.



























