AXCP sədri Əli Kərimlinin həbs olunduğu bildirilir

Əli Kərimli

Şəklin mənbəyi, Ali Karimli/Facebook

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin həbs olunduğu bildirilir.

Bakının Səbael rayon məhkəməsində onun barəsində 2 ay 13 gün müddətinə həbs qətimkan tədbiri seçilib, yerli media yazıb.

Əli Kərimlinin hakimiyyəti "zorla ələ keçirməkdə" ittiham olunduğu bildirilir.

Hakimiyyətə yaxın yerli media yazıb ki, Əli Kərimliyə Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.

Onun Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlandığı bildirilir.

BBC Azərbaycanca Əli Kərimlinin vəkili ilə əlaqə saxlaya bilməyiblər. Əli Kərimlidən başqa, partiyanın funksioneri Məmməd İbrahimin də saxlandığı deyilir.

AXCP yerli mediada səslənən ittihamları "bohtan" adlandırıb və Əli Kərimlinin saxlanmasını onun siyasi fəaliyyəti ilə əlaqələndirib.

Dövlət Təhlükəsizliyi Xidməti ona istinadən yayılan məlumatlarla bağlı münasibət bildirməyib.

Noyabrın 29-da bəzi AXCP üzvləri də saxlanmışdılar, sonradan onların bəziləri sərbəst buraxılıb, yaxınları sosial media hesablarında yazıblar.

Cəmin Həsənli: "DTX-da məni Ramiz Mehdiyevin işi ilə bağlı dindirib ifadə aldılar"

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

Milli Şura sədri Cəmil Həsənli öz Facebook səhifəsində DTX-da istintaqa ifadə verdiyini bildirib.

"DTX-da məni Ramiz Mehdiyevin işi ilə bağlı dindirib ifadə aldılar. Mən də izah etdim ki, bu ölkədə Ramiz Mehdiyev vəzifədə olanda onun əleyhinə məndən çox yazan olmayıb", - o, paylaşdığı məlumatda bildirib.

Cəmil Həsənlinin sözlərinə görə, ondan Ziyalılar Forumu, Milli Şura, Rusiyada Milyarderlər İttifaqı, 2013-cü ilin prezident seçkiləri, prezident seçkilərinə namizəd göstərilməyim və sair məsələlərlə bağlı da soruşulub.

"Mən də müvafiq qaydada cavablar verdim, dəqiqləşmələr apardım. Tez-tez Ziyalı Forumu və Milli Şuranın haradan maliyyələşməsi ilə maraqlanırdılar. Mən də bildirdim ki, maliyyə olub ki, haradan maliyyələşmə də olsun", - o qeyd edib.

Cəmil Həsənli yazıb ki, o, noyabrın 30-da həyat yoldaşı ilə birgə Dubaya uçmaq üçün aeroporta gəlib, amma ona Sərhəd xidmətindən bildiriblər ki, ölkədən çıxışı məhdudlaşdırılıb.

O, hakimiyyətə yaxın mediada səslənən ittihamları rədd edir. Bildirir ki, AXCP-ni Rusiya ilə bağlamaq "bağlamaq göydə günəşi danmaq kimi bir şeydir".

"Biz və təmsil olunduğumuz təşkilatların elə əsas hədəfi Rusiyaya qarşı mübarizə, rus asılılığından qurtarmaq olub", - o bildirib.

Hakimiyyətə yaxın mediada iddia olunur ki, Əli Kərimli və bəzi müxalif şəxslər Prezident Adminstrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevlə birgə ölkədə hakimiyyət dəyişikliyi etməyi planlaşdırıb.

Gültəkin Hacıbəyli: "Güman ki, deportasiya olunacam"

Hakimiyyətə müxalif Milli Şura üzvü Gültəkin Hacıbəyli Türkiyədən "qanunsuz şəkildə" Azərbaycana deportasiya oluna biləcəyini bildirib.

Öz Facebook hesabında o yazıb ki, noyabrın 29-da Türkiyədə polisə aparılıb və ona deportasiya ediləcəyi deyilib.

Gültəkin Hacıbəyli bildirib ki, onun vəkili təcili qaydada Avropa Məhkəməsinə müraciət edib.

Onun sözlərinə görə, noyabrın 20-dan bəri İstanbulda Arnavutköy Geri Göndərmə Mərkəzində saxlanılır.

Gültəkin Hacıbəyli noyabrın 29-da İstanbulda polisə aparıldığını bildirib.

"Heç bir səbəb yoxdur, Türkiyəyə 25 sentyabrda gəlmişəm, 3 aylıq müddətim bitməyib, üstəlik iki illik oturma iznim var. Azərbaycan hökumətinin sifarişi ilə çox güman ki, Türkiyədən deportasiya olunacağam" – bu barədə o, Facebook hesabında yazıb.

Milli Şurada Koordinasiya Mərkəzinin üzvü olan Gültəkin Hacıbəyli 2000 və 2005-ci illərdə iki dəfə Milli Məclisin 2-ci və 3-cü çağırışının deputat olub.

Şənbə günü nə baş verib?

AXCP-ÇİLƏRİ SAXLAYIBLAR AXCP-çilər saxlanılıb
AXCP-çilərin Ramiz Mehdiyevin işi ilə bağlı saxlanıldığı deyilir

Şəklin mənbəyi, BBC collaj

Şəklin alt yazısı, Yuxarıdan soldan-sağa: Məmməd İbrahim, Əli Kərimli, Fariz Əlizadə Aşağıdan soldan-sağa: Ruslan Əmirov, Saleh Rüstəmli, Faiq Əmirli

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli, partiyanın rəyasət heyətinin üzvü Məmməd İbrahim, partiya üzvləri Faiq Əmirli, Fariz Əlizadə, Saleh Rüstəmli və Kərimlinin mühafizəçisi Ruslan Əmirov saxlanılıblar, yaxınları bildirib.

Əli Kərimli və Məmməd İbrahimin də evində axtarış aparıldığı bildirilib, AXCP-dən BBC-yə deyiblər.

AXCP Əli Kərimlinin və digər partiya üzvlərinin saxlanmasıyla bağlı yaydığı bəyanatından partiya liderinin həbsini "sırf siyasi motivli" adlandırıb.

AXCP rəyasət heyətinin üzvü Məmməd İbrahimin oğlu Turan İbrahim "Facebook" hesabında əvvəlcə atası ilə əlaqə saxlaya bilmədiyini, daha sonra isə onun saxlandığı barədə məlumat yayıb:

"13 nəfər evdə axtarış aparıb, Məmməd İbrahimi götürüb aparıblar. Telefonunu və kompüterini götürüblər".

Faiq Əmirlinin yaxınları bildirib ki, onu yas yerindən qayıdarkən yolda saxlayıb, aparıblar. "Üç saatdır aparıblar, hələ ki, bir xəbər yoxdur", - yaxınları BBC-yə deyib.

AXCP Sabunçu rayon şöbəsinin sədri Fariz Əlizadə isə dünən, noyabrın 28-də səhər saatlarında evindən çıxıb, ondan xəbər yoxdur. Partiyadan onun həbs olunduğunu düşünürlər.

Bir qədər əvvəl Sezgin Rüstəmov atası Saleh Rüstəmlinin də Gədəbəydə saxlanılaraq, aparıldığı açıqlayıb.

Müxalifət üzvlərinin həbs səbəbilə bağlı rəsmi açıqlama yoxdur.

Yerli media yazıb ki, axtarışlar DTX-da aparılan araşdırma çərçivəsində həyata keçirilib - APA agentliyi bildirib.

"Bu tədbirlər Ramiz Mehdiyevin DTX-da istintaq olunan cinayət işi ilə əlaqədardır", - agentlik yazır. Lakin bu məlumatı müstəqil mənbələrdən təsdiqləmək mümkün olmayıb.

"Bugünkü saxlanılma hakimiyyətin Azərbaycanda son müstəqil siyasi qüvvəni aradan qaldırmaq və xalqın demokratiya və azadlıq uğrunda mübarizəsini tamamilə boğmaq cəhdi olaraq qiymətləndirilməlidir", - partiya bəyan edib.

AXCP bəyanatında Əli Kərimlinin, Məmməd İbrahimin və partiyanın başa saxlanılan üzvlərinin dərhal azad olunmasını, müxalifət üzvlərinə və tərəfdarlarına qarşı təqiblərə son qoyulmasını, saxlanılanlara hüquqi müdafiəyə çıxışın təmin edilməsini və onların təhlükəsizliyinə zəmanət verilməsini tələb edir.

Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur, yerli media yazıb.

Oktyabrın 14-də Azərbaycanın hökumətə yaxın mediaları yazıb ki, Ramiz Mehdiyevə qarşı dövlət çevrilişinə cəhd, dövlətə xəyanət və çirkli pulların yuyulması ittihamları irəli sürülüb.

Xəbərlərdə qərarın Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən verildiyi bildirilir, lakin BBC bu məlumatı məhkəmədən dəqiqləşdirə bilməyib.

2019-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri vəzifəsindən azad edilib.

Video açılmasa, Youtube kanalımızda izləyə bilərsiniz.