Azərbaycanda istilər: günvurma ilə bağlı tövsiyələr

Bakı, yay, isti hava

İyulun 12-də Bakıda hava gecə 22-24° isti, gündüz 35-37° isti olacaq.

Milli Hidrometeorologiya Xidməti bildirib ki, Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Şimal-qərb küləyi arabir güclənsə də, günün ikinci yarısında zəifləyəcək.

Hərçənd ki, şimal-qərb küləyi ilə əlaqədar olaraq Abşeron çimərliklərinə gedən əhaliyə ehtiyatlı olmaq tövsiyə olunub

Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 25-26° isti, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda 26-27° isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclənməsi gözlənilir.

Havanın temperaturu gecə 22-27° isti, gündüz 35-39°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 8-13° isti, gündüz 25-29° isti olacaq.

Ötən ay Səhiyyə Nazirliyi Şıx, Sahil, Hövsan, Türkan, Pirşağı və Sumqayıt çimərliklərində dəniz suyunun çirkli olmasına görə, onları qadağan edilən çimərliklər siyahısına salıb.

Alimlərə görə, isti havalarda susuzluq, həddən artıq isinmə, yorğunluq və yuxusuzluq kimi hallara səbəb olar. İsti halarda yaxşı yuxu almaqla bağlı məsləhətləri bu linkdə oxuyun.

Bakı, yay, isti hava

İsti havada günvurma - tövsiyələr

Tibbi Ərazi Bölmələrinin İctimai Birliyi (TƏBİB) xəbərdarlıq edib ki, yay mövsümü başlayandan 16 nəfər günvurma ilə bağlı təcili tibbi yardıma müraciət edib, onlardan 13-ü xəstəxanalara aparılıb.

TƏBİB günvurma zamanı ilkin tibbi yardım olaraq aşağıdakıları tövsiyə edib:

  • zərərçəkəni kölgəyə və ya sərin otağa aparmaq, onu sıxan paltarları çıxarmaq, yarıoturaq vəziyyətdə uzatmaq
  • zərərçəkənə soyuq su vermək, üzünü və sinəsini soyuq su ilə silmək.
  • zərərçəkənin başının, boynunun yan tərəflərinə, qoltuqaltı və qasıq nahiyələrinə (iri damarlar keçən yerlər) buz və ya bu mümkün olmadıqda soyuq su ilə kompres etmək
  • və ilkin tibbi yardımdan sonra dərhal təcili tibbi yardım çağırmaq və ya zərərçəkəni yaxınlıqda olan tibb müəssisəsinə çatdırmaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi bildirib ki, iyulun 11-dən 15-dək Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturunun 33-38°, bəzi yerlərdə 40°-dək yüksələcəyi gözlənilir.

Bəzi rayonlarda isə havanın maksimal temperaturunun 34-39°, bəzi yerlərdə 42°, dağlarda 25-30°-dək yüksələcəyi gözlənilir.