You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
İranda general Qasım Süleymaninin anım mərasiminə bombalı hücumu "İslam Dövləti" öz üzərinə götürüb
İslam Dövləti qruplaşması İranda general Qasım Süleymaninin anım mərasimində baş vermiş bombalı hücumu öz üzərinə götürüb.
İranın cənubunda yerləşən Kirman vilayətində çərşənbə baş vermiş hücumda 84 nəfər ölüb və azı 211 nəfər xəsarət alıb, yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.
Ölənlərin dəfn mərasimi "intiqam, qisas" şüarları ilə müşayiət olunub, BBC-nin Farsca xidməti yazır.
İran bundan əvvəl bəyan etmişdi ki, hücumun arxasında İsrail və ABŞ dayanıb.
İslam Dövləti bu bəyanatı Telegram kanalında yayıb.
Gruplaşma daha sonra özünün Amaq nəşrində hücuma məsul olduğu bildirilən iki maskalı kişi şəkli paylaşıb.
İslam Dövləti hücumçuların adlarının "Ömər əl-Müvahhid" və "Seyfulla əl-Mücahid" olduğunu bildirib. Bu adlar bu şəxslərin iranlı və ya xarici olduqlarını aydınlaşdırmağı çətinləşdirir.
İslam Dövləti son illərdə İranda mülkiləri və təhlükəsizlik qüvvələrini hədəf alan hücumlar gerçəkləşdirib.
İslam Dövləti İraqda yaraqlıları qruplaşmaya qarşı vuruşmuş general Süleymaninin ölümünü məmnuniyyətlə qarşlamışdı.
Çərşənbə günü İran ölü sayının 103 olduğunu açıqlasa da, İranın səhiyyə naziri bu gün açıqlayıb ki, rəqəmin çox göstərilməsinə səbəb "bəzi adların təsadüfən iki dəfə qeydiyyata alınması" olub.
Nə baş verib?
Çərşənbə günü iranlı general Qasım Süleymaninin qətlə yetirilməsinin dördüncü ilində təşkil olunmuş anım mərasiminə bombalı hücum olub.
Partlayış genralın türbəsi yaxınlığında törədilib. Partlayış nəticəsində türbəyə zərər dəymədiyi bildirilir.
İran dövlət televiziyası İrib bildirib ki, ikinci partlayış da Kirman şəhərində, Gülzar Şahadai-yə gedən yolda Sahib əl-Zaman məscidi yaxınlığında, birincidən təxminən bir kilometr məsafədə baş verib.
İranın daxili işlər naziri Əhməd Vahid açıqlayıb ki, adamların çoxu ikinci partlayışda ölüb və ya xəsarət alıb. O bildirib ki, hücumun arxasında kimin durduğunu araşdırmaq üçün təhqiqat başladılıb.
Kirman qubernatorunun müavini hadisələri "terror aktı" adlandırıb.
İranın ali dini lideri Ayətullah Əli Xamenei bildirib ki, bu "terror hücumu"na "sərt cavab" veriləcək.
Bəzi görüntülərdə yerdə bədənlər var və Təcili Yardım maşınlarının hadisə yerinə tələsdiyi bildirilir.
İranın Qızıl Aypara Cəmiyyəti çərşənbə günü açıqlayıb ki, birinci partlayış yerinə yardıma göndərilən və ikinci partlayış nəticəsində azı bir tibb işçisi ölüb.
Partlayışı kimi törətdiyi bəlli deyil və heç bir qruplaşma indiyədək bununla bağlı açıqlama verməyib, BBC News yazır.
Lakin ərəb separatçıları, İslam Dövləti (İD) və digər bəzi sünni cihadçı qruplar İranın təhlükəsizlik qüvvələrinə qarşı və şiə ziyarətgahlarına son illərdə "ölümcül hücumlar" həyata keçirdiklərini açıqlayıblar.
İnternetdə partlayışların törədildiyi yerdən videolar yayılıb.
BBC Farsca xəbər verir ki, Kirman meri Səid Şerbaf partlayışların 10 dəqiqə ara ilə baş verdiyini deyib.
"Biz qəbiristanlıq istiqamətində addımlayarkən qəfildən arxada bir maşın saxladı və içində zibil yeşiyinin içinə yerləşdirilmiş bomba partladı", - İranın İsna agentliyi bir şahidin dediklərini yazıb.
"Biz sadəcə partlayışın səsini eşitdik və insanların yıxıldığını gördük", - o əlavə edib.
İran "sərt cavab" vəd edib
Çərşənbə günü axşam saatlarında İranın ali dini lideri Ayətullah Əli Xamenei bəyanat yayaraq, həlak olanların ailələrinə başsağlığı verib.
"İran xalqının şər və cinayətkar düşmənləri Kirmanda daha bir fəlakət törədərək çox sayda əziz insanı şəhid etdi. İstər əllərini günahsızların qanına bulayanlar, istərsə də bu vəhşətə səbəb olan korrupsionerlər dərhal sərt təzyiq və və ədalətli cəza ilə üzləşəcəklər”, - o vurğulayıb.
İran dini lideri açıqlamasında həmçinin bu fəlakətin qarşılığında "sərt cavab" vəd edib.
İran Prezidenti İbrahim Rəisi isə hücumu İrana nifrət edən kriminallar və terrorun və qara qüvvələrin əlaltıları tərəfindən həyata keçirilmiş "qorxaq hərəkət"i adlandırıb.
"Tasnim"-in məlumatına görə, bombalar iki çantaya yerləşdirilib və uzaqdan işə salınıb.
Rəsmilər dərhal partlayışın baş verdiyi ərazidə olan şəxslərdən mərasim yerini tez bir zamanda tərk etməyi xahiş ediblər.
Qızıl Aypara Cəmiyyətinin baş direktoru mərasimdə izdiham yaşandığını bildirib.
Qasım Süleymani 2020-ci il yanvarın 3-də Bağdadda Amerika pilotsuz təyyarəsinin hücumu nəticəsində öldürülüb.
Bu gün yüzlərlə şəxs General Süleymaninin anım mərasimi üçün onun türbəsinə doğru yürüş edib.
Süleymaninin 2020-ci ildə qətlinə fərmanı o zamankı ABŞ Prezidenti Donald Trump vermişdi. O, Süleymanini dünyanın "bir nömrəli terrorçusu" adlandırmışdı.
General Süleymani Ali lider Ayətulla Əli Xameneyidən sonra İranda ən güclü fiqur hesab olunurdu.
Çərşənbə günü baş vermis “ekiz partlayış”ın İranın dəstəklədiyi fələstinli Həmas liderinin müavininin İsrail PUA-sının zərbəsi ilə Livanda öldürülməsindən sonra bölgədə gərginliyin artması fonunda baş verdiyi bildirilir.
Qasım Süleymani İnqilab Keşikçiləri ordusunun xarici əməliyyatlar qolu olan Qüds Qüvvələrinə nəzarət edirdi.
Süleymani bu qüvvələr vasitəsilə müttəfiq hökumət və silahlı qrupların, o cümlədən Həmas və Hizbullahın maliyyəsi, silahlar, kəşfiyyat və logistik təminatına məsul şəxs idi.
Ətraflı burada oxuyun: Qasım Süleymani kim idi?