Ermənistanın Qafqazda Silikon Vadisi yaratmaq istəyi

- Müəllif, Rayhan Demytrie
- Vəzifə, BBC-nin Cənubi Qafqaz müxbiri
- Məkan, Yerevan
Ermənistanda informatika təhsili erkən başlayır.
Ermənistanın paytaxtı Yerevan şəhərinin ətrafında yerləşən bir qəsəbədə tipik üçmərtəbəli dövlət məktəbində oxuyan doqquz yaşlı Slavik öz ixtirasını - üç LED işığı olan qutunu nümayiş etdirir.
"Slavik onu idarə etməyi öyrənib və proqramlaşdırma dilini mənimsəyib. Kodlaşmanı Slavik özü edib, istəsəniz, baxa da bilərsiniz", - sinifə rəhbərlik edən 21 yaşlı informatika təlimçisi Maria deyir.
Onların yanında dayanan 14 yaşlı Eric və Narek isə mobil tətbiq vasitəsilə temperaturu izləyən və ventilyatorları avtomatik idarə edən ağıllı istixana modelini göstərirlər.
Digər uşaqlar da həvəslə öz ixtiralarını nümayiş etdirirlər: oyunlar, robotlar, mobil tətbiqlər və ağıllı ev layihələri.
On bir yaşlı Arakel yığıla bilən paltar ipi olan evin karton maketini əlində tutub.
"Anamın işini asanlaşdırmışam, cihazın bir hissəsi dama birləşdirilib, bir hissəsi isə motordur", - o deyir. - Yağış yağanda ip damın altına girir və paltarlar quru qalır".
Bu gənc ixtiraçılar proqramlaşdırma, robottexnika, kodlaşdırma, 3D modelləşdirmə və daha çox şeyləri öyrədən mühəndislik təlim-dərslərində iştirak edirlər.
Proqram 2014-cü ildə başlayıb və "kök" mənası bildirən Armath adlanır. Bu gün Ermənistan məktəblərində 650 Armath laboratoriyası fəaliyyət göstərir.
Təşəbbüs 200-dən çox yüksək texnologiyalı erməni şirkətini təmsil edən Qabaqcıl Texnologiya Müəssisələri İttifaqı (UATE) adlı işgüzar təşkilat tərəfindən təsis edilib.
"Məqsədimiz, Ermənistanın həm Ermənistana, həm də dünyaya ən yüksək dəyərləri çatdıran texnoloji güc mərkəzinə çevrilməsini görməkdir", - UATE-nin icraçı direktoru Sarkis Karapetyan deyir.
Yerevanda geniş ofisdə işləyən cənab Karapetyan Ermənistanda hazırda 4000-ə yaxın texnoloji şirkət olduğunu söyləyir.

Şəklin mənbəyi, Getty Images
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Armath UATE-nin təhsil və işçi qüvvəsinin inkişafı proqramının bir hissəsidir.
Cənab Karapetyan proqramın ölkədəki ən uğurlu dövlət-özəl tərəfdaşlığı olduğunu deyir.
"Biz özəl sektordan kapital xərclərini artırırıq, məktəblərə gedirik və Armath laboratoriyaları yaradırıq, avadanlıqlar bağışlayırıq, - o deyir. - Hökumət və təhsil nazirliyi isə məşqçilərin maaşlarını ödəmək üçün bizə hər il 2 milyon dollar büdcə ayırır".
Hazırda tədrisdə 600-dən çox müəllim və 17 000 fəal tələbə işitrak edir.
"Hər il 5000 ən istedadlı uşağın mühəndisliyi seçməsinə nail olmaq istəyirik", - cənab Karapetyan deyir.
2,7 milyon əhalisi olan Ermənistan Cənubi Qafqazın dənizə çıxışı olmayan ən kiçik ölkəsidir. Onun qonşu Azərbaycanla ərazi mübahisələrinə görə onilliklərdir ki, Azərbaycan və onun müttəfiqi Türkiyə ilə sərhədləri bağlıdır.
Qonşularından fərqli olaraq, Ermənistanın təbii sərvətləri və dənizə çıxışı yoxdur. Lakin Sovet dövründə riyaziyyat və informatika mərkəzi olub.
1956-cı ildə Ermənistanda Yerəvan Riyazi Maşınlar Elmi-Tədqiqat İnstitutu yaradılıb və 1960-cı ilə qədər iki birinci nəsil kompüter hazırlanıb.
Bu gün ölkə özünü Qafqazın texnoloji güc mərkəzinə çevirmək arzusu ilə bu mirasa istinad edir.
Və artıq müəyyən uğurlar əldə olunub. 2011-ci ildə Ermənistanda süni intellektlə işləyən foto və video redaktə saytı və tətbiq proqramı olan Picsart istifadəyə verilib. Yerəvan və Mayamidə ikili baş qərargahı olan eyniadlı şirkətin dəyəri bu gün 1,5 milyard dollar təşkil edir.
Digər uğurulu erməni məhsullarına səs emalı proqramları hazırlayan Krisp və biznes proqram təminatıçısı Service Titan daxildir.

Şəklin mənbəyi, Getty Images
Ermənistanın texnoloji inkişafına təkan verən ən vacib amil ölkənin qlobal diasporudur – erməni əsilli insanlar da daxil olmaqla ermənilərin təxminən 75 faizi başqa yerlərdə yaşayır.
Bu böyük miqyaslı icma xüsusilə ABŞ texnologiya sənayesi ilə mühüm əlaqələri təmin edir. ABŞ-da yaşayan 1,6 milyon erməni əsilli insan, əsasən, Kaliforniyada məskunlaşıb.
Samvel Khachikyan həm Kaliforniyada, həm də Ermənistanda yerləşən və texnoloji sərmayələrə diqqət yetirən təşəbbüs kapitalı şirkəti SmartGate-də proqramlar direktorudur.
O deyir ki, ABŞ-ın ən yaxşı 500 şirkətinə baxsanız, idarə heyəti və ya bir az aşağı idarəedici vəzifələrdə "ən azı bir və ya iki erməni tapa bilərsiniz".
Cənab Khachikyan onun şirkətinin erməni sahibkarlara ABŞ-da iş qurmağa necə kömək etdiyini izah edir.
"Bir erməni startapı təsəvvür edin, bu startapı quran 2 gənc düşünün və onlar fəaliyyət göstərmək üçün ABŞ-a getməyə qərar verirlər. Onların isə ABŞ-la heç bir əlaqəsi, oradakı iş mədəniyyəti haqqında heç bir məlumatı yoxdur.
"Onlar üçün vəziyyət çox çətin olacaq. Biz isə onlara kömək edirik, bu, raketin göyə buraxılması kimi bir şeydir, ilk bir neçə saniyə ən çətini olur".
SmartGate erməni təsisçilərini ABŞ-ın aparıcı şirkətləri və investorları ilə işləmək üçün Silikon Vadisi və Los-Angeles-ə yönləndirir.
Amma bir çox erməni startapları ilk olaraq məhsullarını öz bazarlarında sınaqdan keçirirlər.
İrina Ghazaryan Dr Yan adlı proqramın yaradıcısıdır və bu proqram ermənilərə həkimlərlə görüşlərini asanlıqla təşkil etmək imkanı verərək səhiyyə xidmətinə çıxışı sadələşdirir.
O, əvvəllər məhsul və veb dizaynı ilə məşğul olub. İrina həkim ailəsindən gəldiyinə görə bu sektordakı boşluğu sezə bilib. "Xəstələr lazımi həkimləri tapa bilmirdilər, həkimlər isə arası kəsilməyən zənglərdən əziyyət çəkirdilər".
Tətbiq abunə modelində işləyir, həkimlər platformada siyahıya düşmək üçün pul ödəyirlər. Proqramın genişləndirilməsi planları da mövcuddur.
"Biz hər ay gəlirimizi ən azı 25 faiz artırırıq", - o əlavə edir.
"Bizim Ermənistanda, demək olar ki, işimiz çox yaxşı gedir və bu bizə Özbəkistan kimi digər bazarlara açıla bilmək üçün güc verir".

Ermənistanın texnologiya ekosistemi 2022-ci ildə Rusiyanın Ukraynaya təcavüzündən sonra gözlənilməz təkan alıb.
Minlərlə rusiyalı texnologiya mütəxəssisi öz ölkələrini tərk edib və bir çoxu Ermənistanda məskunlaşmağa üstünlük verib.
Eyni zamanda, ABŞ-ın çip istehsalçısı nəhəngi Nvidia Rusiya ofisini Ermənistana köçürüb.
Vasili 2023-cü ildə Ermənistana köçmüş rusiyalı İT məsləhətçisidir. "Ermənistan Rusiyadan gələn insanların köçmək, uyğunlaşmaq və bu kimi proseslərdə yaxından kömək olan ən uyğun dost ölkə idi", - o deyir.
Onun hesablamalarına görə, hazırda Ermənistanda yaşayan Rusiya İT icmasının ümumi sayı 5-8 mindir.
Bu axının Ermənistanın texnologiya sektorunun məlumatların emalı, kibertəhlükəsizlik və maliyyə texnologiyaları kimi sahələrində mühüm boşluqları doldurduğu bildirilir.
Bununla belə, Vasili deyir ki, Ermənistan bahalıdır və dövlət İT şirkətlərinin ölkədə fəaliyyətinin davam etməsini istəyirsə, onların vergi yükünü azaltmalıdır.
Bununla belə, Ermənistanın texnoloji gələcəyi ilə bağlı ümumi nikbinlik yüksək olaraq qalır.
Samvel Khachikyan sektorun yüksəlişini gözləyir. O, ötən ilin dekabrında New-York Fond Birjasında üzən və dəyəri hazırda 10 milyard dollar ilə ölçülən Service Titan-ı misal çəkir.







