Adıyamandakı otelin dağıntıları arasından Şimali Kiprdən olan voleybol komandasının 16 heyət üzvünün cansız bədəni çıxarılıb
Hatice Kamer
BBC Türkcə müxbiri

Şimali Kiprin Baş Nazirliyi Adıyamanda Atatürk Bulvarındakı İsias otelinin dağıntıları altından Şimali Kiprdən olan voleybol komandasının heyətində olan ümumi 16 nəfərin cansız bədəninin çıxarıldığını açıqlayıb.
Gazimağusa Türk Maarif Kollecinin qız və oğlanlardan ibarət voleybol komandalarının 39 üzvünün qaldığı yeddi mərtəbəli otel zəlzələ zamanı dağılıb.
Şimali Kiprdən olanlardan dörd nəfəri dağıntılar altından özləri çıxıb.
Şimali Kipr Baş Nazirliyinin açıqlamasında, "İsias Otelinin dağıntılarında aparılan axtarış-xilasetmə əməliyyatları zamanı KKTC qrupunda olan daha 4 uşağın cəsədlərinə çatdıq. Bununla KKTC vətəndaşlarının Adıyamanda olan itkilərinin sayı 16-ya yüksəldi" yazılıb.
Ötən gün Pamir Konuklu və İbrahim Yakula adlı müəllimlərin meyitlərinin çıxarıldığını deyən baş nazirlik, bu gün də dağıntıların altından bir tələbənin də cansız bədəninin çıxarıldığını bildirib. Şimali Kipr mediası həmin tələbənin Doruk Akın olduğunu yazıb.
Şimali Kipr voleybol komandasının 4 üzvü zəlzələdən dərhal sonra özləri dağıntılar arasından çıxmağı bacarıblar.
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Gazimağusadan gələn tələbələrin ailələri və qohumları övladlarının olduğu dağıntıların ətrafında gözləyirlər.
Şimali Kiprdən olan bir xilasetmə qurupu dağıntı olan ərazidə işləyir. Zəlzələ xəbəri adaya çatan kimi ailə və xilasedicilərdən ibarət 170 nəfərlik bir qrup bura gəlib.
Şimali Kiprin orta təhsil üzrə baş direktoru Cengiz Topel Uzun “tələbələrimizi ailələrinə təhvil verənədək buradayıq” deyir.
Dağıntıların yanında gözləyən bir ana “bu binalara baxın, bu cür tikintiyə necə icazə verilib, bəs yoxlamayıblar?” - deyərək ağlayıb etiraz edir.
Sedat Kılıç da dağıntılar altında qalan qardaşı oğlu Havin üçün buradadır. Voleybolçu olan Havin Adıyamana atası ilə gəlibmiş.
Atası otelin uçan binasından ətrafdakıların köməyi ilə çıxarılıb.
Voleybol komandasının ən kiçik üzvü olan 12 yaşlı Nehiri isə xalası Berfin gözləyir.
Adıyamanda yaşayan Berfin zəlzələ gününədək Nehirin onunla qaldığını, zəlzələ günü isə ona dostları ilə qalmaq üçün otelə getməyə icazə verdiklərini deyir.
Otelin dağıntıları arasından öz səyləri nəticəsində iki nəfəri də xilas ediblər.
Lakin nə Nehirə, nə də digər uşaqlara çata bildik”, - Berfin deyib.

Esra müəllimə də otelin birinci mərtəbəsində bir otaqda qalırdı. O da ilk gecə dağıntılar altından sağ çıxarılanlardan biridir.
Üzündə zəlzələdən qalan yaralar var, həmin gündən bəri gözünə yuxu getmir. Bir çox tələbələri ilə yanaşı qızı Kumsal da hələ dağıntılar altındadır...
Kiprdən gələn qrup dağıntı yerində fasiləsiz işləyir, lakin soyuq hava və keçən hər dəqiqə onların əleyhinə işləyir.
Nevşehirdən gələn turist qrupu da 7 mərtəbəli oteldə qalırdı.
Bir oğlanın tapılan cansız bədəni dağıntıların ətrafında gözləyən birini həyəcanlandırır: “Görəsən, qardaşımın oğludur? Qolunda bir döyməsi var” deyərək ümid içində soruşur.
Meyiti çıxaran xilasedicilərdən biri “Mən çıxartdım, ancaq sağ qolunu görə bildim, döymə yox idi” deyə cavab verir.
Şimali Kiprdə dərc olunan Yenidüzen qəzetinin yazdığına görə, Şimali Kipr Türk Cumhuriyyətinin Gaziantepdəki baş konsulu Fatma Demirel tunel açma üzrə mütəxəssis olan 30 nəfərlik qrupun Adıyamandakı otelin dağıntı ərazisində axtarışa qoşulacağını açıqlayıb.










